Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1183/2021 15.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, JN seriyalı 2174 H nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-558/2019 nömrəli inzibati iş üzrə 04.06.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə JN seriyalı 2174 H nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir Qərarla razılaşmayan cavabdeh onran apellyasiya şikayəti verərək, ləğv edilib iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-469/2019 nömrəli iş üzrə 10.09.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan çıxarış icra edilməsi üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli məktubu ilə cavabdehə göndərilmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə 11.08.2020-ci il tarixli 1183 nömrəli ərizə ilə müraciət edərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin iş üzrə 10.12.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin ərizəsi təmin edilməmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyət tərəfindən qərardaddan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-120/2021 nömrəli iş üzrə 19.02.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan Mingəçevir Şəhər İcra Hakimiyyət tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 915/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Ali Məhkəmənin icraatında olduğu müddətdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi 08.04.2021-ci il tarixli **********21 nömrəli yeni açılmış hallara dair ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək məhkəmənin 2-1(84)-558-2019 nömrəli iş üzrə icraatın təzələnməsinə və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 15.04.2021-ci il tarixli məktubu ilə cavabdehə bildirilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Odur ki, ərizəyə Ali Məhkəmə tərəfindən işə baxılıb məhkəməyə qaytarıldıqdan sonra hüquqi qiymət veriləcəkdir. İnzibati iş apellyasiya və kassasiya qaydasında baxıldıqdan sonra geri qaytarılmış, 11.06.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-558/2019 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilmiş. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23.07.2004cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2174H saylı kod 90200002 nömrəli şəhadətnamə işlənib hazırlanmışdır. Həmin şəhadətnamə 1745 nömrə ilə kitabda qeydiyyata alınmışdır. İddiaçı sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü sənədinin və çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə rəsmi qaydada müraciət etmiş, lakin sonuncu 25.01.2019-cu il tarixli **********12 nömrəli məktubla, elektron xəritə bazasında həmin torpaq sahəsi öz əksini tapmadığından, 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının mümkün olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, imtina tam qanunsuzdur. Cavabdehin 25.01.2019-cu il tarixli **********12 nömrəli imtina məktubunda göstərilmişdir ki, müraciətlə əlaqədar ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmış və təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğu yoxlanılmışdır. Məlum olmuşdur ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-2174H saylı torpaq sahəsi mövcud deyil və elektron adlı siyahıda iddiaçının adı qeyd edilməmişdir. Mingəçevir şəhərinin torpaq şadətnamələrinin qeydiyyat kitabında iddiaçının adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Mingəçevir şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25.01.2019-cu il tarixli **********36 nömrəli məktubu ilə iddiaçıya eyni məzmunlu cavab verilmiş və əlavə olaraq göstərilmişdir ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-2174H saylı torpaq sahəsi mövcud deyil və elektron adlı siyahıda iddiaçının adı qeyd edilməmişdir. Mingəçevir şəhərinin torpaq şənadətnamələrinin qeydiyyat kitabında iddiaçının adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. İşdə olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.05.2019-cu il tarixli **********59 nömrəli məktubunda göstərilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 22.07.2004-cü il tarixli 293 nömrəli qərarının və Mingəçevir şəhəri ərazisindən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından İddiaçı aid hissədən çıxarışın təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.04.2019-cu il tarixli 2-1(84)-558/2019 nömrəli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz ömiakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində saxlanılan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 22.07.2004-cü il tarixli 293 nömrəli qərarının surəti məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan "xxxx" MMC-nin arxivlərində Mingəçevir şəhəri ərazisindən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Cavabdeh 24.05.2021-ci il tarixli **********54 nömrəli məktubunda qeyd etmişdir ki, sözügedən torpaq sələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış və ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsinin fiziki sərhədləri yoxdur. Şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhəd ölçülərinin planlarının konfiqursiyasının mövcud vəziyyətdən çox fərqlidir. Əlavə araşdırma nəticəsində şəhadətnamə ilə bağlı texniki məsələlər də meydana çıxmışdır. Tərtib olunmuş şəhadətnamədə qeyri-qanuni dəyişikliklər də edilmişdir. Belə ki, şəhadətnamənin üz səhifəsində aşağıda JN-in nömrəsində rəqəmlər fərqli şriftlə yazılmış, idarənin elektron xəritə bazasında torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə torpaq sahəsinin konfiqurasiyası düzbucaqlı, şəhadətnamədə isə həmin konfiqurasiya trapesiya formasındadır. Həmçinin şəhadətnamənin həyətyanı torpaq sahəsinin qaiməsinin (sertifikatı) tərtibatı (digər subyektlərə verilmiş torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrdəki həyətyanı torpaq sahəsinin qaiməsinin (sertifikatı) tərtibatından çox fərqlidir. Elektron eyni adlı siyahıda 2174 nömrənin qarşısında X11 adı qeyd edilmişdir. İşin araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, Mingəçevir şəhər prokurororluğunda saxta Torpağın mülkiyyətə verilməsinə dair şadətnamənin hazırlanması, vəzifə saxtakarlığı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən ünvanı qeyd edilməyən hüquqların dövlət reyestrindən çıxarış verilməsi nəticəsində həmin torpaq sahəsinin hasarlanmaqla qanunsuz tutulması, ərazi idarəsinin əməkdaşlarının vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığı etməsi və digər faktlarla bağlı Azərbaycan Respublikasının CM-nin 188.1, 308.2, 313, 314.1 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1787/2018 nömrəli iş üzrə sorğusuna əsasən 2672/344 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən surəti məhkəməyə təqdim edilmiş Mərkəzin 15.02.2021-ci il tarixli 5/111 nömrəli ekspert rəyindən görünür ki, X22 adına olan JN-2819A nömrəli, X17 adına olan JN-564A nömrəli, X8 adına olan JN-533A nömrəli, X16 adına olan JN-559A nömrəli, X9 adına olan JN-3597F nömrəli, X15 adına olan JN558A nömrəli, X1 adına olan JN-2786B nömrəli və X5 adına olan JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr və 02 ədəd möhür tədqiqat obyekti qismində ekspertizaya təqdim edilmişdir. Ekspert qarşısında İddiaçı münasibətdə aşağıdakı suallar qoyulmuşdur: - A.Nəbiyevin adına tərtib olunmuş “JN-2819” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci səhifəsində "DTXK Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov, həmçinin həmin şəhadətnamənin 3-cü səhifəsində “DTXK Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov” adının və yazılarının, İddiaçı adına tərtib olunmuş “JN-2174” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2 və 3-cü səhifələrində “DTXK Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov” adı və yazılarının qarşısında olan möhür əksləri, axtarış zamanı götürülmüş, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” sözləri həkk olunmuş möhür klişesi ilə vurulmuşdurmu? - A.Nəbiyevin adına tərtib olunmuş "JN-2819” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci səhifəsində “Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov" adının və yazının, İddiaçı adına tərtib olunmuş “JN-2174” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin 2-ci səhifəsində "Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov" adının və yazının qarşısında olan möhür əksləri, axtarış zamanı götürülmüş, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi” sözləri həkk olunmuş möhür klişesi ilə vurulmuşdurmu? Tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur. Tədqiqata təqdim edilmiş A.Nəbiyevin adına olan JN-2819A nömrəli və X5 adına olan JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdəki möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş A.Nəbiyevin adına tərtib olunmuş “JN-2819” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci və 3-cü səhifəsindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi" məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş A.Nəbiyevin adına tərtib olunmuş “JN-2819” №-li Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 2-ci səhifəsindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnistitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş X5 adına olan “JN-2174H” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmuşdur. Təqdim edilmiş X5 adına olan JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinədair şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Layhə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsi” məzmunlu möhürlə vurulmuşdur. İşdə olan Mingəçevir şəhər prokurorluğunun 03.02.2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokolundan görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X10 icraatında olan ********* №-li cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli qərarına əsasən X3 istifadəsində olan onun atası, hazırda ölmüş X2 məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparmış, axtarış zamanı digər sənədlərlə bərabər, selofan torbanın içərisində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişesi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində “Horse” sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür klişesi olan mürəkkəb yastığı aşkar edilərək götürülmüşdür. İşdə olan Mingəçevir Şəhər Prokurorluğunun 04.05.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, qeyd olunan tarixdə ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron bazaya baxış zamanı müəyyən olunmuşdur ki, vətəndaşlara verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin yerləşdirildiyi bazada İddiaçı adına “JN- 2174H” seriya nömrəsi ilə hər hansı bir şəhadətnamənin baza məlumatları mövcud deyil. Həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə torpaq sahələri ayrılmış şəxslərin “Elektron adlı siyahısında” İddiaçı adı mövcud deyil. Beləliklə, baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı adına “JN-2174H” seriya nömrəsi ilə “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə üzrə baza məlumatları mövcud deyil. Lakin, “2174” seriya nömrəsi ilə hər hansı bir şəxsin adına baza məlumatlarının olub-olmaması (proqrama müvafiq komanda verilməklə) yoxlanılarkən müəyyən edilmişdir ki, həmin seriya nömrəsi ilə başqa bir şəxsin adına, yəni X18 adlı şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatları mövcuddur. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı adına torpağın ayrılmasına dair hər hansı bir baza məlumatları olmasa da, ona ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən və dövlət Reyestrində qeydiyyatdan keçən Çıxarış və plan-ölçü sənədi vardır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, X11 adına baza məlumatları olan torpaq sahəsi elektron baza xəritəsində İddiaçı Çıxarış və plan ölçü sənədi verilən torpaq sahəsinin yaxınlığında yerləşir. Məhkəmənin Mingəçevir şəhər prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi materiallarından götürdüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2021-ci il tarixli 5/88 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, cinayət işi üzrə sənədlərin texniki ekspertizası keçirilmiş, sənədlərin rekvizitlərinin tədqiqi aparılmışdır. Hazırkı işə münasibətdə, tədqiqat obyekti qismində A.Nəbiyevin adına olan JN-2819A nömrəli və X5 adına olan JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr təqdim edilmişdir. Ekspert qarşısında qoyulmuş suallara əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş A.Nəbiyevin adına olan JN-2819A nömrəli və X5 adına olan JN-2174H nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdəki möhür əksləri relyef klişelərdən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş A.Nəbiyevin adına tərtib olunmuş JN-2819 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci və 3-cü vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş X5 adına olan JN-214H nömrəli şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri ilə öz aralarında eynilik təşkil etmir. Təqdim edilmiş A.Nəbiyevin adına tərtib olunmuş “JN-2819” №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş X5 adına olan JN- 2174H nömrəli şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəhərlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksləri ilə öz aralarında eynilik təşkil etmir. Həmçinin Mingəçevir şəhər prokurorluğunun məhkəməyə ünvanlanmış 29.03.2021ci il tarixli ********* nömrəli sorğu məktubundan görünür ki, Mingəçevir şəhər prokurorluğunda saxta Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanması, vəzifə saxtakarlığı və "xxxx" ASC-nin X32 İdarəsinin qurğularının yerləşdiyi Mingəçevir şəhəri Q.Nəbi küçəsində yerləşən və dövlətin müstəsna mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən ünvanı qeyd olunmayan «Çıxarış» verildiyi halda, həmin torpaq sahəsinin hasarlanmaqla qanunsuz tutulması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən suiistifadə və vəzifə saxtakarlığı etməsi və digər faktlarla bağlı Azərbaycan Respublikası CMnin 188.1, 308.2, 313, 314.1 və 320.1-ci maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. İstintaq zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisad Məhkəməsinin 04.06.2019-cu il tarixli, 2-1(84)-558/2019 №-li qərarına əsasən cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə “JN-2174H” seriya nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı faktiki istifadə etdiyi yerə xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilməsi öhdəliyi qoyulmuş, həmin öhdəlik cavabdeh orqan tərəfindən icra olunaraq, ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən ********** №-li 25.10.2019-cu il tarixli Çıxarış və Torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Lakin istintaqın gedişatında müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisad Məhkəməsinin 04.06.2019-cu il tarixli, 2-1(84)-558/2019 №-li qərarında Çıxarış verilməsi üçün əsas kimi göstərilmiş İddiaçı adına olan “JN-2174H” nömrəli şəhadətnamə faktiki olaraq saxta olmuş və bu fakt sənədlərin texniki ekspertizasının 15.02.2021-ci il tarixli 5/111 saylı rəyi ilə təsdiq olunmuşdur. Belə ki, şəhadətnamənin əsli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsindən götürülərək onunla bağlı sənədlərin texniki ekspertizası keçirilmiş və alınmış rəylə müəyyən olunmuşdur ki, şəhadətnamənin müvafiq səhifələrində olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə” və “Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsinə” aid möhür əksləri həmin qurumlara məxsus həqiqi möhürlərlə deyil, iş üzrə aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı X4 əvvəllər yaşadığı Mingəçevir şəhəri S.Vurğun küçəsindəki binanın qarşısında yerləşən və istifadəsində olan avtomobil qarajından aşkar olunaraq götürülmüş saxta möhürlərlə vurulmuşdur. Məhz bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin istifadəsində olan elektron baza məlumatlarında, adlı siyahısında və arxivində İddiaçı adına “JN-2174H” seriya nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlı heç bir məlumat qeydə alınmamış və arxiv sənədləri mövcud olmamışdır. Nəticədə vətəndaş tərəfindən Mingəçevir bələdiyyəsinin ümumi istifadədə olan torpaq sahələri tutulmuşdur. Cavabdeh iddiaya 12.08.2021-ci il tarixli etirazında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsinin fiziki sərhədləri yoxdur. Şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhəd ölçüləri, planı və konfiqursiyası faktiki istifadə vəziyyətindən çox fərqlidir. Əlavə araşdırma nəticəsində şəhadətnamə ilə bağlı texniki məsələlər də meydana çıxmışdır, tərtib olunmuş şəhadətnamədə qeyri-qanuni dəyişikliklər də edilmişdir. Belə ki, şəhadətnamənin üz səhifəsində aşağıda “JN” sözündən sonra yazılan nömrənin rəqəmləri (2174) fərqli şiriftlə yazılmış, idarənin elektron xəritə bazasında torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə torpaq sahəsinin konfiqurasiyasının düzbucaqlı, şəhadətnamədə isə həmin konfiqurasiya trapesiya formasındadır. Həmçinin şəhadətnamənin həyətyanı torpaq sahəsinin qaiməsinin (sertifikatı) tərtibatı digər subyektlərə verilmiş torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamələrdəki həyətyanı torpaq sahəsinin qaiməsinin (sertifikatı) tərtibatından çox fərqlidir. Eyni zamanda idarənin torpaq sahələrinə dair elektron xəritə baza məlumatlarının adlı siyahısında “2174" nömrənin qarşısında X12 adı qeyd edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən əsassız olduğu üçün iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə cavabdehin etirazına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Məhkəmə eyni zamanda bildirir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin işə onun iştirakı ilə baxılmasına dair ərizəsi Şəki İnzibati Məhkəməsinin iş üzrə 10.12.2020-ci il tarixli qərardadı ilə təmin edilmədiyindən, həmçinin qərardad apellyasiya və kassasiya qaydasında baxıldıqdan sonra dəyişdirilmədən qüvvədə saxlanıldığından, artıq Mingəçevir Şəhər İcra Hakimiyyətinin iş üzrə iştirakı məsələsinə hüquqi qiymət verildiyi üçün onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti aradan qalxmışdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq ekspert rəyinə istinadən müəyyən edilmişdir ki, Mingəçevir şəhərinin Elektron xəritə bazasında JN-2174H saylı torpaq sahəsi mövcud deyildir və elektron adlı siyahıda adı qeyd edilməmişdir. Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-2174H nömrəli şəhadətnamənin olması barədə qeyd yoxdur. Mingəçevir Şəhər İcra Hakimiyyətinin 22.07.2004-cü il tarixli 293 nömrəli qərarında konkret olaraq iddiaçıya münasibətdə hər hansı müddəa öz əksini tapmamış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan "xxxx" MMC-nin arxivlərində Mingəçevir şəhəri ərazisindən həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə aparılmış inventarlaşdırma işləri və ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının təyin edilməsi nəticəsində mövcud faktiki ölçüləri, şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhəd ölçülərinin planlarının konfiqursiyasının mövcud vəziyyətdən fərqli olduğu, elektron eyni adlı siyahıda 2174 nömrənin qarşısında X11 adının göstərildiyi müəyyən edilmişdir. Mingəçevir Şəhər Prokurorluğunun ********* nömrəli cinayət işi üzrə 04.05.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoluna əsasən, cavabdehin inzibati binasında, idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirildiyi, Elektron bazaya baxış zamanı vətəndaşlara verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin yerləşdirildiyi bazada İddiaçı adına “JN- 2174H” seriya nömrəsi ilə hər hansı bir şəhadətnamənin baza məlumatları mövcud olmadığı, həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə torpaq sahələri ayrılmış şəxslərin “Elektron adlı siyahısında” İddiaçı adının mövcud olmadığı, həmin seriya nömrəsi ilə başqa bir şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatlarında mövcudluğu müəyyən edilmişdir. ********* nömrəli cinayət işi çərçivəsində Mingəçevir şəhər prokurorluğu tərəfindən 04.02.2021-ci il tarixdə təyin edilmiş Sənədlərin texniki ekspertizası (“Sənədlərin rekvizitlərinin tədiqiqi”) nətincəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 5/111 nömrəli 15.02.2021-ci il tarixli Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, şəhadətnamənin müvafiq səhifələrində olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə” və “Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası Yerquruluşu İdarəsinə” aid möhür əksləri həmin qurumlara məxsus həqiqi möhürlərlə deyil, iş üzrə aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı X4 əvvəllər yaşadığı Mingəçevir şəhəri S.Vurğun küçəsindəki binanın qarşısında yerləşən və istifadəsində olan avtomobil qarajından aşkar olunaraq götürülmüş saxta möhürlərlə vurulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məcəllənin yeni açılmış hallar üzrə icraatı tənzimləyən 107.1-ci maddəsinə görə müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir; 107.2-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81, 85 və 107-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Bu qərar Şəki İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 04.06.2019-cu il tarixli 2-1(84)- 558/2019 nömrəli ilkin qərarını əvəz edir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1183/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1183/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver