Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1191/2020 11.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı “1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1955-ci il tarixində Qəbələ rayonu, Əmirvan kəndində anadan olmuşdur. 1965-ci ildə atası vəfat etdiyindən uşaq yaşlarından ailəsinin dolanışığını təmin etməkdən ötrü işləmək məcburiyyətində qalmışdır. Ona görə də təhsili olmadığından əvvəl 1966-cı ildən 1969-cu ilə kimi Qutqaşen (indiki Qəbələ) rayonu, Əmirvan kəndindəki keçmiş “Oktyabr” adına kolxozda mal-qaraya baxan çoban vəzifəsində, 1969-cu ildən 1974-cü ilə kimi isə mexanizatorçu vəzifəsində işləmiş və əmək haqqı almışdır. xx xxx 1974-cü il tarixindən xx xxxx 1976-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin kolxazda 1976-cı ildən 1996-cı ildə daxil “Oktyabr” adına kolxoz ləğv edilənə kimi vəzifəsi üzrə mexanizatorçu işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Oktyabr” adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən onun adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdiklərinə baxmayaraq müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən onun “Oktyabr” adına kolxozda illər üzrə 1966-ci ildən 1974-cü ilə və 1976-cı ildən 1996-cı ilə kimi iş günləri öz əksini tapmışdır. Həmçinin, onun keçmiş “Oktyabr” adına kolxozda 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. O, DSMF-nin Qəbələ rayon Şöbəsinə 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda əvvəl çoban, sonradan maxanizatorçu vəzifəsində işlədiyi üçün Qəbələ rayon Dövlət Arxivindən xx.xx.2020-ci il tarixli 42 nömrəli arxiv arayışı təqdim etməyinə baxmayaraq həmin sənədlər nəzərə alınmamışdır. Ona görə də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İddiaçı iş stajını təsdiq edən əmək kitabçası yoxdur. Vətəndaş bunun əvəzinə 1974- 1976-cı illərədə hərbi xidmətdə olmasını təsdiq edən hərbi bilet və 1966-96-cı illərdə “Oktyabr” adına kolxozda işləməsi barədə Qəbələ Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 42 saylı arayış təqdim etmişdir. Lakin həmin arayışda İddiaçı əmək qabiliyyətli hesab olunduğu 15 yaşının tamam olmadığı 1966-ci ildən 1969-cu ilədək olan dövrdə işləməsi qeyd olunmuşdur. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunan 1966-1996-cı illərdə “Oktyabr" adına kolxozda işlədiyi illər, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başaq növünə keçirilməsi və ödənilməsi qaydaları"nın 3.2.1-ci maddəsinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün, ümumi iş stajına aid edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçı təqdim etdiyi arayışda isə, 15 yaşı tamam olmadığı 1966-1969-cu illərədə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 42 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1966-1974, 1976-1979, 1981- 1996-cı il tarixlərdə “Oktyabr” adına kolxozda işləmişdir. İş materiallarında olan DSMF-nin Qəbələ rayon şöbəsinin Pensiya sektorunun xx.xx.2020-ci il tarixli Aktından görünür ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 42 nömrəli arxiv arayışında qeyd olunan bütün məlumatların düzgünlüyü təsdiq olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, DSMF-nin Qəbələ rayon şöbəsində Pensiya təyin edən komissiyanın xx.xx.2020-ci il tarixli 49 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli Akt, DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının xx.xx.2020-ci il tarixli etirazı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1966-cı ildən 1974cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi dövr Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 42 nömrəli arxiv arayışı və DSMF-nin Qəbələ rayon şöbəsinin Pensiya sektorunun xx.xx.2020-ci il tarixli Aktı ilə öz təsdiqini tapır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. (mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü + mübahisələdirilən sığorta stajı 23 il 5 ayı = 25 il 5 ay) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Cavabdehin məhkəməyə təqdim etdiyi məktub və etirazlardan iddiaçının arxiv arayışında qeyd olunan işlədiyi müddətlə bağlı mübahisənin olmadığı müəyyən olunur. Cavabdeh inzibati orqanın etirazının əsassını iki hal təşkil edir. Birinci hal arxiv arayışına əsasən stajın ümumiyyətlə sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyidir ki, bununla balı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İkinci hal ondan ibarətdir ki, iddiaçının arxiv arayışında qeyd olunan 15 yaşı tamam olmadığı 1966-1969-cu illərədə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş arxiv arayışının qarşılıqlı yoxlama aktında da həmin dövrlərdə (1966 və 1967) iddiaçının adının qarşısında şagird sözünün qeyd edildiyi yazılıb. Həqiqətən də iddiaçının həmin dövrdə 15 yaşına çatmaması müəyyən olunur. Lakin onun əmək hüququnun 15 yaşdan sonra yaranması əsası ilə həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməli olması barədə cavabdehin dəlilini məhkəmə ən azından ədalətsiz hesab etməklə qanunsuz olduğu qənaətinə gəlir. İddiaçının əmək hüququ olmadan əmək fəaliyyətinə cəlb olunması əsası ilə onu işə götürən məsuliyyət daşıya bilər, iddiaçının işləməsini, həmin dövrdə ona müvafiq staj qazanmasını isə inkar etmək olmaz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının üzərinə İddiaçı 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1191/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1191/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver