Məhkəmə qərarları › İş №2-1(116)-121/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-121/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-121/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə hazırlanmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarış və texniki pasportda düzəliş edərək, torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edərək iddiaçıya yeni Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə hazırlanmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarış və texniki pasportda düzəliş edərək, torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edərək iddiaçıya yeni Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-ci il tarixli, 2-1(116)-3105/2023 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ona məxsus olan fərdi yaşayış evinə mülkiyyət hüququm qeydiyyata alınaraq adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu hazırlanmışdır.Lakin həmin çıxarışda və texniki pasportda qeyd edilən evin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasportda düzəliş edərək, torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edərək ona yeni Dövlət Reyestrindən Çıxarış və texniki pasport verilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 0.0604 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, Oğuz Rayonu Notoriat Kontorunda fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlarkən torpaq sahəsi alqı-satqı predmeli olmamışdır. Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir sənəd aşkarlanmadı. xx.xx.2023-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışın ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 230622 nömrəli alqı-satqı Müqaviləsi;

3. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış;

4. 1599 nömrəli Qeydiyyat Vərəqəsi;

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İfadə tərzindən asılı olmayaraq iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 604 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq yeni çıxarışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddia oluna torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı olmuşdur. Cavabdehin xx.xx.2025-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0607 hektar torpaq sahəsinin 0,0011 hektar hissəsi 275354 registr nömrə ilə Dövlət mülkiyyəti kimi X3 adına qeydiyyata alınmış sənəddə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0596 hektar hissəsi isə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası ictimai tikililər olan Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. X2 X4 (TEKUİS) əsasən Oğuz rayonu Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar, ticarət obyekti, bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0607 hektar torpaq sahəsi Cavanşir küçəsi ev 21 ünvanına dair tərtib olunmuş 2355 inventar nömrəli Texniki pasportda qeyd olunan torpaq sahəsinin situasiya planına əsasən eyni ərazidir. İddiaçının adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda qeyd edilmiş 604,0 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından xüsusiyyətləri barədə məlumat vermək mümkün deyildir. İddia olunan torpaq sahəsi naturada mövcuddur, kənarları mişar daşı ilə bərkidilmişdir. Üzərində qeyri yaşayış tikililəri (yeməkxana, mağaza) mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü ilə iddia olunan torpaq sahəsinin ölçüsü eynidir. İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 604,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsini iddiaçı ******* nömrəli alqı-satqı müqavilə əsasında əldə etmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin 0,0011 hektar hissəsində başqa şəxsin adına qeydə alınmış hüquq mövcuddur. Odur ki, iddia edilən torpaq sahəsinin yalnız qalan 0,0596 hektar hissəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alına bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0596 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar