Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1205/2024 17.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavodun”da işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubun ləğv edilməsi və ona xx.xx.1991ci il tarixdən xx.xx.2000-ci il tarixinədək “Ağsu Rayonu Təsərrüfat X3 Dizayn 2-li Beton Zavodun”da işləməyi barədə sosial sığorta stajının müəyyən edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavodun”da işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavodun”da işlədiyi müddəti nəzərə almaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının ümumi iş stajının 25 ildən az olmasını, ИТ-İ ******* nömrəli əmək kitabçasının 52-ci səhifəsində qeydə düzəliş edilərək işdən çıxma tarixinin dəyişdirilməsini, buna görə də, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsinin mümkünsüzlüyünü bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 aprel 2023-cü il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdirk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (7 il 6 ay 26 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1991-ci tarixləri arasındakı dövrlər)), güzəştli stajı isə 12 il 6 aydan az (6 il 3 ay 8 gün (xx.xx.1984- xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən, 52-ci səhifəsində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin qeydə düzəliş edilərək işdən çıxma tarixinin dəyişdirildiyi aşkar görünür. Göstərilən səbəbdən də, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ИТ-İ ******* nömrəli əmək kitabçası, НЗ ******* nömrəli hərbi bilet, B666156 nömrəli diplomun surəti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1965-ci ildə doğulub). Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavodun”da işlədiyi müddəti mübahisələndirir və bunu əmək kitabçasının 52-ci səhifəsində işdən çıxma tarixinə düzəlişin edilməsi ilə əsaslandırır. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında sonuncu qeydə (işdən azad olunma barədə) düzəliş edilməsi aşkar görünür. Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavoduna aid sənədlərin aşkar edilməsi və əmək kitabçası ilə müqayisəli yoxlanılması mümkün olmamışdır. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının özünün təqdim etdiyi sənədlərdə əks olunan bütövlükdə sosial sığorta stajı (xx.xx.1980-xx.xx.1983, xx.xx.1984-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1991, xx.xx.1991-xx.xx.2000, xx.xx.1983xx.xx.1984) qeydsiz şərtsiz qəbul edildiyi halda belə həmin müddət 19 il 2 ay 1 gün olmaqla tələb olunan 25 ildən azdır. Həmin müddətlərin daxilində də, kifayət qədər uyğunsuzluqlar mövcuddur. Belə ki, əmək kitabçasında texniki peşə təhsili dövrü qaralamaya yol verilməklə xx.xx.1980xx.xx.1983 qeyd edilsə də, təqdim edilmiş diplomda texniki peşə təhsili müddəti xx.xx.1982-xx.xx.1983-cü illər qeyd edilmişdir. Həmçinin sonuncu qeydə edilmiş düzəliş əmək kitabçasına aşkar müdaxilə edilməsini əks etdirir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı hər bir halda minimum 25 il ümumi sosial sığorta stajı şərtinə cavab vermədiyindən mövcud stajın ayrı-ayrı dövrlərinin ətraflı yoxlanılmasına o, cümlədən xüsusi iş stajının mövcudluğunun araşdırılmasına lüzum qalmır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Ağsu rayonu Təsərrüfat X3 Dizayn 2-li beton Zavodun”da işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.