Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1199/2020 14.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Layihə-Tədqiqat İdarəsinə qarşı “ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət aktında göstərilən koordinatlara uyğun göstərilməsi və boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Layihə-Tədqiqat İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət aktında göstərilən koordinatlara uyğun göstərilməsi və boşaldılaraq qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Göyçay rayonu Aqrar İslahat komissiyasının 17 sentyabr 1988-ci il tarixli 42 nömrəli qərarı ilə Göyçay rayonunun Çayarx kəndində yaşayan İddiaçı və ailə üzüvlərinə 0,79 ha və qardaşı X2 və ailə üzvlərinə 0,64 ha torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin torpağın mülkiyyət hüququna dair JN-1009 (kod ********) saylı və qardaşı X1 və ailə üzvlərinin torpaq sahəsinə mülkiyyət hüququnu dair JN-1008 (kod ********) saylı dövlət aktları ilə öz təsdiqini tapır. 7-8 ildir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən nar bağına aid 0,52 ha torpaq sahəsi və qardaşı X1 mülkiyyətində olan torpaq sahəsindən nar bağına aid 0,41 ha cəmi (0,52+0,41) ha 0,93 ha torpaq sahəsi qanunsuz olaraq ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuşdur. Onlara məxsus 0,93 ha torpaq sahəsinin dövlət aktında göstərilən koordinatlara uyğun düzgün ölçülərək özlərinə qaytarılması haqqında cavabdeh orqana və tabe olduğuları baş idarəyə yazılı-şifahi şəkildə müraciət etmişdir. Lakin müxtəlif bahanələrlə torpaq sahəsinin qaytarılmasını yubadırlar. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanların təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Layihə-Tədqiqat İdarəsi həmin qərarla təsdiq edilmiş inzibati orqanların təsnifatına aid edilməmişdir. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin də məzmunundan görünür ki, iddiaçının torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt olunmuşdur. Bundan narazı olduğu halda iddiaçı həmin şəxslərə qarşı mülki qaydada iddia qaldırmaqla onların zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını tələb etməlidir. Torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və s. inzibati xarakterli tələblə isə iddiaçı ilk növbədə buna cavab verməli orqana müraciət etməli, müraciəti müsbət həll olunmadığı halda həmin inzibati orqana qarşı müvafiq tələblə inzibati qaydada iddia qaldırmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırkı məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən və ona yardım edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi və ya ona yardım edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmiş və ona yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Layihə-Tədqiqat İdarəsinə qarşı “ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət aktında göstərilən koordinatlara uyğun göstərilməsi və boşaldılaraq qaytarılması” barədə iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1199/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1199/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver