Məhkəmə qərarları › İş №2-1(116)-119/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-119/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-119/2022 19.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF-nun 14 saylı Regional Ərazi Filialının 05.04.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “DSMF-nun 14 saylı Regional Ərazi Filialının 05.04.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABW9 №-li göndərişi əsasında iddiaçıya 13.06.2017-ci il tarixdə “ümumi xəstəlik səbəbindən” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 08.10.2020-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının 13.06.2017-ci il tarixdən – 30.11.2020-ci il tarixədək aldığı 3866 manat pensiya məbləğinin tələbkarın hesabına ödənilməsi barədə 05.04.2021-ci il tarixli **********5 saylı “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması” haqqında qərar qəbul edilmişdir. İddiaçı, 05.04.2021-ci il tarixli **********5 saylı “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması” haqqında qərarı cavabdehin yuxarı orqanında (DSMF) mübahisələndirmiş, lakin şikayəti təmin edilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, tələbini əlilliyinin etibarsız hesab edilməsinin qanunsuz olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını Tibbi Sosial Ekspertiza və X1 iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə əsaslandırmış və buna görə də “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması” haqqında 05.04.2021-ci il tarixdə **********5 №-li qərarın qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 15.03.2022-ci il tarixli 2-1(116)-119/2022 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı Regional Ərazi Filialı - hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Sosial Müdafiə Fondu 14 saylı Regional Ərazi Filialının 05.04.2021-ci il tarixli, **********5 №-li “artıq ödənilmiş əmək sosial müavinətin geri qaytarılması” haqqında qərarından görünür ki, xx.xx.1969-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı 13.06.2017-ci il tarixdən 30.11.2020-ci il tarixədək 3866 manat məbləğində artıq ödənilmiş sosial müavinət tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondu 14 saylı Regional Ərazi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - ƏƏSMN tabeliyində DSMF-nun 25.05.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati şikayət qaydasında etdiyi müraciəti təmin edilməmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçıya aid pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 13.06.2017-ci il tarixdə “ümumi xəstəlik səbəbindən” 5 il müddətinə ikinci dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 05.04.2021-ci il tarixində qəbul edilərək iddiaçıya poçt vasitəsilə göndərilmiş, iddiaçı mübahisələndirilən qərarı 10.04.2021-ci il tarixdə almışdır. İddiaçı, müvafiq qərardan 30.04.2021-ci il tarixdə inzibati qaydada yuxarı orqana (DSMF) şikayət vermiş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının müraciətinə baxılmış, lakin təmin edilməmişdir. Müvafiq cavab məktubu iddiaçıya poçt vasitəsilə 14.06.2021-ci il tarixdə çatdırılmışdır. 01.06.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi ilə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 08.06.2021-ci ildə daxil olmuşdur). Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan cəmi, 3866 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh orqanın qəbul etdiyi “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması haqqında” 05.04.2021-ci il tarixli qərarın ləğvinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Məhkəmə tərəfindən 05.04.2021-ci il tarixli, **********5 №-li “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması” haqqında qərar qəbul edilərkən iddiaçının razılığının alınıbalınmaması ilə bağlı 09.12.2021-ci il tarixdə cavabdehə sorğu verilmiş, lakin cavabdeh tərəfindən sorğu cavablandırılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında müvafiq qərarın qəbulu ilə bağlı bütün sənədlərin məhkəməyə təqdim edildiyini və iddiaçının razılığının alınması ilə məlumatın olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, müvafiq sorğunun cavablandırılması zərurəti aradan qalxmışdır. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq müavinət ödənildiyi hallarda müavinəti alan şəxs artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmasını təsbit etmişdir. Yəni, cavabdeh tərəfindən müvafiq məbləğin qaytarılması ilə bağlı iddiaçının münasibəti öyrənilməli, iddiaçı, ödənilmiş vəsaitin qaytarılmasından imtina etdikdə isə mübahisə ilə bağlı məhkəməyə müraciət edilməli idi. Cavabdeh iddia tələbini etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın sahəvi qanunu olan və birbaşa fəaliyyətini tənzimləyən “Sosial müavinətlər haqqında” Qanunda ona müvafiq razılıq olmadığı halda, müstəqil olaraq “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş sosial müavinətin geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi 05.04.2021-ci il tarixli qərarı mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 14 saylı Regional Ərazi Filialının 05.04.2021-ci il tarixli, **********5 nömrəli, “borclu İddiaçı 3866 manat artıq ödənilmiş sosial müavinətin geri qaytarılması haqqında” qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar