Məhkəmə qərarları › İş №2-1(116)-1210/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1210/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1210/2021 14.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin 09.03.2006-cı il tarixli 5 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1981-ci ildə Ucar rayonu Qaradağlı kəndində anadan olmuş və həmin ünvanda yaşayır. Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin sədrinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin aparıcı mütəxəssisinin və İddiaçı iştirakı ilə iddiaçıya verilməsi üçün Bələdiyyə mülkiyyətindən 0,12 ha torpaq sahəsi seçilmiş, mərz nişanları ilə ayrılmış və bu barədə 28.02.2006-cı il tarixli baxış aktı tərtib edilmişdir. İddiaçı tərəfindən Ucar Rayonu Qaradağlı Bələdiyyəsinə torpaq alqı-satqısı üçün 146 manat pulun ödənilməsi ilə bağlı bank tərəfindən 27.02.2006-ci il tarixli qəbz verilmişdir. Ucar Rayonu Qaradağlı Bələdiyyəsinə məxsus 0,12 ha torpaq sahəsinin İddiaçı satılması ilə əlaqədar 13.03.2006-cı ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Ucar rayon şöbəsində 58 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 22.06.2021-ci il tarixli **********28 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ayrılması barədə Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin qərarı, Ucar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsinin rəyi təqdim edilmədiyindən ərizənin icrası mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Ucar Rayonu Qaradağlı Bələdiyyəsi tərəfindən həmin qərar ona təqdim edilməmişdir. Bələdiyyənin təqsirinə görə o, öz mülkiyyətini dövlət reyestrində qeydiyyata aldıra bilmir və nəticədə onun mülkiyyət hüquqları pozulur. Cavabdeh iddia ilə bağlı 03.09.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 27.02.2006-ci il tarixli bank qəbzindən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün 146 manat pul Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin hesabına ödənilmişdir. - İşdə olan, 13.03.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, Ucar Rayonu Qaradağlı Bələdiyyəsinə məxsus 0,12 ha torpaq sahəsinin İddiaçı satılması ilə əlaqədar "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Ucar rayon şöbəsində 58 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 13.04.2021-ci il tarixli 09/Q-672 nömrəli məktubundan görünür ki, Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin 09.03.2006-cı il tarixli 05 nömrəli iclas protokolu X3 aşkar edilməmişdir. - İşdə olan, cavabdehin 22.06.2021-ci il tarixli **********28 nömrəli imtina məktubundan görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin ayrılması barədə Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin qərarı, Ucar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsinin rəyi təqdim edilmədiyindən ərizənin icrası mümkün deyil. - İşdə olan, Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin 22.10.2021-ci il tarixli 80 nömrəli məktubundan görünür ki, İddiaçı Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin 09.03.2006-cı il tarixli 05 nömrəli qərarı əsasında satılmış 0,12 ha həyətyanı torpaq sahəsinə aid olan protokol Bələdiyyənin arxivində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsinin satılması bələdiyyənin qərarı ilə rəsmiləşdirilməlidir və həmin torpaq sahəsinə alıcının mülkiyyət hüququnun qeydiyyata alınması üçün bələdiyyənin qərarı əsas hesab edir. Lakin hazırkı işdə iddiaçıya torpaq sahəsinin satılması barədə Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin qərarı mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi 13.04.2021-ci il tarixli arayışında həmin qərarın X3 aşkar edilmədiyini bildirmiş, bundan sonra məhkəmənin sorğularına Ucar Rayonu Qaradağlı Bələdiyyəsi və Ucar Rayon Dövlət Arxivi də analoji cavablar vermişlər. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata alınması üçün tələb olunan əsas yoxdur. İddiaçının təqdim etdiyi "Torpaqların alqı-satqısına dair akt", "Baxış aktı" və ödəniş qəbzi tələb olunan bələdiyyə qərarını əvəz etmir. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Ucar Rayonu Qaradağlı Bələdiyyəsinin 09.03.2006-cı il tarixli 5 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar