Məhkəmə qərarları › İş №2-1(116)-1206/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1206/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1206/2023 06.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə qarşı “2021-ci il üzrə subsidiya ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya subsidiya ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “2021-ci il üzrə subsidiya ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyətinə ondan ibarətdir ki, Nizami Abdurrezakov və ailə üzvlərinin ümumi mülkiyyətində 2,48 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq sahəsində iddiaçı və ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edilib. İddiaçı qaydalara uyğun olaraq subsidiya almaq üçün məlumatları SİS-ə daxil etmiş, cavabdeh orqan tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 2,4768 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün ona həmin torpaq sahəsində həyata keçirilən əkinlərə görə subsidiya ayrılması mümkün deyildir. Məhkəmə təcrübəsindən Sizə də məlumdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən heç də bütün Dövlət Aktları əsasında mülkiyyət huququ haqqında çıxarış verilmir. Hazırkı vəziyyətdə isə AKİA iddiaçının təqdim etdiyi Dovlət Aktının mötəbərliyi, həqiqiliyi, həmin sənədin iddiaçı əsaslı olaraq verilib-verilmədiyi, Dövlət Aktının verilməsinə əsas olmuş sənədlərin arxiv əsaslarının olmadığı və digər əhəmiyyət kəsb edən halları və iddiaçının mülkiyyət huququ haqqında çıxarış əldə etmək imkanının olub-olmamasını araşdırmaq imkanı və səlahiyyəti yoxdur. Odur ki, iddiaçı yalnız mülkiyyət hüququ haqqında çıxarış əldə etdikdən sonra ona subsidiya ayrılması mümkün ola bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********80 reyestr nömrəli, xx.xx.2023cü il tarixli **********96 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli **********79 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların surətlərindən görünür ki, iddiaçının mülkiyyətində Oğuz rayonu Xaçmaz kəndində 0.8674 ha, 0.3339 ha, 1.2755 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahələri vardır.İddiaçı tərəfindən subsidiyanın ödənilməsinə dair məlumatlar SİS-ə daxil edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir və inzibatiprosessual qanunverciliyə əsasən iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki,iddiaçı tərəfindən 2021-ci il üçün payızlıq yumşaq buğda əkilməsinə və əkin sahəsinə dair müvafiq məlumatlar elektron qaydada sistemə daxil edilmişdir.Cavadehin tələbin icrasından imtina əsası 2020-ci ilin 1 yanvar tarixindən etibarən məlumatların EKTİS üzərindən həyata keçirilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki,”Qaydalar” ın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); Yuxarıda qeyd olunan məlumatdan görünür ki, iddiaçı cavabdeh tərəfindən subsidiyanın ödənilməsi üçün öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına 2021-ci il üzrə ayrılmış subsidiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə vəzifə olaraq qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar