Məhkəmə qərarları › İş №2-1(116)-1191/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1191/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1191/2025 08.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu Suraxanı kəndində yerləşən ümumi sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsi və həmin torpaq sahəsinə dair digər şəxsin adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Ağsu rayonu Suraxanı kəndində yerləşən ümumi sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsi və həmin torpaq sahəsinə dair digər şəxsin adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3936/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi 1958-ci ildə ayrılmış, lakin iddiaçının atası 1963-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür və həmin vaxtdan etibarən ailə daimi olaraq Bakı şəhərində yaşamışdır. İddiaçı və mərhum atası atası həmin torpaq sahəsinin özlərinə aid olduğunu hesab etmişlər. İddiaçı, iki il əvvəl rayonda keçirilən hüzr mərasimində iştirak edərkən, şəhadətnamədə adı keçən şəxslər tərəfindən torpaq sahəsinin onların ailəsinə aid olduğu bildirildikdən sonra bu barədə xəbər tutmuşdur. Həmin şəxslər onun ata tərəfindən qohumlarıdır. Nümayəndə izahatında vurğulamışdır ki, iddiaçının torpaq sahəsinə dair tələbi bu qədər gec – 62 il sonra – irəli sürməsinin səbəbi hazırda maddi imkanlarının olması və həmin torpaq sahəsində yay mövsümündə dincəlmək üçün ev tikmək istəyidir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İş materiallarından görünür ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə Ağsu rayonu Suraxanı kəndində yerləşən 0,19 ha torpaq sahəsi X2 (4 nəfər ailə üzvü ilə birlikdə) ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı, Ağsu Rayon Dövlət Arxivinin 21 avqust 2023-cü il tarixli arxiv çıxarışına istinad edərək, mərhum atası X3 təsərrüfat başçısı qismində adına 0,05 ha ölçüsündə həyətyanı torpaq sahəsinin mövcud olduğunu iddia edir. Cavabdeh orqan ilkin imtina cavabını iddia olunan torpaq sahəsinə DT və XK tərəfindən digər şəxsin adına “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hazırlanması ilə əsaslandırmış, iddia tələbinə etirazında sözügedən torpaq sahəsinə X2 və digərlərinin adına JN-15A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin işlənməsini bildirmişdir. İlkin imtina cavabından və iddia tələbinə etirazın məzmunundan görünür ki, iddiaçının ilkin müraciəti 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı olmuş və JN-15A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğvi tələbi irəli sürülməmişdir. Bununla belə iddia ərizəsində iddiaçı, ilkin icraat zamanı cavabdeh orqana qarşı irəli sürülməyən tələbi (Şəhadətnamənin ləğvi) də, əlavə edərək sözügedən sənədin ləğvini tələb etmişdir. Bununla belə, məhkəmə, işin konkret hallarını və prosessual qənaət prinsipini nəzərə alaraq, iddiaçının sözügedən şəhadətnamənin ləğvi, eləcə də mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə iddia tələbinin digər mümkünlük şərtlərinə də, hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə cavabdeh orqana sorğu ünvanlanmış, lakin cavabdeh orqan həmin sorğunu cavablandırmamışdır. Buna baxmayaraq, məhkəmə işdə olan digər sənədlər və iddiaçının nümayəndəsinin izahatları əsasında, müvafiq rəy təqdim olunmadan da iddianın mümkünlüyünün yoxlanılmasını mümkün hesab edir. Belə ki, iddia olunan torpaq sahəsinə dair iddiaçı ilə həmin sahənin mülkiyyətçiləri arasında hüquqi mübahisə mövcuddur. İddiaçının mərhum atası vəfat etdiyi günədək (2009-cu il) torpaq sahəsindən faktiki istifadə etməmiş, sözügedən torpaq sahəsi üzərində Şəhadətnamədə adları göstərilən şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda torpaq sahəsində müayinə-ölçü işlərinin aparılması hər bir halda mümkünsüz olacaqdır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdə X7 və X1 təsərrüfat uçot məlumatları göstərilmiş və qeyd edilmişdir ki, Ağsu rayon Kalva kənd sovetinin 1990-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X8 barədə heç bir məlumat aşkar olunmamışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Ağsu rayonu Suraxanı kəndi üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair subyektlər siyahısında X4 və 5 nəfər ailə üzvünün adı qeyd edilmiş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,19 hektar qeyd edilmişdir. Bununla belə Ağsu rayonu Suraxanı kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında X3 adı qeyd edilməmişdir. Göründüyü kimi mübahisələndirilən JN-15A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999cu il tarixli 01 saylı qərarı əsasında verilmişdir. Həmin qərar inzibati aktdır və iddia olunan torpaq sahəsinin hansı subyektlərin xüsusi mülkiyyətinə verilməsi məsələsi məhz həmin inzibati akt əsasında həll edilmiş, həmin subyektlərin adına JN-15A nömrəli Şəhadətnamə tərtib edilərək ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Torpaq sahəsinin digər şəxslərin ümumi birgə mülkiyyətinə verilməsi barədə iddiaçının məlumatlı olmasına dair məhkəmə qeyd edir ki, faktiki olaraq iddiaçının mərhum atası 1963-cü ildən etibarən sözügedən torpaq sahəsindən istifadə etməmiş və torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin hüquqi taleyi ilə maraqlanmamışdır. 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 11-ci maddəsində bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilməsi qeyd edilmişdir. İşin yuxarıda qeyd edilmiş faktiki hallarından görünür ki, iddia olunan torpaq sahəsi artıq 1963-cü ildən iddiaçının mərhum atasının qanuni istifadəsində deyildi. 1965-ci ildə qəbul edilmiş Mülki Məcəllənin 89-cu maddəsinə əsasən Dövlət mülkiyyəti bütün sovet xalqının ümumi sərvəti, sosialist mülkiyyətinin əsas formasıdır. Dövlət bütün dövlət əmlakının yeganə mülkiyyətçisidir. Həmin məcəlləsinin 90-cı maddəsində göstərilmişdir ki, torpaq, yerin təkin, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir və ancaq istifadəyə verilir. Həmin məcəllənin 108-ci maddəsinə əsasən kolxozçu həyəti üzvünün şəxsi əmək gəliri və qənaətləri, habelə onun şəxsi vəsaiti hesabına əldə etdiyi və ya vərəsəlik yolu ilə, yaxud bəxşiş olaraq alıb həyətin mülkiyyətinə vermədiyi əmlak, kolxozçu həyətinin həmin üzvünün şəxsi mülkiyyətini təşkil edir. Kolxoz nizamnaməsinə müvafiq olaraq, ancaq kolxozçu həyətinə məxsus ola bilən əmlak, kolxozçu həyətinin üzvü olan vətəndaşın şəxsi mülkiyyətində ola bilməz. Habelə həmin məcəllənin 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakindakı paya olan hüququnu itirir. Göründüyü kimi torpaq sahəsi iddiaçının mərhum atasının mülkiyyətində olmamış və o, sağlığında 1963-cü ildən etiibarən torpaq sahəsindən istifadəni dayandırmışdır. X14 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və sağlığında sözügedən torpaq sahəsinə dair digər şəxslərin adına şəhadətnamənin tərtib edilməsini mübahisələndirməmiş, bununla da, Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli 01 saylı qərarının mübahisələndirilməsi imkanı itirilmişdir. Odur ki, iddiaçının özünün müvafiq şəhadətnamənin mövcudluğundan hansı tarixdə məlumatlı olmasının iş üzrə hər hansı əhəmiyyəti yoxdur. İddiaçı, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışına istinad edərək mübahisəli torpaq sahəsinin mərhum atasına ayrıldığını bildirsə də, məhkəmə qeyd edir ki, torpaq islahatı zamanı sovet dönəmində ayrılmış torpaq sahələrinin yeni statusu və qanuni istifadəçiləri müəyyənləşdirilmiş, yeni mülkiyyətçilər formalaşmışdır. Nəticə etibarilə, torpaq sahəsinin hüquqi statusu ilə bağlı sonuncu inzibati akt Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli 01 saylı qərarıdır. Bu qərar sözügedən torpaq sahəsinə dair hissədə ötən müddət ərzində mübahisələndirilmədiyindən torpaq sahəsinin hüquqi statusu artıq həmin qərara əsasən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi şəhadətnamədəki torpaq sahəsinin digər şəxslərin ümumi birgə mülkiyyətində qeyd edilməsinə səbəb sözügedən torpaq sahəsinin Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə həmin şəxslərə ayrılması olmuşdur. Odur ki, həmin qərar qüvvədə olduğu müddət ərzində onun əsasında tərtib edilmiş sənədlərin ləğvi ilə bağlı mübahisələrə mahiyyəti üzrə baxıla bilməz. İddia tələbinin “0,05 torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi Şəhadətnamənin ləğvi tələbindən asılıdır. Odur ki, ilkin tələbin mümkünsüzlüyü tələbin həmin hissəsinin də, qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə iclası təyin edilmiş və iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilərək iddiaçının nümayəndəsinin dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu Suraxanı kəndində yerləşən ümumi sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsi və həmin torpaq sahəsinə dair digər şəxsin adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar