Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-120/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon keçmiş “Cavad Məmmədov adına” kolxozun X3 Komissiyasının 24.01.1998-ci il tarixli qərarına əsasən təsərrüfatda olan 603100 manat əmlak payına görə ona təsərrüfatın bağ sahəsindən verilmiş 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon keçmiş “Cavad Məmmədov adına” kolxozun X3 Komissiyasının 24.01.1998-ci il tarixli qərarına əsasən təsərrüfatda olan 603100 manat əmlak payına görə ona təsərrüfatın bağ sahəsindən verilmiş 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İsmayıllı rayon Mican kənd keçmiş “Cavad Məmmədov” adına kolxozun AİK-nın 03.09.1997-ci il tarixli 22 nömrəli iclas qərarı ilə əmlak payı almaq üçün tərtib edilmiş siyahıların təsdiq edilməsi, meyvə bağlarının əmlak paylarına uyğun bölüşdürülməsi, əmlak payı almaq hüququ olan adamlara verilməsi, bağların altında olan torpaq sahələrinin həmin adamlara torpaq payı kimi verilməsi və onların ümumi torpaq payından həmin sahənin azaldılması qərara alınmış, daha sonra isə 24.01.1998-ci il tarixdə təsərrüfatda əmlak payı olan İddiaçı dəyəri 603100 manat olan 0.10 ha meyvə bağının verilməsi ilə bağlı akt tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsinin həmin vaxtdan etibarən qanuni istifadəsində olmasını bildirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını, iddia olunan torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən hər hansı sənədin mövcud olmadığını, torpaq islahatı aparılan zaman iddiaçıya müvafiq torpaq sahəsinin ayrıldığını bildirmiş, göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 24.01.1998-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, C.Məmmədov adına kolxozun yerli islahat komissiyasının 22№-li 03.09.1997-ci il tarixli qərarəna əsasən təsərrüfatda əmlak payı olan İddiaçı dəyəri 603100 manat olan 0.10 ha meyvə bağının verilməsi ilə bağlı məlumatlar qeyd edilmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin 16.07.2021-ci il tarixli məktubuna əlavə edilmiş, İsmayıllı rayon Mican kənd keçmiş “Cavad Məmmədov” adına kolxozun AİK-nın 03.09.1997-ci il tarixli 22 nömrəli iclas protokolundan görünür ki, əmlak payı almaq üçün tərtib edilmiş siyahıların təsdiq edilməsi, meyvə bağlarının əmlak paylarına uyğun bölüşdürülməsi, əmlak payı almaq hüququ olan adamlara verilməsi, bağların altında olan torpaq sahələrinin həmin adamlara torpaq payı kimi verilməsi və onların ümumi torpaq payından həmin sahənin azaldılması qərara alınmışdır. İddiaçı təsərrüfatın bağ sahəsindən torpaq sahəsi ayrılmasına dair əlavə sənəd aşkar edilməmişdir. - DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 10.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin 29.12.2021-ci il tarixli və cavabdehin 17.02.2022-ci il tarixli məktublarından görünür ki, mütəxəssislər tərəfindən İsmayıllı şəhəri ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər təqdim edilmədiyi üçün naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. - JN-326F Kod 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və torpaq payı almış subyektlər siyahısından görünür ki, iddiaçıya digər ailə üzvləri ilə birlikdə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20.02.2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı kəndi ərazisində 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. - JN-0428, KOD 40719028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20.02.2001-ci il tarixli 120 saylı qərarı ilə iddiaçıya digər ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.93 ha pay torpaq sahəsi verilmişdir. - JN-428, KOD 40719028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.02.1999-cu il tarixli 66 saylı qərarı ilə iddiaçıya digər ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.83 ha pay torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, İsmayıllı rayon Mican kənd keçmiş “Cavad Məmmədov” adına kolxozun AİK-nın 03.09.1997-ci il tarixli 22 nömrəli iclas qərarı ilə əmlak payı almaq üçün tərtib edilmiş siyahıların təsdiq edilməsi, meyvə bağlarının əmlak paylarına uyğun bölüşdürülməsi, əmlak payı almaq hüququ olan adamlara verilməsi, bağların altında olan torpaq sahələrinin həmin adamlara torpaq payı kimi verilməsi və onların ümumi torpaq payından həmin sahənin azaldılması qərara alınmış, daha sonra isə 24.01.1998-ci il tarixdə təsərrüfatda əmlak payı olan İddiaçı dəyəri 603100 manat olan 0.10 ha meyvə bağının verilməsi ilə bağlı akt tərtib edilmişdir. Mövcud olan həmin sənədlər əsasında iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerini, həmçinin İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20.02.2001-ci il tarixli 120 saylı və 06.02.1999-cu il tarixli 66 saylı qərarıları ilə müvafiq olaraq ailə üzvləri ilə birlikdə iddiaçıya 0.93 ha və 0.83 ha pay torpaq sahələri ayrılarkən ümumi torpaq payından həmin sahənin azaldılıbazaldılmamasını müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və torpaq sahəsini ona təhkim edən səlahiyyətli orqanın təsdiqlədiyi hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uzun müddət torpaq sahəsindən faktiki istifadə etməsini bildirməsi, ona verilmiş torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını iddia etmək üçün əsas vermir. Bunun üçün ən azı torpaq sahəsinin ölçülərinin əks olunduğu müvafiq yerquruluşu sənədləri də mövcud olmalı idi ki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı da belə sənədlər aşkar edilməmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə sxemi mövcud olmadığından və təqdim edilmiş 24.01.1998-ci il tarixli aktda torpaq sahəsinin koordinatları, coğrafi yerləşmə vəziyyəti barədə hər hansı məlumat olmadığından hansı torpaq sahəsi üzərində (yaxud nəyə görə məhz iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi üzərində) iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin yeri bəlli olmadığından cavabdehin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtinasının əsasları qanuni olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon keçmiş “Cavad Məmmədov adına” kolxozun X3 Komissiyasının 24.01.1998-ci il tarixli qərarına əsasən təsərrüfatda olan 603100 manat əmlak payına görə ona təsərrüfatın bağ sahəsindən verilmiş 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.