Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-121/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Alsanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “mübahisəli torpaq sahəsinin plan və ölçüsünün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsi, iddiaçının atasından miras qalmış torpaq sahələrinə dair mükliyyət hüquqlarının qeydiyyata alınması, müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi, qanun üzrə vərəsəlik qaydasında olduğu kimi torpaq sahələrinin adına rəsmiləşdirilməsi, torpaq sahəsinin planı və ölçüsünün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli torpaq sahəsinin plan və ölçüsünün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsi, iddiaçının atasından miras qalmış torpaq sahələrinə (07.06.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, 09.10.1959-cu il tarixli müqaviləyə əsasən 25m*35m) dair mükliyyət hüquqlarının qeydiyyata alınması, müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi, qanun üzrə vərəsəlik qaydasında olduğu kimi (07.06.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, 09.10.1959-cu il tarixli müqaviləyə əsasən 25m*35m) torpaq sahələrinin adına rəsmiləşdirilməsi, torpaq sahəsinin planı və ölçüsünün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 08.06.2020-ci ildə atası və anası vəfat etdikləri üçün qanun üzrə vərəsəlik qaydasında atasından qalan ev və torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün cavabdeh orqana müraciət etmiş və 13.06.2020-ci ildə Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçıya təqdim olunmuşdur. Kadastra baxarkən iddiaçıya məlum olmuşdur ki, atasının adında olan torpaq sahəsi onun xəbəri olmadan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 16.09.2008-ci il tarixli 2115 nömrəli ilə qeydiyyata alınmış A seriyalı 067028 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə azaldılaraq onlardan xəbərsiz və heç bir sənəd tələb etmədən iddiaçının anasının adına rəsmiləşdirilmiş, həmçinin kadastra torpaq sahəsinin ölçüləri səhv işlənmişdir. İddiaçı cavabdehə müraciət edərək A067028 nömrəli plan-ölçü sənədinin ləvğ edilməsi, 1952-ci il tarixli torpaq aktına və 1959-cu il tarixli müqaviləyə əsasən plan-ölçü sənədinin və çıxarışın tərtib edilərək verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 01.07.2021-ci il tarixli **********43 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında fərdi yaşayış evinin 0,0514 ha həyətyanı torpaq sahəsinə İddiaçı mərhum anası X4 adına ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən A № 067028 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat vardır. Həmin sənədlərin hansı əsaslarla X5 verilməsi və təsdiqləyici sənədlər barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda iddiaçının təqdim etdiyi Qax rayon Kommunal təsərrüfat şöbəsi tərəfindən verilmiş 07 iyun 1952-ci il tarixli akt mövcud deyildir. Bundan əlavə iddiaçının təqdim etdiyi 05 oktyabr 1959-cu il tarixli “mülkiyyət hüququ ilə fərdi yaşayış evinin tikinitisi üçün ayrılmış torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.6-cı bəndində göstərilsə də, torpaq sahəsi 600 kv.m göstərilmişdir (fasad boyunca 25.0 m, sağ sərhəd boyunca 35.0 m göstərilsə də, arxa sərhəd və sol sərhədin ölçüləri göstərilməmişdir). Həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı əsasında yol verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə aşağıda sadalanan iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Qax şəhərində bağlanmış, tarixi natamam qeyd edilmiş (05.10.195_-ci il) “Müqavilə”nin tərcümə və təsdiq olunmuş surətində qeyd edilir ki, Karl Marks küçəsi ev 16 ünvanında yerləşən, fasadı boyunca 250,0 metr, arxa sərhəd boyunca ---- metr, sağ sərhəd boyunca 350 metr, sol sərhəd boyunca ---- metr, ümumis ahəsi 600,0 kv.m olan torpaq sahəsini, 27 mart 1959-cu il tarixli 230 saylı təsdiq edilmiş layihəyə tam uyğun olaraq üzərində yaşayış sahəsi 42 kv.m olan tikilinin tikintisi üçün tikinti işləri aparan X7 istifadəsinə verilir. 350359 və 273026 nömrəli “Ölüm haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X12 09.11.1992-ci ildə, X9 11.02.2008-ci ildə vəfat etmişdir. 387943 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X12 və X6 övladıdır. Cavabdeh tərəfindən təqdim olunmuş A seriyalı 067028 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə 513,61 kv.m həyətyanı torpaq sahəsi X5 verilmişdir. X18 Kadastrı kitabında 16.09.2008-ci il tarixdə 2115 nömrə ilə uçota alınmışdır. Qax rayon Dövlət Arxivinin 23.06.2021-ci il tarixli 58 nömrəli məktubunda qeyd olunur ki, Arxivdə mühafizə olunan Fond №90-Qax şəhər XDS icraiyyə komitəsinin 1955- 1965-ci illərə aid təsərrüfatbaşına kitabında X7 təsərrüfatına dair hər hansı bir məlumat tapılmadı. Hal hazırda Arxivdə Qax qəsəbə ZDS icraiyyə komitəsinin 1955-1965-ci illərin təsərrüfatbaşına kitabların çox az hissəsi saxlanılır (Ş.Əliyevin yaşamış olduğu keçmiş K.Marks küçəsinin təsərrüfatbaşına kitabları Arxivdə saxlanılmır). Bildiririk ki, X8 torpaq sahəsinin ayrılmasına dair Arxivdə hər hansı bir məlumat tapılmadı. Qax rayon Dövlət Arxivinin 15.07.2021-ci il tarixli 72 nömrəli məktubundan görünür ki, Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarışa əsasən X5 513,61 torpaq sahəsinin verildiyi göstərilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı faktiki olaraq inzibati məhkəmə icraatı qaydasında Qax rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarını mübahisələndirməkdədir. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının 18.02.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X16 Komissiyası yaradılmış, Prezidentin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X16 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16.07.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X16 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X16 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X16 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X2 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X14 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X16 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X16 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X16 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz. Qanunvericliyin tələbləri iddiaçıya məhkəmənin 10.05.2022-ci il tarixli yardım məktubu ilə izah edilmiş, yardım məktubu 18.05.2022-ci il tarixdə iddiaçı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Həmçinin İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə iclasında iştirak edən iddiaçıya münasibətə məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi məqsədilə yardım məktubunda göstərilənlər şifahi şəkildə izah olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “mübahisəli torpaq sahəsinin plan və ölçüsünün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsi, iddiaçının atasından miras qalmış torpaq sahələrinə (07.06.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, 09.10.1959-cu il tarixli müqaviləyə əsasən 25m*35m) dair mükliyyət hüquqlarının qeydiyyata alınması, müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi, qanun üzrə vərəsəlik qaydasında olduğu kimi (07.06.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, 09.10.1959-cu il tarixli müqaviləyə əsasən 25m*35m) torpaq sahələrinin adına rəsmiləşdirilməsi, torpaq sahəsinin planı və ölçüsünün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-121/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-121/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver