Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1194/2022 15.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 960 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamının və həmin sərəncam əsasında ona verilmiş 005398 nömrəli xx.xx.1996-cı il tarixli orderin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 960 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamı ilə verilmiş 005398 nömrəli xx.xx.1996-cı il tarixli orderin ləğv edilməsi və iddiaçının Çernobıl əlillərinin mənzil növbəliyi siyahısına qeyd edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1986-cı ilin aprel ayında X2 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, radiasiyaya məruz qalmış və 2-ci dərəcəli əlil olmuşdur. İddiaçı Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olduqdan sonra 6 nömrəli Tikinti Trestinin 62-cı Tikinti İdarəsində işləmiş və həmin təşkilatda mənzil növbəliliyinə dayanmışdır. Trestin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin 17 sentyabr 1996-cı il tarixli birgə iclasının qərarı ilə ona Mingəçevir şəhər 20 Yanvar döngəsi 1 ünvanında yerləşən evin 4 otaqlı 23 nömrəli mənzili verilmiş və həmin qərara əsasən Cavabdeh başçısının 04 noyabr 1996-cı il tarixli 960 nömrəli Sərəncamına əsasən adına həmin ünvana order yazılıb iddiaçıya təqdim edilmişdir. Lakin həmin bina iddiaçıya order verilən zaman tikilib başa çatmamış, sonra Trest işini dayandırmış və daha sonra ləğv edilmişdir. İddiaçıya mənzil verilmiş yarımçıq yaşayış binası isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hansısa sahibkara satılmış, o sahibkar isə binanın tikintisini başa çatdırıb digər şəxslərə satmışdır. İddiaçı isə əlində order ola-ola artıq otuz ilə yaxındır ki, şəhərin Puşkin küçəsindəki 20 nömrəli binada yerləşən yataqxananın sahəsi 14,0 kv.metr olan bir otağında 6 (altı) nəfər ailə üzvü ilə yaşayır. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 506 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının o zaman işlədiyi 6 nömrəli Trestin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1996-cı il tarixli birgə iclasının 21 nömrəli protokoluna əsasən ona Mingəçevir şəhəri 20 Yanvar döngəsi 1 nömrəli evin, yaşayış sahəsi 59,85 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilinin verilməsi qərara alınmışdır. 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon (şəhər) X1 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas idi. Cavabdeh 6 nömrəli Trestin məktubuna əsasən iddiaçının adına order yazılmasını o zaman mövcud olmuş mənzil bölgüsü şöbəsinə tapşırmış və adına order yazılmışdır. İddiaçıya mənzil verilmiş binanın tikilib başa çatdırılmaması, sonradan yarımçıq tikili kimi fərdi sahibkara satılması şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməmişdir. Bundan əlavə iddiaçı şəhər İcra Hakimiyyətində mənzil növbəliyində olmamışdır. Odur ki, iddiaçının adına yazılmış orderin ləğv edilməsi və mənzil növbəliyinin bərpa olunması üçün əsas yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli 891 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş, bildirmişdir ki, vətəndaş İddiaçı İcra Hakimiyyətində mənzil növbəliliyində olmamışdır. Ona görə inun mənzil növbəliliyinin bərpa edilməsi mümkün deyil. Lakin cavabdeh etirazın sonunda iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Cavabdeh başçısının 960 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamının və həmin sərəncam əsasında ona verilmiş 005398 nömrəli xx.xx.1996-cı il tarixli orderin ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Sədrlik edən tərəfindən iddiaçıya mübahisələndirmə növündə iddialara münasibətdə qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək Cavabdeh başçısının 960 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamının və həmin sərəncam əsasında ona verilmiş 005398 nömrəli xx.xx.1996-cı il tarixli orderin ləğv edilməsi məqsədilə iddia qaldırılması üçün onun tərəfindən buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi ərizə və izahatlardan məlum olur ki, iddiaçı cavabdehin mübahisəli xx.xx.1996-cı il tarixli 960 nömrəli qərarından artıq xx.xx.1996-cı il tarixli 005398 nömrəli orderi aldığı zaman məlumatlı olmuşdur. Belə ki, həmin orderdə verilməsi üçün əsas kimi Cavabdeh aparatı başçısının xx.xx.1996-cı il tarixli 960 nömrəli sərəncamı qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, orderin əsli ondadır. Notariat təsdiqli surəti iş materiallarına əlavə edilmişdir. Əvvəldən məlumatlı olmasına baxmayaraq iddiaçı həmin sərəncamı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirməklə tələb olunan prosessual müddəti ötürmüşdür. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək prosessual müddətin bərpasına dair müraciət hüququ izah edilmiş, iddiaçı ərizə ilə müddətin üzürlü hesab olunaraq bərpasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli sərəncamından daha əvvəl məlumatlı olsa da, qanunvericiliyin tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, 26 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmçinin Məhkəmə bildirir ki, mübahisəli sərəncam qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 960 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamının və həmin sərəncam əsasında ona verilmiş 005398 nömrəli xx.xx.1996-cı il tarixli orderin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1194/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1194/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver