Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1182/2022 13.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu-satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı işləmişdir. İş stajlarını Zaqatala rayon Dövlət Arxivindən 253 nömrəli xx.xx.2019-cu il tarixli Arxiv arayışı ilə təsdiq edir. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək iddia tələbində qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5392/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən İddiaçı əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 7 il 2 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 il 2 ay sığorta stajına uyğun olaraq 5.178,05 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 23.040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim edilən Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arayışında İddiaçı Zaqatala rayonu “Dağıstan” adına kolxozda və Əlibayramlı kökəltmə birliyində işlədiyi dövrlər əmək kitabçasının surətində əks olunmadığına görə sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Əlavə olaraq bildrilir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda imtina cavabında göstərilənləri bildirmiş və qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmışdır. Mərkəzi filial tərəfindən xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə cavab verilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışlarında qeyd edilən 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün, həmçinin iddiaçının 1993-cü ildə işdən çıxma əmri idarənin əmr kitablarında aşkar edilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Yaşa görə sosial müavinətin təyin olunduğu xx.xx.2020-ci il tarixə iddiaçının 61 yaş 8 ayı artıq tamam olmuşdur. (xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında qadınlar üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 61 il 6 ay olmuşdur) Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış “Nikahın bağlanması haqqında” xx.xx.1984-cü il tarixli 14 nömrəli akt qeydindən görünür ki, X1 ilə X5 arasında nikah bağlanmış, Yasənəm Muradova “Süleymanova” soyadını qəbul etmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışından görünür ki, “Dağıstan” kolxozunun şəxsi hesab kitabları yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı: 1975-ci ildə 187 adam günü (norma 220 adam günü) – 10 ay 10 gün; 1976-cı ildə 270 adam günü (norma 220 adam günü) – tam il; 1977-ci ildə 168 adam günü (norma 200 adam günü) – 10 ay 7 gün olmaqla cəmi 2 il 8 ay 17 gün işləmiş və əmək haqqı almışdır. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 52 nömrəli məktubuna əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayış qismində təqdim olunmuş 350 nömrəli Sərəncamda qeyd olunur ki, X3 kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilsin (əsas: rayfakın xx.xx.1978-ci il tarixli 1063 nömrəli məktubu). Arxiv arayışında həmçinin qeyd olunur ki, vətəndaşın işdən çıxma əmri həmin idarənin əmr kitablarında aşkar edilməmişdir. Lakin əmək haqqı kitablarında 1993-cü ilin dekabr ayı da daxil olmaqla vətəndaşın əmək haqqı alması barədə qeydiyyat vardır (əsas: əmək haqqı kitabı 1993-cü il). Əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Dağıstan” kolxozunda 1975-1977-ci illərdə kolxozçu, 1978-1993-cü illərdə (xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hesablanmaqla 15 il 5 ay 17 gün) Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işləmişdir. xx.xx.1978-ci il tarixli 350 nömrəli sərəncamın təsdiq olunmuş surətində qeyd olunur ki, Muradova Yasəmən müvəqqəti olaraq Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 83 nömrəli məktubuna əlavə olunmuş əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Əlibayramlı kökəltmə birliyində işlədiyi müddətdə əmək haqqı ödənilmişdir. İddiaçıya məxsus ******* nömrəliəmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək (6 il), həmçinin xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək (1 il 2 ay 24 gün) “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işləmişdir (cəmi 7 il 2 ay 24 gün). Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında qadınlar üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 61 il 6 ay olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasını tələb etdiyi xx.xx.2020-ci il tarixə artıq qadınlar üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı “Dağıstan” kolxozunda işlədiyi 2 il 8 ay 17 gün + Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işlədiyi 15 il 5 ay 17 gün + “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi 7 il 2 ay 24 gün birlikdə hesablanmaqla = cəmi 25 il 4 ay 28 gün iş stajına malikdir. Cavabdeh tərəfindən isə arxiv arayışlarında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1737/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021 tarixli qərarının 37-ci bəndində eyni mövqedən çıxış edərək göstərmişdir ki, “Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).” Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1182/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1182/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver