Məhkəmə qərarları › İş №2-1(116)-1204/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1204/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1204/2020 14.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ona ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış 14.08.2017-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən qalıq borcun olmadığına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış 14.08.2017-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən qalıq borcun olmadığına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09.12.2014-cü il tarixdə hal-hazırda ləğv prosesində olan "xxxx" ASC ilə aralarında ********* saylı kredit müqaviləsi bağlamışdır. Sözügedən müqaviləyə əsasən iddiaçıya 1 (bir) faiz komissiya xərci tutulması daxil olmaqla 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları (həmin tarixə manata olan məzənnə ilə 5000) (beş min manat) məbləğində kredit verilmişdir. Kredit 24 (iyirmi dörd) aya verilmiş, kreditin istifadəsinə görə Borcalan Kreditora illik 32 (otuz iki) faizin ödənilməsi, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33.14 (otuz üç tam yüzdə on dörd) faiz və aylıq kredit ödənişi 362.88 ABŞ dolları (həmin tarixə manata olan məzənnə ilə 286 manat) təyin edilmişdir. Bundan sonra 21.02.2015-ci ildə devalvasiya baş vermiş və beləliklə xarici valyuta olan ABŞ dollarının Azərbaycan manatına nisbəti 1.05 olmuşdur. Daha sonra iddiaçı 16.04.2015-ci il tarixdə hal-hazırda ləğv prosesində olan "xxxx" ASC ilə 01/15-ƏS saylı Əlavə Saziş bağlamış, bu sazişə əsasən onun kredit borcu 5872.61 ABŞ dolları göstərilmiş, müqavilənin 2.3 bəndinə əsasən, kreditin müddəti 16.04.2018-ci il tarixədək və aylıq kredit ödənişi isə 255.78 ABŞ dolları (həmin tarixə manata olan məzənnə ilə 274 manat) təyin edilmişdir. Birinci devalvasiyadan 10 ay sonra, yəni 21.12.2015-ci ildə manat təzyiqlərə tab gətirməyərək ikinci dəfə ucuzlaşmaya məruz qaldı. Bu dəfə ucuzlaşma əmsalı daha böyük - 47% idi. Yeni kurs “1 USD = 1.55 AZN” şəklində təyin edildi. Daha sonra 27.01.2017-ci il tarixdə iddiaçı yenidən ləğv prosesində olan 'Dəmirbank" ASC ilə “Əlavə Saziş 2” saylı müqavilə bağlamışdır. Bu dövrlərdə ölkədə olan inflyasiya ilə bağlı cavabdehə olan borcun ödənişində çətinlik yarandığından iddiaçı cavabdeh ilə qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı yenidən 14.08.2017-ci il tarixdə Əlavə Saziş bağlamışdır. 14.08.207-ci il tarixli 3 saylı Əlavə Sazişə əsasən iddiaçının cavabdehə olan borcu 7466.21 manat olduğu müəyyən edilmişdir. İddiaçı cavabdeh ilə ilk müqavilə bağladığı andan 09.12.2014-cü il tarixdən 16.04.2015-ci il tarixədək 09.01.2015-ci il tarixdə 286 manat (362.88 ABŞ dolları), 09.02.2015-ci il tarixdə 286 manat (362.88 ABŞ dolları), 09.03.2015-ci il tarixdə 286 manat (272.38 ABŞ dolları bu zaman kurs məzənnəsi 1.05 müəyyən edilmişdir) və 09.04.2015-ci il tarixdə də 286 manat (272.38 ABŞ dolları) məbləğində vəsait ödəmişdir. İkinci müqavilədən sonra 18.05.2015-ci il tarixdə 261.68 ABŞ dolları (274.76 manat), 16.06.2015-ci il tarixdə 261.5 ABŞ dolları (274.67 manat), 15.07.2015-ci il tarixdə 181.21 ABŞ dolları (190.27 manat), 21.07.2015-ci il tarixdə 64.45 ABŞ dolları(67.67 manat), 22.07.2015-ci il tarixdə 14.22 ABŞ dolları (14.68 manat), 25.08.2015-ci il tarixdə 259.72 ABŞ dolları (272.70 manat), 21.09.2015-ci il tarixdə 259.96 ABŞ dolları (272.95 manat),19.10.2015-ci il tarixdə 113.85 ABŞ dolları (119.54 manat), 27.10.2015-ci il tarixdə 85.31 ABŞ dolları (89.57 manat), 16.11.2015-ci il tarixdə 113.64 ABŞ dolları (119.32 manat), 23.11.2015-ci il tarixdə 60.61 ABŞ dolları (63.64 manat), 16.12.2015-ci il tarixdə 109.06 manat, 17.12.2015-ci il tarixdə isə 56.85 ABŞ dolları (59.69 manat) məbləğində vəsait cavabdehin xeyrinə ödəmişdir. Bundan sonra isə yenidən devalvasiya olmuş Mərkəzi Bank “üzən məzənnə” sisteminə keçid almışdır. Buna görə də iddiaçı bundan sonra banka olan kredit borcunu 1.55 əmsalla ödəməyə başlamışdır. Odur ki, 27.01.2016-cı il tarixdə 74.07 ABŞ dolları (114.80 manat), 17.02.2016-cı il tarixdə 130.16 ABŞ dolları (201.74 manat), 30.03.2016-cı il tarixdə 175.80 ABŞ dolları (274 manat), 29.04.2016-cı il tarixdə 183.74 ABŞ dolları (276.93 manat), 23.05.2016-cı il tarixdə 180.52 ABŞ dolları (270 manat), 30.06.2016-cı il tarixdə 171.25 ABŞ dolları (263.62 manat), 25.08.2016-cı il tarixdə 162.19 ABŞ dolları (251.39 manat), 31.10.2016-cı il tarixdə 166.06 ABŞ dolları (257.39 manat) məbləğində vəsaiti cavabdehin xeyrinə ödəmişdir. Bundan sonra iddiaçı cavabdeh ilə yenidən müqavilə bağlamışdır. Bu dəfə isə cavabdeh iddiaçının ona olan kredit borcunu manat məzənnəsinə çevirərək müqaviləni manatla bağlamışdır. Odur ki, iddiaçı 27.02.2017-ci il tarixdə 170 manat, 27.03.2017-ci il tarixdə 167 manat, 28.04.2017-ci il tarixdə 127.60 manat, 01.05.2017-ci il tarixdə 40 manat, 30.05.2017-ci il tarixdə 130 manat, 31.05.2017-ci il tarixdə 21 manat, 02.06.2017ci il tarixdə 15 manat, 28.06.2017-ci il tarixdə 100 manat, 10.07.2017-ci il tarixdə 70 manat, 18.09.2017-ci il tarixdə 252 manat, 16.10.2017-ci il tarixdə 126 manat, 16.11.2017ci il tarixdə 124 manat, 18.12.2017-ci il tarixdə 126 manat,17.01.2018-ci il tarixdə 125 manat, 15.02.2018-ci il tarixdə 126 manat, 19.03.2018-ci il tarixdə 126 manat, 16.04.2018ci il tarixdə 126 manat, 16.05.2018-ci il tarixdə 125 manat, 20.06.2018-ci il tarixdə 125 manat, 17.07.2018-ci il tarixdə 90 manat, 23.07.2018-ci il tarixdə 35 manat, 15.08.2018-ci il tarixdə 100 manat, 20.08.2018-ci il tarixdə 26 manat, 19.09.2018-ci il tarixdə 126 manat, 15.10.2018-ci il tarixdə 125 manat, 15.11.2018-ci il tarixdə 126 manat, 07.12.2018-ci il tarixdə 125 manat, 16.01.2019-cu il tarixdə 126 manat və 18.02.2019-cu il tarixdə isə 125 manat məbləğində cavabdehin xeyrinə vəsait ödəmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə Əmanətlərin Sığortalanması Fondunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. İnzibati orqanların təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, Əmanətlərin Sığortalanması Fondu həmin qərarla təsdiq edilmiş inzibati orqanların təsnifatına aid edilməmişdir. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından banklara qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırkı məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən və ona yardım edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi və ya ona yardım edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmiş və ona yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ona ləğv prosesində olan "xxxx" ASC ilə aralarında bağlanmış 14.08.2017-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən qalıq borcun olmadığına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar