Məhkəmə qərarları › İş №2-1(116)-1182/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1182/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1182/2023 30.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X15 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X15 tərəfindən özünə məxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət fərdi yaşayış evi üzərində mərhum X5 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təssərrüfatbaşı kitabında adları qeyd olunan digər şəxslərlə birlikdə ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1182/2023 nömrəli qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X15 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1182/2023 nömrəli qərardadı ilə iddia tələbinin “Ucar rayonu Qarabörk kəndində mərhum X9 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X15 tərəfindən özünəməxsus olan torpaq sahəsində 2 otaq və 1 eyvandan ibarət hazırda iddiaçının yaşadığı fərdi yaşayış evi inşa olunmuşdur. Təxminən 5 il öncədən başlayaraq, həmin evə bitişik 3 otaq, hamam, ayaqyolu, həyətdə isə hamam və ayaqyolu inşa olunmuş, həyətyanı sahə isə hər tərəfdən dəmir hasarla bağlanılmışdır. Ölkə ərazisində torpaq islahatı aparılan zaman iddiaçıya məlum olmayan səbəblərdən həmin torpaq sahəsi islahatdan əvvəl xarici ölkə vətəndaşı olan qardaşı X6 adına işlənilmişdir. Həmin torpaq sahəsinin tək qardaşının adına verilməsi mərhum atasının və həmin təsərrüfatda olan iddiaçının və digər şəxslərin mülkiyyət hüququnu pozmaqla yanaşı, mərhum atası tərəfindən inşa olunmuş fərdi yaşayış evinin qardaşının adına qanunsuz olaraq, sənədləşdirilməsinə əsas yaradır. Bu isə özlüyündə qanun pozuntusudur. Belə ki, həmin fərdi yaşayış evi inşa olunarkən, qardaşı azyaşlı uşaq olmuşdur. Məlum məsələdir ki, azyaşlı uşaq fərdi yaşayış evi inşa edə bilməz. Təsərrüfatbaşına kitabdan çıxarış əsasında Ucar rayonu Qarabörk kəndində yerləşən və hazırda yaşadığı fərdi yaşayış evi üzərində mərhum atası X5, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində isə təsərrüfatbaşı kitablardan çıxarışa uyğun olaraq, ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada huquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, huquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 10.1 -cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı atasının adı ünvanı şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. İddiaçının mərhum atası X9 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Ucar rayon Aqrar islahat Komissiyasının qərarı əsasında başqa şəxsə JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Bu səbəbdən də müraciətinizin icrası mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsi üzərinə Şəki İnzibati Məhkəməsinin 15(116)- 6/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən həbs qoyulmuşdur. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - cavabdeh orqanın imtinası əsaslı və qanunidir. Belə ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi, Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha həyətyanı təyinatlı torpaq sahəsi 07 avqust 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnaməyə əsasən üçüncü şəxs X6 mülkiyyətindədir. X6 həmin torpaq sahəsinə mülkiyyət hüququ Ucar rayonu Aqrar islahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən verilmişdir. Nə torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnamə, nə də Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı mübahisələndirilməmişdir və qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.3-cü bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, hüquqlarını təmsil etdiyim şəxsin, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə mülkiyyət hüququ 07 avqust 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-212A nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı təsərrüfatbaşına kitabdan çıxarışa əsasən özünün və təsərrüfatda qeydiyyatda olan digər şəxslərin ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin verdiyi cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında yalnız Elnur Mirzəyevin adı göstərilmişdir. 16 iyul 1996-cı il tarixdə qüvvəyə minmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Məhkəmənin sorğusu ilə Ucar rayon Dövlət arxivindən alınmış 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabda iddiaçının qeydiyyatı yoxdur. Göründüyü kimi torpaq islahatı aparılarkən iddiaçı mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yaşamamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evində 1996-cı ildən yaşayır, həmin torpaq sahəsi görə qardaşı ilə aralarında şifahi danışıqlar olmuş, qardaşı torpaq sahəsində yaşamayacağını bildirmişdir. Ona görə də ötən müddət ərzində mübahisə açmamışdır. Sənədlərin mövcudluğundan bir neçə ilə əvvəl məlumatı olmuşdur. Belə ki, torpaq sahəsinə dair tərtib edilmiş Şəhadətnamə həmişədən evdə olmuş, sənədlərin içərisindən tapmışdır. İddiaçını vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - AZ-İİ 307687 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 05 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd İnzibati ərazi dairəsinə aid 1991-1995-ci illərə dair 2 №-li Təsərrüfatbaşına kitabda 172 №-li şəxsi hesab üzrə (vərəq № 88) 923-cü il təvəllüdlü X15 təsərrüfat başçısı olaraq qeyd edilmişdir. Mülkiyyətdə ümumi sahəsi 99 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan ev, istifadəsində olan torpaq 0,25 hektardır. - JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X4 1,5 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçı Ucar rayon Qarabörk kəndində mərhum atası X9 məxsus evdə qeydiyatdadır və yaşayır. O, doğulduğu tarixdən 1995-ci il tarixədək atası evində yaşadıqdan sonra Bakı şəhərinə ərə getmiş, 1996-cı il tarixdə yenidən atası evinə qayıdaraq hal-hazırki günədək mərhum atasına məxsus evdə yaşayır. Atasına məxsus evdə yenidənqurma işləri aparmışdır. İddiaçı mərhum atası X15 tərəfindən Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə inşa edilmiş fərdi yaşayış evi var. X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək həmin Qarabörk kəndindəki fərdi yaşayış evində yaşamışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 527/2023 nömrəli məktubuna əlavə olunmuş Ucar rayonunun Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, X2 adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” və “həyətyanı torpaq sahəsi” qrafasında 0,25 ha, zəbt olunan torpaq sahəsi 1.25, mülkiyyətçiyə verilən torpaq sahəsi 1.50 ha qeyd olunmuşdur. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 32 nömrəli məktubuna əlavə olunmuş 172 şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X15 qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada iddiaçı tərəfindən göstərilən, iddia olunan ərazi elektron bazada təqdim olunan kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən 1,50 ha torpaq sahəsinə verilən JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə eyni ərazidə yerləşir. Lakin JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı tərəfindən naturada göstərilən 1,50 ha torpaq sahəsi arasında konfiqurasiya və bucaq fərqləri mövcuddur. JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahələr uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi kimi göstərilmişdir. Baxış zamanı iddiaçı tərəfindən göstərilən fərdi yaşayış evinin yerdən hündürlüyü 4 metr olmaqla JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş 1,50 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 25 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu, İcra Hakimiyyəti Başçısının Qarabörk kənd İnzibati ərazi dairəsinə aid 1996-2000-ci illərə dair 3 №-li Təsərrüfatbaşına kitabda 208 №-li şəxsi hesab üzrə (vərəq № 23) aşağıdakı qaydada qeydlər var:

1. X15- təsərrüfat başçısı, 1923-cü il təvəllüdlü. xx.xx.2000-ci ildə vəfat edib.

2. X7- arvadı, xx.xx.1956-cı il təvəllüdlü, xx.xx.2000-ci ildə qeydiyyatdan çıxıb.

3. X11- oğlu, xx.xx.1968-ci il təvəllüdlü. 1998-ci ildə vəfat edib.

4. X12- oğlu, xx.xx.1965-ci il təvəllüdlü.

5. X16- oğlu, xx.xx.1971-ci il təvəllüdlü.

6. X8- gəlini, xx.xx.1964-cü il təvəllüdlü.

7. X3- nəvəsi, xx.xx.1989-cu il təvəllüdlü. Mülkiyyətdə tikintinin ümumi (yararlı) sahəsi 94 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr xüsusi mülkiyyətində, istifadəsində olan torpaq 0,25 hektardır.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ucar rayonu Qarabörk kəndində yerləşən 2 otaq və 1 eyvandan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Sözügedən 99 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 1960-cı illərdə inşa edilməsi iş materialları ilə sübut olunur. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, iddia olunan fərdi yaşayış evinə dair təsərrüfatbaşına kitablarda 1923-cü il təvəllüdlü X15 təsərrüfat başçısı olaraq qeyd edilmişdir. Belə olan halda cavabdeh orqan, iddia olunan tikili 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə aid olduğundan təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun mərhum Rza Mirzəyevə məxsus olması barədə arayışı tərtib etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Göründüyü kimi iddia olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mərhum Rza Mirzəyevə məxsus olması barədə kifayət qədər əsaslı sübutlar olmasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtna etmişdir. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X15 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar