Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1200/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək pensiyasının hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 0260003AAE18 saylı rəyi ilə iddiaçının həmin tarixdən 2-ci qrup əlillik və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş, rəy cavabdehə həm onlayn, həm də tərəfindən şəxsən verilmişdir. Zəruri sənədlər ondan tələb edilib, 2018-ci ilin aprel ayının sonlarında götürülsə də üzün müddət pensiya təyin edilməmiş, təyin edilməməsinin səbəbləri barədə məlumat verilməmişdir. İddiaçının müraciətindən sonra ona iş ştajı nəzərə alınmadan müavinət təyin edilmişdir. DSMF publik hüquqi şəxsin Zərdab rayon filialına sorğu göndərmiş və cavab olaraq 1995-2013-ci illər üçün sığorta stajının olmadığı bildirilmişdir. Təkrar sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla bildirilmişdir ki, 1995-2006-cı illəri əhatə etdiyi dövr ərzində sosial sığorta haqqı ödənişlərinə dair heç bir təsdiqedici sənədi olmadığı üçün, 2006-2015-ci illəri əhatə etdiyi dövr ərzində fərdi hesabında ümumilikdə 11 ay (2011—X-Xİİ ay, 2012—İİİ ay, 2013—İİ, İX ay, 2014—İİİ, Xİİ ay, 2015—İİİ, Xİİ ay, 2016—İV ay) sosial sığorta stajı və 692.90 manat kapitalı olduğu üçün əmək pensiyası təyin edilməsi mümkün deyil. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçının yaşına uyğun 14 il sosial sığorta stajı və 25200 manat pensiya kapital olmalıdır. İddiaçı xx xxxx 1979-cu ildən xx xxxx 2015-ci il tarixədək fasiləsiz işləmiş və bu barədə əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh hər hansı araşdırma aparmadan 1995-2015-ci illər ərzində pensiya kapitalının olmadığını bildirsə də təkzibedilməz sübutlar qarşısında xx.xx.2020-ci il tarixli, məktubla 2006-2015-ci illər üçün 692,90 manat sığorta kapitalının olduğunu bildirməyə məcbur olmuş, lakin qanunsuz və əsassız olaraq pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Hazırkı iddianı qaldırmaqda hüquqi marağını işlədiyi bütün müddətin sığorta stajına daxil edilməsi ilə pensiyanın yenidən hesablanmasından ibarətdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli iclasda məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1. maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əlilliyə görə pensiyanın təyin edilməsi şərtləri Qanunun 12-ci maddəsində göstərilmişdir. 12.1-ci maddəyə əsasən İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı ən azı 5 il olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, Qanunun 12-ci maddəsi İİ qrup əlilliyə görə pensiya təyinatı üçün 2 şərt müəyyənləşdirir: 1) Staj tələbi 2) Kapital tələbi İddiaçı vəziyyətində isə ona xx.xx.2018-ci il tarixində İİ qrup əlillik təyin edilmişdir. Bu halda vətəndaş üçün Tələb olunan staj (55 yaş - 15)/3=13.4 ay staj (13x12+4)x144/192=120 Tələb olunan kapital 120x116,27=13952,40 manat İddiaçı fərdi hesabında isə 1995-ci il tarixədək 9469,65 manat və 2006-cı ildən xx.xx.2018-ci il tarixədək 1097,46 manat, ümumilikdə isə cəmi 10567,11 manat pensiya kapitalı vardır. Beləliklə, hazırki işdə Qanunun 12-ci maddəsinin kapital tələbi ödənilmir. Oxşar məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsində də olmuşdur. Belə ki, 2-1(102)-652/2020 saylı qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: -1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmçinin məhkəmə kollegiyası onu da vurğulamışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsini cavabdehin qaldırıb-qaldırmamasından asılı olmayaraq, iddiaçıya İİ qrup əlil kimi əlilliyə görə pensiya təyin edilməsi nəticəsinə gələrkən məhkəmə həmin məsələni xidməti vəzifəsinə görə aydınlaşdırmağa və qanunun tələb etdiyi şərtin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının 14 il 5 ay 18 gün sosial sığorta stajı vardır. İş materillarında olan DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020ci il tarixli **********1 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla əmək kitabçası üzrə xx.xx.1995-ci il tarixədək mübahisələndirilməyən, cəmi 13 il 6 ay 18 gün sosial sığorta stajı və 9469,95 manat pensiya kapitalı vardır. Vətəndaşın mübahisəli iş stajı, yəni 1995-2015-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Zərdab rayon hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərdiyi dövrdə sosial sığorta haqqı ödənişlərinə dair heç bir təsdiqedici sənədi olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının 2006-2015-ci illəri əhatə edən dövr üzrə fərdi hesabında ümumilikdə 11 ay (2011—X-Xİİ ay, 2012—İİİ ay, 2013—İİ, İX ay, 2014—İİİ, Xİİ ay, 2015—İİİ, Xİİ ay, 2016—İV ay) sosial sığorta stajı və 692.90 manat kapitalı olduğu müəyyən edilmişdir. Vətəndaşa əmək pensiyası təyin edilməsi üçün hüququ yarandığı tarixə yaşına uyğun 13 il 4 ay sosial sığorta stajı və 13952.40 manat pensiya kapitalı olmalıdır. İş materiallarında olan Zərdab rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 22 nömrəli məktubundan və ona əlavə edilmiş arxiv arayışından görünür ki, İddiaçı 1978- 1980-ci il,1983-cü illərdə “İnqilab” kolxozunda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vəkillər X1 xx.xx.2020-ci il tarixli 1009 nömrəli məktubundan və ona əlavə edilmiş sənəddən görünür ki, İddiaçı 1995- 2004-cü illərdə və 2007-2014-cü illərdə Vəkillər Kollegiyasının üzvü olmuşdur. İş materiallarında olan DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan və ona əlavə edilmiş sənəddən görünür ki, İddiaçı 2011—X-Xİİ ayı, 2012—İİİ ayı, 2013—İİ,İX ayı, 2014—İİİ,Xİİ ay, 2015—İİİ,Xİİ ayı, 2016—İV ayı DSMF-na məcburi sosial sığorta haqqı ödəmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının tədiqlənmiş surəti, DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 22 nömrəli məktub və ona əlavə olunmuş Arvix arayışı, Azərbaycan Respublikasının Vəkillər X1 xx.xx.2020-ci il tarixli 1009 nömrəli məktubu və ona əlavə edilmiş sənəd, DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu və ona əlavə edilmiş sənəd aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti cavablandırmadığından hazırkı mübahisə yaranmışdır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün minimum 13 il 4 ay sosial sığorta stajı və 13952.40 manat pensiya kapitalı tələb olunur. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının 14 il 5 ay 18 gün iş stajı və 10567 manat 11 qəpik pensiya kapitalı vardır. İddiaçının xx xxxx 1962-ci il təvəllüdlü olmaqla ona xx xxxxx 2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 13 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 55–15 yaş əmək qabiliyyətli olmayan dövr = 40 il x 4 ay = 160 ay : 12 = 13 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 10162.85 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 160 ay/192 = 0,83333. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,83333x144=120) və pensiya sığorta kapitalı (PSK=10567.11) alınmış rəqəmə bölünərək (10567.11/120=88.05 manat) pensiyanın məbləği 88.05 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan xx xxxxx 2018-ci ildə minimum pensiya 116,27 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 13 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının 14 il 5 ay 18 gün sosial sığorta stajının olması müəyyən edilmişdir. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. İddiaçının 1995-2015-ci illərdə vəkil kimi fəaliyyət göstərdiyi dövrlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməsi təsdiqini tapmamış, iddiaçı tərəfindən bunun edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçının 2006-2015-ci illəri əhatə edən dövr üzrə fərdi hesabında ümumilikdə 1097.46 manat kapitalı olduğu müəyyən edilmişdir. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 10567.11 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.; - 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 160 olduğundan, əmsal 0,83333 təşkil edir. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur və pensiya sığorta kapitalı alınmış rəqəmə bölünərək pensiyanın məbləği 88.05 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə pensiya təyin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1200/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1200/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver