Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1210/2025 30.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 216 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Sənyarə”dən “Səyyarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “adının “Səyyarə” olmasına dair sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 216 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Sənyarə”dən “Səyyarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir İddia ərizəsinin əsaslarına görə, xx.xx.1976-cı il tarixli doğum haqqında təkrar şəhadətnamədə və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Səyyarə”, lakin Şəki şəhər İHB-nın Baş Göynük kəbd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 216 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Sənyarə” kimi qeyd edilmişdir. Bildirir ki, onun adı Səyyarədir və adıyla bağlı hər hansı dəyişiklik etməmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, xx.xx.1958-ci il tarixli 1342 nömrəli pensiya vəsiqəsi, AR X3 Filialının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Nuxa rayonu Baş Göynük kənd ZDS İcraiyyə Komitəsinin 1957-1959-cu illərin Şin kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarış, 455004 nömrəli diplom, 216 nömrəli Doğum akt qeydi, Şəki şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1958-ci ildə doğulmuşdur. Onun barəsində xx.xx.1958-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 216 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adı “Sənyarə” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün doğum haqqında şəhadətnamə və sözügedən dəyişikliyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncamının təqdim edilməməsinə istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. Doğum haqqında şəhadətnamə və sözügedən dəyişikliyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncamının təqdim edilməməsi şərtinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Nuxa rayonu Baş Göynük kənd ZDS İcraiyyə Komitəsinin 1957-1959-cu illərin Şin kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarış, xx.xx.1958-ci il tarixli 1342 nömrəli pensiya vəsiqəsində, 455004 nömrəli diplomda , Şəki şəhər Polis Şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında iddiaçının adı “Səyyarə” olaraq qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən AZE 09094889 №-li şəxsiyyət vəsiqəsində də onun adı “Səyyarə” olaraq qeyd edilmişdir. Göründüyü kimi, müvafiq dəyişikliyin aparılmasına kifayət qədər əsas mövcuddur. Odur ki, cavabdeh orqanın doğum haqqında şəhadətnamə və sözügedən dəyişikliyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncamının təqdim edilməməsi dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. İddiaçının uzun illər ərzində istifadə etdiyi sənədlərdə adının "Səyyarə" olaraq qeyd edilməsi, bu sənədlərin etibarlı və davamlı olduğunu göstərir. Bu müddət ərzində müəyyən sənədlərdə və ictimai həyatında iddiaçı həmin ad altında fəaliyyət göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı barəsində Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 216 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Sənyarə”dən “Səyyarə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.