Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1198/2022 21.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "2020-ci ilin yanvar ayından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "1972, 1973, 1979-1997-ci illərdə Balakən rayonu Sarıbulaq kəndi S.Vurğun adına kolxozda işlədiyi illərin, xx.xx.2016-cı ildə "xxxx"ın Balakən filialında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə ilə bağlı 36,5 manat sosial sığorta ödənişinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi qeydə alınmaqla sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən həmin işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə xx.xx.2022-ci ildə qərardad çıxarılmış və iş xx.xx.2022-ci ildə Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, tələbini "2020-ci ilin yanvar ayından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyiin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1972-1973-cü, 1979- 1997-ci illərdə Balakən rayonu Sarıbulaq kəndi S.Vurğun adına kolxozda, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək X3 Zavodunda işləmiş, eyni zamanda, xx.xx.2016-cı ildə X4 filialında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə ilə bağlı 36,50 manat sosial sığorta ödənişi etmişdir. Belə olan halda, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən göründüyü kimi, İddiaçı xx.xx.1955-ci ildə anadan olmaqla xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması, yaxud da azı 25 il sığorta stajının olması tələb olunur. Müəyyən edildi ki, 28800 manat pensiya kapitalı tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2965,24 manat təşkil edir. İddiaçının sığorta stajı hesablandıqda isə müəyyən edildi ki, onun sığorta stajı xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olduğu 2 il 10 ay 20 gün, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək X3 Zavodunda işlədiyi müvafiq olaraq 6 ay 27 gün və 6 ay 24 gün, 1979- 1997-ci illərdə Balakən rayonu Sarıbulaq kəndi S.Vurğun adına kolxozda işlədiyi 19 ildən ibarətdir. Onun həmin kolxozda işlədiyi göstərilmiş 1972-1973-cü illər isə hərbi xidmətdə olduğu müddətlə üst-üstə düşür. Beləliklə, iddiaçının sosial sığorta stajının cəmi 23 il 1 ay 11 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən azdır. Lakin bununla yanaşı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə deyilir ki, 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə görə, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Balakən filialının xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2016cı ildə "xxxx" ASC-nin Balakən filialının kassasına (dsmf torpağın mdss təyinatı) ilə 36,50 manat vəsait ödəmişdir. Lakin məhkəmə tərəfindən cavabdehə sorğu edilərək alınmış cavab məktublarından müəyyən edilmişdir ki, göstərilən məbləğ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmamışdır. Belə olan halda isə, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinin tələblərinə uyğun yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk növbədə onun xx.xx.2016-cı ildə banka ödədiyi 36,50 manat məcburi dövlət sosial sığorta haqqı fərdi hesabının sığorta hissəsində qeydə alınmış olmalıdır. Bunun üçün isə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına müraciət etməlidir. Həmin filial iddiaçının müraciətini müsbət həll edəcəyi halda, iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin ediləcək, müsbət həll etməyəcəyi halda isə, o, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı müvafiq öhdəliyin həmin filialın üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ əldə edəcək. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndində deyilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 7-ci bəndində deyilir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə hazırkı iddia ilə deyil, yuxarıda göstərilən qaydada Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına müraciət etməklə, bu müraciət müsbət həll olunmadıqda isə məhkəmədə həmin filiala qarşı "ödədiyi 36,50 manat məcburi dövlət sosial sığorta haqqının fərdi hesabının sığorta hissəsində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia qaldırmaqla nail ola bilər. Hazırkı iddia isə mümkün sayıla bilməz. Məhkəmənin bu mövqeyi məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Vəkil ətraflı şəkildə izah edilmiş, o, yazılı münasibətini məhkəməyə iddiaçı ilə məsləhətləşdikdən sonra təqdim edəcəyini bildirsə də, təyin edilmiş müddətdə yazılı münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "2020-ci ilin yanvar ayından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1198/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1198/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver