Məhkəmə qərarları › İş №2-1(116)-1210/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1210/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1210/2020 14.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ucar rayon filialına qarşı “1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd sabiq “R.Rza” adına kolxozda işlədiyi 1 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ucar rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd sabiq “R.Rza” adına kolxozda işlədiyi müddətin sığorta stajı kimi qəbul edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. 1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd keçmiş “R.Rza” adına kolxozda kolxozçu işləmişdir. İddiaçı ona yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 1996-1997-ci illərdə keçmiş “R.Rza” adına kolxozda işlədiyi müddətin onun əmək kitabçasında qeyd olunmadığını, həmçinin tələb olunan 25 il sosial sığorta stajının tamamlanmadığını əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd sabiq “R.Rza” adına kolxozda işlədiyi 1 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 22-1-ci maddəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri təsbit olunmuşdur. Həmin dəyişikliyə əsasən Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il və 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bu dəyişiklik x xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən etibarən sığortaolunanların əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 2006-cı il 1 yanvar tarixindən 2018-ci ilin 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin olunmamışdır. Şöbəyə təqdim etmiş olduğu əmək kitabçasına əsasən sosial sığorta stajı 24 il 04 gün təşkil edir. 25 il sosial sığorta stajı toplanmadığı və 1996-1997-ci illər kolxozdakı iş stajı əmək kitabçasında qeyd olmadığı üçün ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 57 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Ucar rayonu, Küçəkənd kənd keçmiş “R.Rza” adına kolxozun əmək haqqı sənədlərinə əsasən kolxozda 1 nömrəli pambıqçılıq briqadasında 1996-cı ildə 141, 1997-ci ildə 130 adam günü işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılmış və iddiaçının həqiqətən Ucar rayonu, Küçəkənd kənd keçmiş “R.Rza” adına kolxozun əmək haqqı sənədlərinə əsasən kolxozda 1 nömrəli pambıqçılıq briqadasında 1996-cı ildə 141, 1997-ci ildə 130 adam günü işləməsi faktı təsdiq edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********9 nömrəli imtina məktubu, Ucar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 57 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, iddiaçının əmək kitabçası və hərbi biletinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli münasibət məktubu, xx.xx.2020-ci il tarixli Akt, Ucar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 26 nömrəli arxiv arayışı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan göründüyü kimi iddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 24 il 04 gün təşkil edir. İddiaçının mübahisələndirilən 1996-1997-ci illərdə “R.Rza” adına kolxozda işləməsi faktı isə həm arxiv arayışına, həm də xx.xx.2020-ci il tarixli Akta əsasən öz təsdiqini tapır ki, bu müddət də 1 il 4 ay təşkil edir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd sabiq “R.Rza” adına kolxozda işlədiyi 1 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ucar rayon filialının üzərinə İddiaçı 1996-1997-ci illərdə Ucar rayonu Küçəkənd kənd sabiq “R.Rza” adına kolxozda işlədiyi 1 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar