Məhkəmə qərarları › İş №2-1(116)-1207/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1207/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1207/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1962-ci il tarixində Göyçay rayonu, Qarayazı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamışdır. Hazırda SOCAR Qaz İxrac İdarəsi Hacıqabul X1 paylayıcı stansiyanın operatoru vəzifəsində çalışır. X5 Kəmərləri Sahəsindən verilən arayışa əsasən onun 25 il 27 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı mövcuddur. Cavabdeh orqana hazırkı tələbə dair ərizə ilə müraciət etmiş, sonuncusu isə imtina cavabı vermişdir və hazırki mübahisə yaranmışdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi SOCAR Qaz ixrac İdarəsi Hacıqabul X1 paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyini, həmin sahədə 25 il 27 gün iş stajı olduğunu qeyd edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə inzibatı orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya 29 08.2024-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında və X5 Kəmərləri sahəsinin arayışında iddiaçının xx.xx.1999-cu il tarixdən buqünədək həmin müəssisənin Qəza- Dispetçer xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, müvafiq Siyahıda qeyd olunan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığından iddiaçının güzəştli iş stajı müəyyən edilməmişdir. Bildiririk ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı tələbi üzrə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: a) azı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: b) azı 12 il 06 ay güzəştli iş stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində(a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 14 may 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR “Qaz İxracı” İdarəsinin X5 Kəmərləri sahəsinin iddiaçıya dair arayışında xx.xx.1999-cu il tarixdən bugünədək həmin müəssisənin Qəza- Dispetçer xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. İddiaçıya məxsus ******* seriya nömrəli əmək kitabçasının surəti;

3. İddiaçıya məxsus AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti,

4. İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti;

5. SOCAR-ın “Qaz ixrac” idarəsinin X5 Kəmərləri şöbəsinin arayışı;

6. SOCAR-ın “Qaz ixrac” idarəsinin xx.xx.2025-ci il tarixli məktubu;

7. Cavabdehin xx.xx.2024-ci il tarixli etirazı və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Lakin iddia mahiyyət etibarilə əsaslı deyildir. İş materiallarından göründüyü kimi hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir.Lakin,cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını ümumiyyətlə qəbul etməmişdir. İş materiallarından görünür ki,iddiaçı xx.xx.1999-cu il tarixdən bugünədək həmin müəssisənin Qəza-Dispetçer xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Qaz ixrac” idarəsinin xx.xx.2025ci il tarixli məktubu cavab olaraq bildirirmişdir ki, İddiaçı işəgötürəni X5 Kəmərləri Sahəsinin (MQKS) rəisidir. Hacıqabul MQKS “Qaz İxrac” İdarəsinin strukturuna daxil olan hüquqi şəxs statusuna malik olmayan qurumdur. Hacıqabul MQKS-in rəisi “Qaz İxrac” İdarəsinin rəisinə tabedir. Yaranmış vəziyyətə aydınlıq gətirmək məqsədi ilə bir daha qeyd edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr:” abzasına Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli, 81 nömrəli Qərarı ilə əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi “Qaz İxrac” İdarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etmir. Belə ki, “Qaz İxrac” İdarəsinin fəaliyyətinə təbii qazın idarə olunması, nəqli xidmətlərinin göstərilməsi, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılması aiddir. Qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması “Qaz İxrac” İdarəsinin və onun struktur bölməsi olan Hacıqabul MQKS-in fəaliyyətinə aid deyildir. Eyni zamanda sorğu edilən qazpaylayıcı stansiyanın operatorunun peşə təlimatı məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr peşəsi ilə iddiaçının işlədiyi vəzifə eynilik təşkil etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X6 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı mövcud olmadığından iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar