Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1207/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, cavadbehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin evə və məişət şəraitinə baxış keçirmədən, VEMTAS sistemi üzərindən xx.xx.2023-cü il tarixdə verilmiş imtinasının ləğv edilməsi və ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərziəsinin əsaslarına görə, xx.xx.1998-ci il tarixdə Aşağı Layısqı kəndində anadan olmuş, ailəlidir. Ailəsi 4 nəfərdən ibarətdir: özü, həyat yoldaşı və 2 övladı. Valideynləri ilə ayrı təsərüfatda yaşayır, üzərində ev, maşın heçnə yoxdur. Ödəniş etmədən həmin evdə yoldaşı X1, övladları X4 və X5 ilə yaşayır. Minatəmizləmə Agentliyinin ANAMA-nın Laçın rayonunda yerləşən Mobil bazasında gözətçi vəzifəsində işləyir. Əmək haqqı azdır və bu səbəblə xx.xx.2023-cü il tarixdə, Şəki rayonu Asan Xidmət Mərkəzinin Notariat ofisinə gedərək təmsilçi ərizəsi alaraq VEMTAS - Sistemi vasitəsi ilə ünvanli dövlət sosial yardım almağı üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Vemtas sistemi tərəfindən onun telefonuna SMS gəlmişdir ki, ünvanli dövlət sosial yardımın verilməsinə imtina edilib. Səbəb olaraq göstərilmişdir ki, maddi məişət şəraitinin müayinəsi keçirilmişdir və kənarlaşma aşkarlanmışdır. Lakin, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından onların evə gələrək heç bir maddi məişət baxışı keçirilməmiş və sistem üzərindən evə baxış keçirilmədən imtina verilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********93901 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvanda heç kim olmamışdır. Yoxlamanı həyata keçirən əməkdaşlar təmsilçi tərəfindən ərizə bəyannamədə qeyd edilən nömrələr ilə əlaqə saxlamağa çalışsalar da, əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, iddiaçı T.Məmmədov ərizə bəyannamədə dörd ədəd əlaqə vasitəsi qeyd etmişdir: ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**. Çəkilmiş videogörüntüdən də göründüyü kimi nömrələrdən üçünə zəng çatmamış, biri isə təyin olunmamışdır. Beləliklə, daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması səbəbindən imtina cavabı verilmişdir. Bununla bağlı qeyd edirik ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qəran ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarına əsasən: > 3.2-ci bənd VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatlan ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. > 3.3-cü bənd bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya ‘‘DOST’’ mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. > 3,4-cü bənd bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Əlavə olaraq onuda qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (şəxsin ərizə bəyannamədə qeyd olunan ünvanda yaşamaması) birmənalı olaraq imtina əsasıdır. İddiaçı T.Məmmədov yenidən ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********93902 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciət VEMTAS mərhələsindən keçmişdir, maddi-məişət şəraitinin yoxlanılması məqsədilə Mərkəzi Filialın əməkdaşları tərəfindən ərizə-bəyannamədə qeyd olunan ünvanda müayinə keçiriləcəkdir. Maddi-məişət müayinəsinin nəticəsi barədə məlumat veriləcəkdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Cavabdeh orqan “Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 1.0.5, 3, 6.2, 6.3, 7.1, 7.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"ın 1.2.2, 3.1, 3.3, 3.4.2, 5-ci bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat vərəqəsi (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir). “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********93901 nömrəli bildiriş (imtina əsası: maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi yetkinlik yaşına çatmamışdır. İddiaçı və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı, cavabdehin ümumiyyətlə maddi-məişət şəraitinə baxış keçirmədən, sistem üzərindən imtina cavabı verdiyini bildirir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Hər iki araşdırma vahid icraatın tərkib hissəsi olduğundan müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı faktiki olaraq maddi-məişət şəraitinin müayinəsinin aparılmasına şərait yaratmamış, yoxlama aparılan zaman ünvanda heç kim olmamışdır. İddiaçı, ərizə bəyannamədə dörd ədəd əlaqə vasitəsi qeyd etmiş, lakin cavabdeh orqanın təqdim etdiyi videogörüntüdən də, göründüyü kimi nömrələrdən üçünə zəng çatmamış, biri isə təyin olunmamışdır. Cavabdeh orqan iddiaçı ilə onun özünün təqdim etdiyi mobil nömrələr vasitələri ilə əlaqə yaratmağa cəhd etmiş, yaşadığı ünvana gedərək xidməti vəzifələrinin icraçı çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın öz vəzifə funksiyalarını yerinə yetirmə öhdəliklərinə mütənasib olaraq iddiaçı da, dövlət orqanının fəaliyyətinin səmərəli həyata keçirilməsinə, işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə borcludur. Belə ki, İİHQ-nun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Odur ki, iddiaçının ünvanlı dövlət sosial yardımın təyin edilməsinə ehtiyacı varsa o, cavabdeh orqana qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsinə vaxtında və lazımi qaydada şərait yaratmalıdır. Faktiki olaraq cavabdeh orqanın müayinəni həyata keçirə bilməməsinin səbəbi iddiaçının təqdim etdiyi heç bir əlaqə nömrəsinə zəng çatmaması və baxış keçirilən zaman ünvanda olmamasıdır. Təqdim edilmiş videogörüntüdən görünür ki, cavabdeh orqanın əməkdaşı sözügedən yaşayış sahəsinin həyətinin giriş qapısında kifayət qədər gözləyərək müayinənin həyata keçirilməsinə çalışmış, təqdim edilmiş mobil nömrələrə zəng edərək üzərinə düşən vəzifələri icra etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh orqanın qeyri-müəyyən müddətdə gözləməsi və israrla maddi-məişət şəraitinin yoxlanılmasına cəhd etməsi də, ağlabatan hesab oluna bilməz. Belə ki, müvafiq ödənişlərin ödənilməsində dövlətin sosial öhdəliyinin olması ilə bərabər, həmin yardımın alınması həm də, birbaşa iddiaçının marağındadır. Odur ki, iddiaçı, onunla əlaqə saxlanılmasını mümkün edən əlçatan vasitələri müraciətində qeyd etməli, müraciətində qeyd etdiyi əlaqə vasitələrinin işlək vəziyyətdə olmasını təmin etməli, yaxud müayinənin keçirildiyi vaxt yaşayış sahəsində olmalı idi. Məhkəmə qeyd edir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi birbaşa aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsinə yönəlmiş fəaliyyətdir və cavabdehin bu istiqamətdə fəaliyyətini həyata keçirmək üçün malik olduğu resurslarının lüzumsuz tükədilməsi müvafiq yardıma ehtiyacı olan digər aztəminatlı ailələrin hüquqlarının pozulmasına səbəb ola bilər. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddiməişət şəraitinin yoxlanılmasına zəruri şərait yaradılmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1207/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1207/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver