Məhkəmə qərarları › İş №2-1(116)-1207/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1207/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1207/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanından X13, X15 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan ünvan 1 ünvanından X13, X15 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 27.07.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək iddia ərizəsində qeyd edilmiş üçüncü şəxslərdən Qanuni nümayəndə aid hissənin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı tərəfindən (məhkəmənin dəftərxanasına 30.08.2021-ci il tarixdə daxil olmuşdur) təqdim edilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə X13 üçüncü şəxs, Qanuni nümayəndə isə üçüncü şəxsin qanuni nümayəndəsi olaraq qeyd edilmişdir. Məhkəmənin 31.08.2021-ci il tarixli 2-1(116)-1207/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə mübasibət bildirməmişlər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: 25.12.2020-ci il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış, MH seriyalı ********** qeydiyyat nömrəli, 12.12.2008-ci il tarixli DƏDR-dən çıxarış, ünvan 7əktubu, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 04.06.2021-ci il tarixli 5064 nömrəli məktubu, Şəki Şəhər Rayon Polis Şöbəsinin 01.07.2021-ci il tarixli imtina məktubu, Şəki İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli 2-1(116)-1267/2020 nömrəli qərarı, MH seriyalı ********* qeydiyyat nömrəli, 16.02.2007-ci il tarixli DƏDR-dən çıxarış, 4Ə-2/526 reyestr nömrəli 27.11.2008-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi, Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.08.2021-ci il tarixli məktubu, Şəki ŞİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 26.08.2021-ci il tarixli 125 nömrəli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Şəki Şəhər Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 26.08.2021-ci il tarixli 125 nömrəli məktubda bildirilmişdir ki, adları qeyd olunan şəxslər uzun müddətdir ki, Bakı şəhərində yaşadıqları üçün məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 25.12.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 11.01.1991-ci il təvəllüdlü X6, 11.11.1961-ci il təvəllüdlü X15, 28.06.2017-ci il təvəllüdlü X3 şəhəri Novruz küçəsi 1, ev 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, MH seriyalı ********* qeydiyyat nömrəli, 16.02.2007ci il tarixli DƏDR-dən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil əvvəllər X5 adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 4Ə-2/526 reyestr nömrəli 27.11.2008-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsidən görünür ki, X2 şəhəri Novruz küçəsi 1, ev 4 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 34 kv/m, köməçki sahəsi 29 kv/m, ümumi sahəsi 63.2 kv/m olan mənzili İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş, MH seriyalı ********** qeydiyyat nömrəli, 12.11.2008ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş, ünvan 7əktubundan görünür ki, X15 14.04.2003-cü il tarixdə AZE-00856903 şəxsiyyət vəsiqəsini alarkən Şəki RTİB tərəfindən verilmiş 2294/1863 saylı qeydiyyat vəsiqəsi təqdim edib. X1 isə 15.10.2010-cu il tarixdə AZE- 08753096 saylı şəxsiyyət vəsiqəsini alarkən Şəki RTİB tərəfindən verilmiş 1040 saylı qeydiyyat vəsiqəsi və ev sahibi X10 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 04.06.2021-ci il tarixli 5064 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə 12.12.2008-ci il tarixdə dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. X14 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə mart 1994-cü il tarixdə TİB tərəfindən texniki pasport tərtib edilmişdir. X14 məxsus fərdi yaşayış evi ilə İddiaçı məxsus fərdi yaşayış evi eyni ünvan deyil. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 01.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X15-14.04.2003-cü ildən, X7 isə 15.10.2010-cu ildən həmin ünvanda qeydiyyatdadırlar. Vətəndaş Qanuni nümayəndə azyaşlı uşağı- X13 da həmin ünvanda valideynlərinin qeydiyyatda olduğu ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən saxlama müddəti bitmiş, öz qanuni qüvvəsini itirmiş sənədlər 5 (beş) ildən sonra şöbə rəhbərliyinin iştirakı ilə akt tərtib edilərək ləğv edilir. İş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli 2- 1(116)-1267/2020 nömrəli qərarından görünür ki, Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, MH seriyalı ********** qeydiyyat nömrəli, 12.12.2008-ci il tarixli DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslər X15 və X4 iddiaçının mənzilində əmlak hüququnun mövcudluğu və qeydiyyatda olduğu ünvanda yaşaması müəyyən olunmur. ünvan 7əktubunda X15 14.04.2003-cü il tarixdə AZE-00856903 şəxsiyyət vəsiqəsini alarkən Şəki RTİB tərəfindən verilmiş 2294/1863 saylı qeydiyyat vəsiqəsini təqdim etdiyini, X7 isə 15.10.2010-cu il tarixdə AZE-08753096 saylı şəxsiyyət vəsiqəsini alarkən Şəki RTİB tərəfindən verilmiş 1040 saylı qeydiyyat vəsiqəsi və ev sahibi X10 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsinin mövcudluğu bildirsə də, nəzərə alınmalıdır ki, ünvan 1 ünvanı üzrə hüquq sahibi İddiaçıdur və həmin ünvanda yerləşən yaşayış sahəsi üzrə sərəncam vermə səlahiyyəti də məhz ona məxsusdur. Odur ki, məhkəmə o qənaətə gəlir ki, faktiki olaraq X15 və X7 heç bir hüquqi əsas olmadan iddiaçı Qanuni nümayəndə məxsus yaşayış sahəsinə qeydiyyata alınmışlar. İddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan 28.06.2017-ci il təvəllüdlü X8 münasibətdə məhkəmə qeyd edir ki, Sevinc Məmmədovanın hazırda 4 yaşı vardır. Odur ki, onun yaşayış yeri, qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materialları ilə müəyyən edilir ki, X11 valideynlərindən – atası - Qanuni nümayəndə barəsində Şəki İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli 2-1(116)- 1267/2020 nömrəli qərarı qəbul edilmişdir və həmin qərara əsasən Qanuni nümayəndə ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulmuşdur. Azyaşlının digər valideyni, anası – X12 da iddiaçıya məxsus yaşayış sahəsində yaşamadığından və həmin ünvan üzrə heç bir əmlak hüququ olmadığından Sevinc Məmmədovanın iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Həmçinin üçüncü şəxslərdən heç biri iddiaçıya münasibətdə ailə üzvü sayılmırlar, ailə qanunvericiliyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur və faktiki olaraq həmin ünvanda yaşamırlar. Həmin yaşayış sahəsinin isə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X13, X15 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar