Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1212/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "52 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, - xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, - xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir. Bundan başqa, İddiaçı bir mənzildə yaşadığı, yaşı 70-ə çatmış xx.xx.1930cu il təvəllüdlü anası X1 xx.xx.2000-ci ildən başlayaraq qulluq etmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, onun kifayət qədər ümumi və güzəştli sığorta stajı vardır. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İddiaçı adına olan xx.xx.1985-ci il tarixli ******* nömrəli "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü olmuş, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən işləmişdir. - İşdə olan, Şəki Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 822 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu Qoxmuq kənd "1 May" kolxozunda 1984-cü ildə 248 adam/gün, 1985-ci ildə 251 adam/gün, 1986-cı ildə 347 adam/gün, 1987-ci ildə 185 adam/gün, 1988-ci ildə 310 adam/gün, 1989-cu ildə 308 adam/gün, 1990-cı ildə 252 adam/gün, 1991-ci ildə 245 adam/gün, 1992-ci ildə 245 adam/gün, 1993-cü ildə 287 adam/gün, 1994-cü ildə 256 adam/gün, 1995-ci ildə 234 adam/gün, 1996-cı ildə 241 adam/gün, 1997-ci ildə 255 adam/gün tütünçü işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1984-1997-ci illərdə 170 adam/gün müəyyən olunmuşdur. - İşdə olan, "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən peşəsində işləmiş və orada işləyən zaman 2004-cü və 2005-ci ilin 11 ayı ərzində əmək haqqı almışdır. - İşdə olan, xx.xx.1964-cü il tarixli AZ seriyalı 669849 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı anası X2r. - İşdə olan AZE seriyalı 04554235 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, X3 xx.xx.1930-cu ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş və həmin ünvanda yaşayır. - İşdə olan, İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu il təvəllüdlü 70 yaşdan yuxarı qoca olan doğma anası X1 xx.xx.2000-ci ildən halhazıradək bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. - İşdə olan, X3 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu ildə anadan olmuşdur. 70 yaşı tamam olduğu xx.xx.2000-ci ildən hal-hazıradək doğma qızı İddiaçı ona bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşdən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş və xx.xx.2016-cı ildə 52 yaşına çatmışdır. Onun həmin günədək topladığı ümumi sığorta stajı Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunda işlədiyi 14 il, Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində işlədiyi 7 ay, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-də işlədiyi müddətin əmək haqqı aldığı 1 il 10 ay 24 gün hissəsindən, eləcə də ahıl anasına qulluq etdiyi xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək olan müddətin "xxxx" ASC-də işlədiyi 1 il 10 ay 24 gün çıxıldıqdan sonra qalan 14 il 1 ay 6 gün hissəsindən ibarətdir. Bu müddətləri topladıqda iddiaçının ümumi sığorta stajının cəmi 30 il 7 ay təşkil edir. İddiaçının 1984-1997-ci illərdə kolxozda işlədiyi 14 il müddətin, Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində işlədiyi 7 ay müddətin, "xxxx" ASC-də işlədiyi müddətin isə 1 il 10 ay 24 gün hissəsinin onun sığorta stajına daxil edilməsi həmin vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğundur. Həmin maddədə deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının ahıl anasına qulluq etdiyi xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək olan müddətin "xxxx" ASC-də işlədiyi 1 il 10 ay 24 gün çıxıldıqdan sonra qalan 14 il 1 ay 6 gün hissəsinin onun sığorta stajına daxil edilməsi isə aşağıdakı normalara əsaslanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ...ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Həmin Qanunun 22.2-ci maddəsində deyilir ki, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən. İddiaçı güzəştli sığorta stajı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "z" bəndinə əsasən, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda bu bənd çıxarılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərərı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda kolxozdakı tütünçü peşəsi nəzərdə tutulmamışdır. Məhkəmə bildirir ki, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz, çünki şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 14 il işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. İddiaçı isə həm ümumi stajı (20 il), həm də xüsusi stajı (10 il) toplamışdır. Güzəştli sığorta stajı ilə bağlı eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2669/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli, eləcə də bu kimi digər qərarlarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müəyyən edildi ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Ona görə də məhkəmə bu qərara gəldi ki, iddiaçı əmək pensiyasının əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu ildən ödənilməsini tələb etməkdə haqlıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.