Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-12/2020 13.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1 vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X2 adına 20.10.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla Balakən rayonu Mahamalar kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi Balakən rayon Mahamalar kənd sakinləri X2, İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi mülkiyyətinə verilmiş və onların adına bu barədə JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin 0,06 ha torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,1 kv.m yaşayış, 44,9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində 20.10.2008-ci ildə **********00-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata almışdır. Bu barədə onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən digər mülkiyyətçilər İddiaçı4 Məhəmməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X2 adına verilmiş MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə öz adları da daxil edilməklə, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin 10.08.2018ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh öz imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün 20.10.2008-ci il tarixli MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da düzəliş aparılmalıdır, digər tərəfdən, qeyd olunan torpaq sahəsi X2 iddia ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilir (İş nömrəsi 2-1(84)-1314/2018). Bundan sonra iddiaçılar İddiaçı4 Məhəmməd oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, Balakən rayonu Mahamalar kəndində (yeni ünvan: Balakən şəhəri Z.Əliyeva küçəsi ev 24) yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya qarşı 15.10.2018-ci il tarixli etirazında əvvəlki imtina məktubunun dəlillərinə istinad edərək qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs X3 iddiaya qarşı yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçılar çıxarışı mübahisələndirmək üçün iddia müddətini buraxmışlar. Müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan İddiaçı4 Məmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə ayrıca iddia ilə məhkəməyə müraciət etmiş və iş Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. Ona görə də məhkəmənin 24.01.2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2019-cu il tarixli 2-1(84)-34/2019 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan İddiaçı4 Məmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. Şəki Apelyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli 2-1(107)-574/2019 nömrəli qərardadı ilə iddiaçı X2 apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2019-cu il tarixli 2-1(84)-34/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.01.2020-ci il tarixli 2-1(102)-181/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli 2-1(107)-574/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçı X2 və onun vəkili Vəkil2 kassasiya şikayəti təmin olunmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30.01.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 04.11.2018-ci ildə İddiaçı4 vəfat etmişdir. Şifahi məhkəmə baxışı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 mərhum İddiaçı4 birinci nikahından doğulmuş oğlu X6 ilə, İddiaçı1 vəkili Vəkil1 isə mərhumun sonuncu arvadı İddiaçı1 ilə əvəz olunmasını xahiş etdi. Məhkəmə bu qənaətə gəldi ki, mülki hüquqi anlamda vərəsəlik və prosessual hüquq varisliyi mahiyyət etibarı ilə fərqli hüquqi institutlar olduğuna, mərhum İddiaçı4 mirasının bölüşdürülməsi ilə bağlı məsələ hazırkı işdə həll edilmədiyinə görə onun bütün vərəsələrinin müəyyən edilərək hazırkı prosesə cəlb edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab etdi ki, mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsi kifayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğundur. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, X2 adına 20.10.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla Balakən rayonu Mahamalar kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0,06 ha torpaq sahəsi X2, İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir; - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,06 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X2 tam mülkiyyət hüququ 20.10.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İşdə olan, İ seriyalı 971474 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı4 04.11.2018-ci ildə vəfat etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Üçüncü şəxs X2 iddiaya qarşı etirazı ilə bağlı məhkəmə qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara iddia müddəti tətbiq edilmədiyinə görə hazırkı iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, 06.07.2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və bu qeydiyyatla bağlı verilmiş aktlar reyestrdə qeydiyyat aparmaq üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini hazırda da saxlayır və həmin sənəddə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Həmin şəhadətnamədə adları göstərilmiş İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 0,06 ha torpaq sahəsində ümumi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən heç bir hal yoxdur. Cavabdeh həmin torpaq sahəsinə şəhadətnamədə adları sadlanan mülkiyyətçilərdən yalnız birinin, yəni X2 tam mülkiyyət hüququnu qeydiyyata almaqla digər mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Ona görə də iddiaçılar öz adlarının da qeydiyyata mülkiyyətçi kimi əlavə olunmasını tələb etməkdə haqlıdırlar. Bu səbəbdən iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış 20.10.2008-ci il tarixli qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissədə düzəliş edilərək, üçüncü şəxs X3 ilə yanaşı JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 da ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-12/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-12/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver