Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1206/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X5 və X3 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı “üçüncü şəxslər X5 və X3 Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxs X5 iddia tələbinə etirazını Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən yaşayış sahəsinin ata yurdu olması, hal-hazırda orada yaşamasa da, əmlak payında onun da haqqının olduğunu düşünməsi, həmçinin hazırda kirayədə qalması və qeydiyyata düşəcək ünvanının olmaması ilə əsaslandıraraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər üçüncü şəxs X10 atası - X5 ilə eyni məzmunlu izahat verərək iddia tələbinə etiraz etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: 15.02.2021-ci il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış, ********** qeydiyyat nömrəli, 02.03.2021-ci il tarixli DƏDR-dən çıxarış, Şəki Şəhər Rayon Polis Şöbəsinin 18.02.2021-ci il tarixli imtina məktubu, Şəki Rayon Məhkəməsinin 2(075)-882/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi, 01.03.2008 ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.08.2021-ci il tarixli məktubu, Şəki ŞİH-dən DƏDRX-nin Şəki şəhər ərazi idarəsinə ünvanlanmış, 12.05.2008-ci il tarixli 413/83 nömrəli məktub, Şəki Şəhər ŞİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 09.09.2021-ci il tarixli 134 nömrəli məktubu, Şəki Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(075)-882/2021 nömrəli məktubu, Şəki Rayon Məhkəməsinin 29.05.2008-ci il tarixli 2(075)-366/2008 nömrəli qərardadı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh, şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanladığı məktubunda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 09.09.2021-ci il tarixli 134 nömrəli məktubda bildirilmişdir ki, məhəllə nümayəndəsinin verdiyi məlumata əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X5 özünə məxsus məhkəmə sənədini təhvil almaqdan imtina etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 15.02.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 19.11.1962-ci il təvəllüdlü X5, 30.07.1986-cı il təvəllüdlü X1 şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, 01.03.2008 ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə X8 vərəsələri İddiaçı və X9 olmuşdur. İş materiallarına əlavə edilmiş, Şəki ŞİH-dən DƏDRX-nin Şəki şəhər ərazi idarəsinə ünvanlanmış, 12.05.2008-ci il tarixli 413/83 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin X4 məxsus hissəsi 9a saylı evdir. İş materiallarına əlavə edilmiş, ********** qeydiyyat nömrəli, 02.03.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən fərdi yaşayış evi tam, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-882/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 və X3, onların və ailələrinin ünvan 5 (yeni qaydalarla: ünvan 6 ünvanına köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(075)-882/2021 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 882/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi 22.07.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 18.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin mülki xarakterli olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında qeydiyyatda olan X6 17.10.2009-cu ildən, X10 isə 06.08.2016-cı ildən həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Şəki Rayon Məhkəməsinin 29.05.2008-ci il tarixli 2(075)-366/2008 nömrəli qərardadından görünür ki, iddiaçılar X5 və X7 cavabdehlər İddiaçı, X9, Şəki şəhər 2 saylı Dövlət Notariat Kontoru və DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı Şəki şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən 01.03.2008-ci il tarixdə Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən ev üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş bütün hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Müvafiq qərardadın əsaslandırıcı hissəsində iddiaçılar X5 və X7 məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə mübahisəni öz aralarında həll etdikləri, ona görə də iddiadan imtina etdikləri və işin icraatına xitam verilməsini xahiş etdikləri qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, 02.03.2021-ci il tarixli DƏDR-dən çıxarışa əsasən Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində əmlak hüquqlarının mövcudluğu və qeydiyyatda olduğu ünvanda faktiki yaşamaları müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-882/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi ilə X2 və X3, onların və ailələrinin ünvan 5 (yeni qaydalarla: ünvan 6 ünvanına köçürülməsi tələbinə dair iddiası rədd edilmiş və müvafiq qətnamə X3 mübahisəli mənzildə heç vaxt yaşamaması, mənzilin mülkiyyətçisinin ailə üzvü olmaması, iddia qaldırmaq üçün subyektiv hüquqa belə malik olmaması, X2 isə 1985-ci ilədək həmin mənzildə yaşasa da sonradan həmin evi tərk edərək başqa ünvanda yaşaması və buna görə də artıq mübahisəli yaşayış sahəsində istifadə hüququnu itirməsi ilə əsaslandırılmışdır. Qeyd edilən qətnamə ilə üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsində əmlak hüquqlarının olmaması birmənalı olaraq müəyyən edilmiş və qətnamə mübahisələndirilməmişdir. Odur ki, məhkəmə üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində əmlak hüquqlarının olmamasını işin mübahisəsiz halı kimi qəbul edir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxslər faktiki olaraq mübahisəli ünvanda yaşamırlar. Belə ki, məhkəmə iclasında izahat verərəkən üçüncü şəxslər hazırda ünvan 8 ünvanında kirayədə yaşadıqlarını bildirmişlər. Bu fakt məzmunu yuxarıda qeyd edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-882/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi ilə də sübut olunur. Belə ki, üçüncü şəxslər mübahisəli yaşayış sahəsində yaşmadıqları üçün Şəki Rayon Məhkəməsinə “yaşayış sahəsinə köçürülmə” ilə bağlı iddia tələbi ilə müraciət etmişlər, lakin iddia tələbi uğursuz olmuşdur. Bu isə o deməkdir ki, üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatı tamamilə formal xarakter daşımaqla qeydiyyatın heç bir hüquqi əsası yoxdur. Beləliklə, üçüncü şəxslərin heç biri iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə köçürülməmişlər, həmin yaşayış sahəsində əmlak hüquqlarına malik deyillər və faktiki olaraq həmin ünvanda yaşamırlar. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X5 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1206/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1206/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver