Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1190/2021 27.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı “cavabdehin 28.03.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 28.03.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər bələdiyyəsi torpaq icarə haqqı və əmlak vergisi borcu olanlar haqqında inzibatı qaydada tədbir görülməsi haqında 30.01.2019-cu il tarixli 02/3 saylı qərar qəbul etmiş və həmin qərara əsasən 745,20 manat torpaq icarə haqqının iddiaçıdan alınaraq Mingəçevir şəhər bələdiyyəsinə ödənilməsi təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq Mingəçevir şəhər bələdiyyəsinə dəvət edimiş və onun 30.01.2019-cu il tarixli 02/3 saylı qərara əsasən onlara borcu olduğu bildirilmişdir. İddiaçı buna etirazını bildirib şifahi razilaşmaya əsasən hər ay 13 manat ilik 156 manat icarə haqqı ödədiyini və heç bir borcu olmadığını bildirmişdir. Etirazından sonra cavabdeh 07.01.2019-cu il tarixli 302 saylı müqaviləni ona göstərərək, həmin müqavilədə 106 kv.m torpaq sahəsi üçün aylıq 25,45 manat olmaqla, 305,30 manat illik icarə haqqı ödəməli olduğu göstərilmişdir. 07.01.2019-cu il tarixli 302 saylı müqaviləni iddiaçı heç vaxt görməmiş və imzalamamışdır, həmin müqavilədəki imza onun imzası deyildir. Məhkəmə araşdırması zamanı iş materiallarının iddiaçı tərəfindən cavabdehin qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi müəyyən edilmiş, 11.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya yardım məktubu ünvanlanaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, göstərilən məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. 27.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yenidən izah edilmiş, göstərilən məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı izahatında mübahisəli qərardan Mingəçevir şəhər İcra və probasiya şöbəsinə çağırılarkən məlumat aldığını bildirmiş, məhkəməyə ərizə təqdim edərək iddianı gec verdiyinə görə buraxılmış müddətin üzrlü hesab edilməsini, iddiasının mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etmiş, lakin prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına və cavabdehin etirazına uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 28.03.2019-cu il tarixli qərarından artıq 24.09.2020-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, iddiaçıya Mingəçevir şəhər İcra və probasiya şöbəsi tərəfindən 745,2 manat pul vəsaitinin tutularaq cavabdehə ödənilməli olması barədə xəbərdarlıq məktubu şəxsən təqdim edilmiş, daha sonra həyata keçirilən icra tədbirləri nəticəsində Mingəçevir Şəhər Məhkəməsinin 15.10.2020-ci il tarixli 8(051)-179/2020 nömrəli qərardadı ilə cavabdehin 28.03.2019-cu il tarixli qərarına əsaslanmış borcun ödənilməsinin təmin edilməsi məqsədilə icra məmurunun təqdimatı təmin edilmiş, iddiaçının adına olan “TOYOTA COROLLA” markalı, **-XB-*** nömrəli avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin 28.03.2019-cu il tarixli qərarından Mingəçevir Şəhər Məhkəməsinə şikayət vermiş, məhkəmənin 3(051)-546/2020 nömrəli iş üzrə 30.10.2020-ci il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-316/2020 nömrəli iş üzrə 25.12.2020-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 30.10.2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsa da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, hətta Şəki Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən 25.12.2020-ci il tarixli qərarı ilə məhkəmə iclasında iştirak etdiyi inzibati xəta haqqında iş üzrə qanunvericiliyin tələbləri ona izah olunsa belə, həmin qərarın qəbul olunmasından 7 aya yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin qərarının ilkin olaraq iddia ərizəsinin poçta təqdim edildiyi 12.07.2021-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınmaqla, qanunla nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisəli qərar barədə ilk dəfə məlumat aldığı vaxtdan hesablanmaqla 9 aya yaxın müddət keçdikdən sonra məhkəmə qaydasında cavabdehin qırarını mübahisələndirməklə ləğv olunmasını tələb etmişdir. İddiaçının mübahisələndirilən qərardan ilk dəfə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırarkən məlumat aldığı fərz olunsa belə, o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı “cavabdehin 28.03.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1190/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1190/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver