Məhkəmə qərarları › İş №2-1(116)-1195/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1195/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1195/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı sənədlərini cavabdeh orqana təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının işlədiyi “Arıçılıq” sovxozunda onun xx.xx.1993-cü il tarixdən sonra əməkhaqqı almamasını əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı isə bildirir ki, sovxoz xx.xx.1999-cu il tarixədək fəaliyyət göstərmiş və həmin tarixdə islahata getmişdir. 1993-1999-cu illər üzrə toplanmış əmək haqqlarını sovxoz ödəyə bilmədiyi üçün islahat aparılan zaman sovxozun əmlakı hesabına əməkhaqqı və əmlak payı iddiaçıya ödənilmişdir. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, İddiaçı "işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə iddia tələbi aşağıdakı əsaslarla təmin edilməməlidir: xx xxxx 2020-ci ildə iddiaçının təqdim etdiyi sənədlər əsasında DSMF Zaqatala rayon şöbəsinin pensiya təyinatı komissiyası tərəfindən araşdırma həyata keçirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Zaqatala “Arıçılıq” sovxozunda sürücü işləməsi barədə qeydlər aparılmışdır. Lakin şöbə tərəfindən Zaqatala “Arıçılıq” sovxozunun qarşılıqlı yoxlanılması mümkün olmadığından iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, iddiaçının Zaqatala “Arıçılıq” sovxozunda işlədiyi iş stajının Zaqatala rayon Dövlət Arxivində saxlanılan həmin sovxoza aid əmrlər kitabında yoxlanılması zamanı əmrlər kitabında sovxozdan işdən çıxma ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçının təqdim etidiyi iş stajına dair sənədlərdə Əmək Pensiyaları haqqında Qanunun 22-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixindən xx xxxx 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı olmadığına və həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajının düzgünlüyünü yoxlamaq mümkün olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, SHXÇDX Zaqatala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 91 nömrəli arayışının təsdiq edilmiş surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 112 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının pensiya almaq hüququ xx.xx.2020-ci il tarixdən yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surətində qeyd edilən xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda 16 il 5 ay 18 gün və 2 il hərbi xidmət dövrü ilə birlikdə cəmi 18 il 5 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı isə 1973-cü ildə “Şəfəq” kolxozunda qaynaqçı işlədiyi 1 il və xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək keçmiş “Arıçılıq” sovxozunda işlədiyi 6 il 3 ay 9 gün olmaqla cəmi 7 il 3 ay 9 gün təşkil edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi və “Şəfəq” kolxozundakı iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır (18 il 5 ay 18 gün mübahisələndirilməyən staj + mübahisəli 7 il 3 ay 9 gün = 25 il 8 ay 27 gün). Məhkəmə araşdırması zamanı iddiaçının 1973-cü ildə “Şəfəq” kolxozunda qaynaqçı işləməsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 112 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Lakin iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli “Akt”a əsasən Zaqatala Rayon Dövlət Arxivində saxlanılan “Arıçılıq” sovxozuna dair əmrlər və əmək haqqlarının yerində qarşılıqlı yoxlanması zamanı iddiaçının xx.xx.1976-cı ildə 28 nömrəli Əmrlə sovxoza sürücü təyin olunması müəyyən edilsə də, onun xx.xx.1993-cü ildən sonra əməkhaqqı alması, həmçinin işdən çıxmasına dair müvafiq Əmr xx.xx.1999-cu ilin əmr kitablarında aşkar edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar