Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1205/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinə qarşı “X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək vəzifə uyğundur qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 təşkil etdiyi müsahibə komissiyasının 31 mart tarixli qərarının nəticəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 21 saylı qərarının nəticəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11221/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(103)-3387/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək vəzifə uyğundur qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, DİM-nin keçirdiyi imtahanlarda BB və BA kataqoriyası üzrə müvafiq dövlət qulluqçusu sertfikatı almış, həmin sertfikatlara əsasən, dövlət orqanlarının müsahibəsində iştirak etmək hüququ qazanmışdır. xx.xx.2022ci il tarixində İqtisadiyyat şöbəsi təminat sektoru vakansiyasına görə iştirak etdiyi müsahibədə iştirak etmiş, yekun qiymətləndirmə balı 13,7 olmaqla vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçı, həmin qərardan Apellyasiya Şurasına şikayət vermiş, sonuncunun 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı, X1 xx.xx.2022-ci il tarixli qərarını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarını mübahisələndirməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddia ərizəsində göstərilən tələb əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq X1 xx.xx.2021-ci il tarixdə elan etdiyi müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İqtisadiyyat şöbəsinin Təminat sektorunun vakant aparıcı məsləhətçi vəzifəsinə iddia etmişdir. Onunla Azərbaycan Respublikası Prezidentinin 21,06.2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’nın tələblərinə uyğun müsahibə keçirilmiş, namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsi zamanı müvafiq balı toplamadığı (topladığı bal 13.7) üçün vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir (rəylər əlavə edilir). Daha sonra iddiaçı müsahibənin nəticəsi ilə bağlı verilmiş qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, Şuranın 21,06.2022-ci il tarixli 021 nömrəli Qərarı ilə şikayəti təmin edilməmiş və Müsahibə Komissiyasının qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır (qərar əlavə edilir). İddiaçı iddia ərizəsinin 3-cü səhifəsinin birinci abzasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının qərarının ona rəsmi elan edildiyini etiraf etmişdir. Qeyd edilən məsələ Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli iclasının video çəkilişində öz əksini tapmışdır (CD əlavə olunur). Həmçinin sözügedən qərar iddiaçıya təqdim edilməsi üçün birneçə dəfə Nazirlikdən əlaqə saxlanılmış lakin Nazirliyə gələ bilmədiyini qeyd etmişdir, qərar 7 iyul 2023-cü il tarixdə onun WhatsApp proqramı vasitəsi ilə telefon nömrəsinə göndərilmiş, iddiaçı qərarı xx.xx.2023- cü il tarixdə qol çəkərək götürmüşdür (surəti əlavə olunur). Cavabdeh orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 64.1, 73.1, İPM-nin 22.1, 38, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinad edərək iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinin iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçıla iddia ərizəsində nəticəsini mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant olan İqtisadiyyat şöbəsinin Təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinin tutulması üçün 27 dekabr 2021-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi 31 mart 2022-ci il tarixində keçirilmişdir. İddiaçıla müsahibənin keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üç nəfərdən ibarət tərkibdə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə) müsahibə komissiyası yaradılmış, həmçinin şəffaflıq və aşkarlığın təmin edilməsi məqsədilə müsahibənin keçirilməsi zamanı namizədin razılığı ilə videoçəkiliş aparılmışdır. İddiaçıla müsahibə vəzifənin qulluq funksiyalarına dair, eyni zamanda, vəzifə üzrə tərtib edilmiş və Mərkəzin internet portalında yerləşdirilmiş müsahibə proqramları çərçivəsində suallar verilməklə aparılmışdır. Lakin iddiaçı müsahibədə bilik səviyyəsini (müsahibə proqramı üzrə bilikləri) və peşə hazırlığını (nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığını) lazımi formada nümayiş etdirə bilməmişdir. Müsahibə zamanı İddiaçı cavabları iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və adıçəkilən Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətləri) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzin nümayəndələri və müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. Dövlət orqanının nümayəndəsi iddiaçını 13, Mərkəzin nümayəndəsi və müstəqil ekspert isə 14 balla qiymətləndirərək onun vakant vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi balların toplanılaraq komissiya üzvlərinin sayına bölünməsi nəticəsində iddiaçı 13,7 balla qiymətləndirilmişdir. Beləliklə, iddiaçı qanunvericiliyə uyğun olaraq müsahibədən müvəffəqiyyətlə keçmək üçün tələb edilən minimum baldan - 16 baldan 13,7 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir (“Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” və “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol” əlavə olunur). Qeyd edilənlərə əsasən İddiaçı “X1 təşkil etdiyi müsahibə komissiyasının 31 mart 2022-ci il tarixli qərarının nəticəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 21 saylı qərarının nəticəsinin ləğv edilməsi”nə dair iddia tələbi əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamsını xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - C 070703 nömrəli Bakalavr Diplomundan görünür ki, iddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istilik energetikası mühəndisliyi ixtisasını bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 021 nömrəli qərarından görünür ki, İddiaçı Fəqan oğlunun dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibənin nəticəsindən narazılığı barədə şikayəti təmin edilməmiş, Müsahibə Komissiyasının İddiaçı Fəqan oğlu barəsində qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli yekun protokoldan görünür ki, iddiaçının yekun qiymətləndirmə balı 13,7 müəyyən edilməklə “vəzifəyə uyğun deyildir” qeydi icra edilmişdir. - cavabdeh orqan tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli müsahibənin videogörüntülərindən görünür ki, xx.xx.2022-ci il tarixli yekun protokoldan verilmiş şikayətin təmin edilməməsi iddiaçıya elan edilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh X1 nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh DİM-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçının irəli sürdüyü tələb aşağıdakı iki hissədən ibarətdir:
1. X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək “vəzifəyə uyğundur” qeydinin icra edilməsi,
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə əsasən namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.23-1-ci bəndinə əsasən Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum dedikdə mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə - həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apelyasiya şuraları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən Apellyasiya Şurası mərkəzi icra hakimiyyəti orqanının qərarı, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: 7.3.1. qərar dəyişdirilmədən saxlanılsın; 7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin; 7.3.3. qərar dəyişdirilsin; 7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin edilməsi vəzifəsi mərkəzi icra hakimiyyəti orqanının üzərinə qoyulmaqla); 7.3.5. şikayət üzrə icraata xitam verilsin. Həmin Əsasnamənin 7.6-cı bəndinə əsasən müvafiq xüsusiyyətlər nəzərə alınmaqla, bu Əsasnamənin 7.3-7.5-ci bəndləri Apellyasiya Şurasında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilmiş şikayətlərə baxılmasına da şamil edilir. 7.10-cu bəndə əsasən Apellyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurası X1 xx.xx.2022-ci il tarixli qərarına münasibətdə şikayət instansiyası hesab olunmuş və ilkin qərarı yoxlamaq səlahiyyətinə malik olmuşdur. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. İşin hallarından göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarla iddiaçının şikayətini təmin etməmiş və X1 xx.xx.2022-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Yəni, şikayət instansiyası tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli inzibati akt ilkin inzibati aktı dəyişdirmədiyindən və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaratmadığından İPM-nin 32.2.2-ci maddəsinin tələbləri baxımından mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq cavabeh X1 xx.xx.2022-ci il tarixli qərarı “mübahisələndirmə haqqında” iddianın predmeti kimi nəzərdən keçirilməlidir. İş materiallarından görünür ki, sözügedən qərar iddiaçı barəsində əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarda icra edilmiş “vəzifəyə uyğun deyildir” qeydinin – “vəzifəyə uyğundur” qeydinə dəyişdirilməsində maraqlıdır. İddiaçı, X1 xx.xx.2022-ci il tarixli qərarını Apellyasiya Şurasında mübahisələndirmiş və xx.xx.2022-ci il tarixdə iddiaçının şikayətinə baxılaraq, şikayət təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının “İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İnzibati Prossesual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Göründüyü kimi, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe). Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddia müddətidir. Hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandıqda, hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu müəyyən edilməlidir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli müsahibəsinin videogörüntülərindən görünür ki, müsahibənin sonunda iddiaçıya şikayətinin təmin olunmaması və X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması elan edilir. Odur ki, mübahisələndirilən inzibati aktın iddiaçıya xx.xx.2022-ci il tarixdə elan edilməsini məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda iddiaçı, mübahisələndirilən inzibati aktın ona elan olunduğu (məlumatlı olduğu) xx.xx.2022-ci il tarixdən 30 gün müddətində (xx.xx.2022-ci il tarixədək) iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. İddiaçı isə müvafiq iddia ərizəsini xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim etmiş, bununla da İPM-nin 38.1ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. İnzibati işin şifahi məhkəmə baxışı iclası zamanı məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarı “mübahisələndirmə haqqında” iddianın predmeti ola bilməz, X1 xx.xx.2022-ci il tarixli qərarının mübahisələndirilməsi üçün isə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Həmçinin iddiaçıya izah edilmişdir ki, İPM-nin 24.1-ci maddəsinə əsasən buraxılmış prossesual müddətin bərpası barədə ərizə təqdim etmək hüququ vardır və təqdim edilmiş ərizəyə əsasən prossesual müddətin buraxılmasında proses iştirakçısının təqsirinin olubolmamasına hüquqi qiymət veriləcəkdir. İddiaçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətinin təmin edilməməsinin ona müsahibədə elan edilməsinə baxmayaraq, müvafiq qərarın surətinin ona xx.xx.2022-ci il tarixdə verilməsini və qərar təqdim edildikdən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırdığını, bununla da ümumiyyətlə prossesual müddəti buraxmadığını bildirərək, müddətin bərpası haqqında ərizənin verilməsindən imtina etmiş, həmçinin Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarını da mübahisələndirdiyini bildirərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçının iştirakı ilə müzakirə edilərək onun dinlənilmə hüququ təmin edilmiş, həmçinin iddia tələbinə mahiyyəti üzrə baxılması üçün zəruri olan prossesual müddətin bəspası barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Lakin, iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinə qarşı “X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək “vəzifə uyğundur” qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.