Məhkəmə qərarları › İş №2-1(116)-1188/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1188/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1188/2020 28.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı ərizəsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı 07.07.2020-ci il tarixində məhkəməyə ərizəsi daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, onun yoldaşı X1 uzun müddət 35 il polisdə işləyib. Qarabağ veteranıdır.2009-cu il 5 iyunda rəhmətə gedib. Həmin vaxt o öz pensiyasından imtina edib onun pensiyasına keçmişdir. Onun pensiyasının 35 faizini ona kəsiblər. O özü 47 il müəlimə işləmişdir. 1951-ci il təvəllüdlüdür, ADU-nu qurtarmışdır. Sonra eşitmişdir ki, 2017-ci ildə polis ailəsinin pensiyasının onların aldığı pensiyanın 80 faizini verirlər. Dəfələrlə müraciət etməsinə baxmayaraq onun pensiyasını 80 faiz etmirlər. Hal-hazırda 319 manat 56 qəpik pensiya alır. Ağır şəkər və təzyiq xəstəsidir. Ona dedilər ki, Şəki İnzibati Məhkəməsinə müraciət etsin. Məhkəmədən bir müəllimə, bir ana kimi xahiş edir ki, ona kömək etsin. Almadığı əvvəlki illəri də alsın. Məhkəmə tərəfindən iddiaçıya 08.07.2020-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27.0-cı maddəsində göstərilmişdir ki, inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı; 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmin Məcəllənin 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Həmçinin, ərizə ilə əlaqədar o da nəzərinizə çatdırılmişdır ki, iddiası üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ola bilər və aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmalıdır. Çünki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hüquqi ünvanı olan Bakı şəhəri Z.Bünyadov 43 ünvanında yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin yerləşdiyi yer (Bakı şəhəri Z.Bünyadov 43) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Bu səbəbdən də hazırkı iş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Odur ki, ərizəsində qeyd olunan çatışmazlıqların aradan qaldırılması və mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı münasibətinin 10 (on) gün müddətində məhkəməyə təqdim olunması xahiş olunur. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiasının mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəkdir. 08.07.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş, lakin 10 gün müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Ərizəyə əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 14.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı müraciət etmiş və onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Lakin bununla belıə məhkəmə bir daha qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab verən iddia ərizəsi tərtib etməklə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar