Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1196/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Dövlət Arxivindən verilən arayışa əsasən 1968-1997-ci illərdə qeyd olunmuş Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət edərək sənədlərini, 1968-1997-ci illərdə Zaqatala rayonu, “Nizami” adına kolxozda işləməyi barədə Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arxiv arayışını təqdim etmişdir. Lakin cavabdeh orqan iddiaçının əmək kitabçasının olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1970-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edildi. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı öz iddiasında arxiv arayışına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi 1970-1975, 1978-1997-ci illərdə Zaqatala rayonu keçmiş Nizami kolxozunda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında da olmalıdır. Ancaq İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Bundan başqa, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş, 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Onu da qeyd etmək lazımdır ki, iş üzrə təqdim olunmuş arxiv arayışı əsas götürülsə belə, bu iddiaçının pensiya hüququnun yaranmasına səbəb olmur. Belə ki, arxiv arayışına əsasən müəyyən olunur ki, İddiaçı əmək fəaliyyətinə 13 yaşında başlamışdır. Hansı ki, Əmək Məcəlləsinin 42-ci maddəsində qeyd olunur ki, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bu da onu göstərir ki, 15 yaşından aşağı vətəndaşlar işçi kimi əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Yəni qeyd olunan dövrlərin iş stajı kimi nəzərə alınması qanunvericiliyə tamamilə ziddir. Bundan başqa, vətəndaşın işə girmə və işdən çıxmasına dair protokol qərarları Zaqatala rayon Lahıc kənd Nizami adına kolxozun protokollar kitabında yoxdur. Bunu Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı da sübut edir. Həmçinin, arxiv arayışından görünür ki, 1970 və 1981-ci illərə aid şəxsi hesab kitabları Dövlət Arxivində yoxdur. Bu da həmin dövrdə vətəndaşın həmin kolxozda işləyib-işləməməsi məsələsini sual altında qoyur. Qeyd olunanlardan da göründüyü kimi vətəndaş pensiya təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər stajı yoxdur və həmin illərin staja daxil edilməsi iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilən Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 135 nömrəli arxiv arayışının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1968- 1997-ci illər ərzində “Nizami” adına kolxozda işləyərək əmək haqqı almışdır. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli Aktın surətindən müəyyən edilir ki, iddiaçı 1970-ci ildən 1997-ci ilədək Zaqatala rayon “Nizami” adına kolxozda işləməklə əmək haqqı almışdır. Beləliklə, iddiaçının arxiv arayışında qeyd olunan iş stajı təsdiq olunmuşdur. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci il tarixində yaranmışdır. İddiaçının mübahisələndirilən sığorta stajı 1970- 1975, 1978-1997-ci illərdə Zaqatala rayonu keçmiş Nizami kolxozunda işlədiyi 24 il təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı hərbi biletin surətində qeyd edildiyi 1 il 10 ay 15 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 434 nömrəli arayışından görünür ki, iddiaçı 1975-ci ilin noyabr ayından 1977-ci ilin noyabr ayınadək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci l tarixli 135 nömrəli Arxiv arayışı,xx.xx.2020-ci il tarixli Aktın surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, AR SHXÇDX Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 434 nömrəli arayışı, cavabdehin etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçı cavabdeh orqana ona hüququnun yarandığı tarixdən yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh orqan iddiaçının 1 il 10 ay 15 gün hərbi xidmət illərini mübahisələndirməsə də, iddiaçının 1970-1997-ci illərdə “Nizami” adına kolxozdakı 24 il iş müddətini mübahisələndirmişdir. Belə ki, cavabdeh orqan iddiaçının əmək kitabçasının mövcud olmamasını əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Aktın surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci l tarixli 135 nömrəli Arxiv arayışı ilə iddiaçının 1970-1997-ci illərdə “Nizami” adına kolxozda işləməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə iddiaçının mübahisələndirilməyən 1 il 10 ay 15 gün hərbi xidmət müddətinə onun mübahisələndirilən “Nizami” adına kolxozdakı 24 il iş dövrünü əlavə etdikdə cəmi 25 il 10 ay 15 gün ümumi sosial sığorta stajı edir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta müddətini tamamlayır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1970-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1970-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1196/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1196/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver