Məhkəmə qərarları › İş №2-1(116)-1202/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1202/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1202/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq mənə təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq mənə təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 noyabr 2023-cü ildən İİİ qrup əlildir. Belə ki, ona “hər iki diz oynağının artrozu İİİ-İV mərhələ. Bükücü 90 dərəcə, açıcı 170 dərəcə kontrakturası” diaqnozu qoyulmuşdur. Buna görə də ona İİİ dərəcəli əllik təyin edilmişdir. Lakin, o hələ 2002-ci ildən qeyd olunan xəstəliyə düçar olmuş və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Bununla bağlı o cavabdeh orqana müraciət edərək, “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında tərtib olunmuş xəstəlik tarixinin” ona təqdim olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərərk iddia olunan sənədlərin aşkar olunmadığını bildirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdeh orqanın nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Tibbi-Sosial Ekspertiza Komissiyanın xx.xx.2023-cü il tarixli müayinə nəticələri

2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məlumatı;

3. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o cavabdeh orqandan “hər iki dizin travması” barədə 2002-ci ilin sentyabr ayında tərtib olunduğunu iddia etdiyi xəstəlik tarixinə dair sənədin ona təqdim olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dən onun 2002-ci il tarixinə aid olan stasionar müayinə və müalicəsi barədə xəstəlik tarixinin verilməsini xahiş etsə də, həmin sənədin əvvəllər mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.Nəticə etibarı ilə məhkəmə iddianı əsassız,cavabdehin imtinasını əsaslı hesab edərək qeyd edir ki,iddiaçı əvvəllər verilmiş olduğunu iddia etdiyi sənədin mövcud olduğunu sübut edə bilməmiş,cavabdeh tərəfindən isə həmin dpvrdə iddiaçının hər hansı müayinə və müalicəsinin olmadığı göstərilmişdir.Yəni,əslində həmin sənəd əvvəllər mövcud olmadığından təkrar verilməsi də mümkün deyildir. İş materialllarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və “hər iki diz oynağının artrozu İİİ-İV mərhələ. Bükücü 90 dərəcə, açıcı 170 dərəcə kontrakturası “ diaqnozu ilə İİİ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixində isə əlilliyin müddəti bitmişdir. İddiaçının hüquqi marağı ona yenidən əlilliyin təyin edilməsi ilə bağlıdırsa, bu zaman onun barəsində tibbi göndəriş olmalı və həmin göndəriş əsasında Tibbi-Sosial Ekspertiza Komissiya şəxsin sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Əgər iddiaçı onun barəsində göndərişin tərtib edilməsi ilə bağlı tibb müəssisəsinin hərəkət və yaxud hərəkətsizliyinin, həmçininTibbi-Sosial Ekspertiza Komissiyasının qiymətləndirmə nəticəsində qəbul etdiyi inzibati aktın onun hüquqlarını pozulduğunu düşünərsə bu zaman həmin tibb müəssisəsindən şikayət edə və ya inzibati aktı mübahisələndirə bilər. Yəni, iddiaçının arzuladığı nəticə ilə xəstəlik tarixinin əldə edilməsində səbəbli əlaqə mövcud deyildir. O, 23 il əvvəl qoyulmuş diaqnozla bağlı xəstəlik tarixini əldə etməklə hüquqi vəziyyətində heç bir dəyişikliyə nail olmayacaqdır. Digər tərəfdən əgər iddiaçı 2002-ci il tarixində onda təsdiqini tapmış diaqnoz ilə yeni göndərişin verilməsini arzu edirsə, bu mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq bu qədər uzun müddətin keçməsi nəinki iddiaçının sağlamlıq vəziyyətinin 2002-ci ildə qoyulmuş diaqnoza uyğun veriləcək göndərişə əsasən qiymətləndirilməsini mümkünsüz edir, hətta həmin diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh TƏBİB “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq mənə təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar