Məhkəmə qərarları › İş №2-1(116)-1186/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1186/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1186/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1983-1988, 1991-1992, 1995 və 1998ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Qax rayonunun Lələli kəndində anadan olmuşdur. 1983-cü ildən 1998-ci ilə kimi Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işləmişdir. Övladı X7 xx.xx.1987-ci il tarixdə uşaq serebral iflici diaqnozu ilə doğulmuşdur. xx xxxxxxx 1998-ci ildə həmin diqnozla ona əlillik müəyyən olunmuş və hal hazırda İ qrup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün daim ona qulluq göstərir. 56 yaş 06 ay yaş həddi tamam olduğu üçün xx xxx 2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə ƏƏSMN yanında Dövlət X11 Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda 1983- 1988, 1991-1992, 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda iş stajının əmək kitabçasına qeyd edilməməsi, həmçinin əmək kitabçasının olmaması səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında Dövlət X11 Qax rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Belə ki, onun kolxozdakı əmək stajı barədə məlumatlar təqdim etdiyi Qax rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 24/2 nömrəli arayışında qeyd edilmişdir. Şöbə tərəfindən ona göndərilmiş məktubda onun kolxozdakı fəaliyyətinin 07 il 08 ay olduğu, lakin əmək kitabçasının olmadığı üçün məhkəmə qərarı ilə təsdiq olunandan sonra sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünlüyü bildirilmişdir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti vətəndaşların sosial sığorta stajına daxil edilir. Nazirlik yanında DSMF-nin Qax rayon şöbəsinin imtina məktubunda qeyd edildiyi kimi uşaqlıqdan əlil olan övladı X4 əlilliyin müəyyən edildiyi xx xxxxxxx 1998-ci il tarixdən əmək pensiyasının təyin olunması üçün müraciət etdiyi xx xxx 2020-ci il tarixədək qulluq göstərdiyi 21 il 05 ay müddət kolxozdakı 07 il 08 ay əmək stajı ilə birlikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası almaq hüququ verir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1983-1988, 1991-1992, 1995-1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Qax rayon şöbəsinə müraciət etmişdir. Əmək pensiyası hüququnun müəyyən olunması zamanı iddiaçının İ qrup ümumi səbəblərdən əlil olan övladı X4 əlilliyinin müəyyən edildiyi xx xxxxxxx 1998-ci ildən əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixə kimi qulluq göstərdiyi 21 il 03 ay müddət “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sosial sığorta stajına daxil edilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Qeyd edilən səbəbdən iddiaçının Qax rayon Dövlət Arxivindən verilən 1983-1988ci, 1991-1992-ci, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi və qanunvericiliyə uyğun olaraq müəyyən olunan 07 il 08 ay müddət, vətəndaşın sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müraciət etdiyi tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi 61 yaş 06 ay olduğu üçün iddiaçının qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı tarix 56 yaş 06 ay tamam olduğu xx xxxxxx 2020-ci il hesab olunur. İddiaçının Qax rayonunun Zəyəm kəndi “Ukrayna” kolxozunda işlədiyi 07 il 08 ay müddət qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajı mübahisələndirilməyən İ qrup əlil övladına qulluq göstərdiyi 21 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumilikdə 28 il 11 ay müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 3/3 nömrəli arayışından görünür ki, Zəyəm kənd sakini İddiaçı 3 uşağı var. Uşaqları 8 yaşınadək özü tərbiyə etmiş və hal-hazırda heç bir büdcə təşkilatında işləmir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 333 nömrəli arayışından görünür ki, Zəyəm kənd sakini İ qrup əlil X7 anası İddiaçı himayəsindədir və anası ona qulluq edir. İş materiallarında olan Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 24/2 nömrəli arxiv arayışından görünür ki, X2 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, X1 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan 643413 nömrəli TSEK-də müayinə Aktından Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X5 müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı Abdulhüseyn qızı xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək övladı uşaq serebral iflici əlil X5 qulluq etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli, AZE seriyalı 15812003 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, Xİİ-ЖГ seriyalı 879202 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, İİ- ЖГ seriyalı 481663 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuşdur. İşdə olan Dövlət X11 Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının Qax rayonunun Zəyəm kəndi “Ukrayna” kolxozunda işlədiyi 07 il 08 ay müddət qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajı mübahisələndirilməyən İ qrup əlil övladına qulluq göstərdiyi 21 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumilikdə 28 il 11 ay müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X9” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1983-1988, 1991-1992, 1995 və 1998ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1983-1988, 1991-1992, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar