Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1213/2020 06.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmişdir. 1980-ci ilin mart ayında həmkəndlisi X3 ilə evlənmişlər. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Ramiz Zülfüqarov xx.xx.2008-ci il tarixində vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət edərək, yaşa gorə pensiya təyin edilməsini xahiş etmişdir. Sənədləri araşdırılmış və ona sosial pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, ərizə ilə cavabdeh orqana müraciət edərək, ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. İmtinanın səbəbi kimi - Azərbaycan Respublikası Prezidentinin xx xxx 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunun 14-cu maddəsinə əsasən tələb olunan sosial sığorta stajının təsdiq edilmədiyi göstərilmişdir (Göyçay 3 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün). Həyat yoldaşı Ramiz Zülfüqarovun sosial sığorta stajını təsdiq edən əmək kitabçasının surətini cavabdeh orqana təqdim etsə də, DSMF-nin Göyçay rayon şöbəsi əmək kitabçasını sosial sığorta stajının hesablanması üçün əsas hesab etməmiş, Göyçay 3 saylı Tikinti İdarəsinin fəaliyyət göstərmədiyini və sənədlər Dövlət Arxivinə təhvil verilmədiyini əsas göstərərək ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsində qeyd olunmuşdur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının həyat yoldaşı X3 xx.xx.2008-ci il tarixdə (55 yaş) vəfat etmişdir. R.Zülfüqarovun vəfat etdiyi dövrdə onun həmin yaş həddi üçün 13 il 4 ay sosial sığorta stajı tələb olunur. X1 əmək kitabçasında iş stajı aşağıdakı qaydadadır: 1968.xx.xx-1973.05.03=4-7-28 (sovxoz) 1977.xx.xx-1978.12.31=1-11-04 (sovxoz) 1979.xx.xx-1981.07.15=1-11-04 (avtobaza) 1982.01.7-1984.08.03=2-6-26 (SU-3) mübahisələndirilən staj 1984.xx.xx-1987.08.10=3-0-0 (XUMS) mübahisələndirilən staj 1987.10.08- 2006.01.01=18-2-23 (3 saylı Təmir-tikinti idarəsi) mübahisələndirilən staj. İş materiallarından aydın olur ki, X2 məxsus 2 əmək kitabçası vardır. Hər iki əmək kitabçası x xxxxx 1973-cü ildə doldurulmuşdur və əmək kitabçalarından biri kirilcə, digəri isə rus dilindədir. Kirilcə açılmış əmək kitabçasında iddiaçının 1982-ci il yanvarın 7-si işə qəbul olması öz əksini tapmışdır. Lakin işdən azad olma ilə bağlı qeyd aparılmamışdır. Bununla əlaqədar Göyçay rayon Dövlət Arxivinə tərəfimizdən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, X2 məxsus 1982-ci il əmək haqqı cədvəllərində, həmçinin əmr kitablarında vətəndaşın adında pozuntu var. Bundan başqa arxiv arayışında işdən çıxma tarixi xx xxxxxx 1987-ci il, əmr isə №108 qeyd edilmişdir və göstərilən qeydlər əmək kitabçası ilə üst-üstə düşmür. Əlavə olaraq, əmək kitabçasında vətəndaş X1 xx xxxxxx 2008-ci ilədək Göyçay 3№-li tikinti idarəsində işləməsi qeyd olunub. Arxiv arayışında göstərilib ki, 2003-cü ildən 2008-ci ilə qədər şəxsə aid əmək haqqı cədvəlləri təhvil verilməmişdir. Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2006-ci ildən xx.xx.2008-ci ilə qədər Göyçay Təmir-tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşın işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsi barədə sorğu göndərilmişdir. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan AZ-İİ seriyalı 082243 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1968-xx.xx.1978-ci illərdə sovxozda, xx.xx.1979xx.xx.1981-ci illərdə avtobazada, xx.xx.1982-xx.xx.1984-cü illərdə SU-3-də, xx.xx.1984xx.xx.1987 XUMS-da, xx.xx.1987- xx.xx.2008-ci ildə 3 saylı Təmir-tikinti idarəsində işləmişdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 344037 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 ilə X4 arasında nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 249 nömrəli Arxiv Arayışından görünür ki, Azkoostroy XUMS tresti ləğv olunduğu üçün X3 Göyçay avtokalonuna işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 248 nömrəli Arxiv Arayışından görünür ki, X3 1987-1994-cü illərdə “Azkooptikinti” trestinin Göyçay 3 nömrəli tikinti idarəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı X7 xx.xx.2020-ci il tarixli **********535000 nömrəli məlumatından görünür ki, “Göyçay Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı X8 dövlət qeydiyyatına alınmışdır. “Göyçay Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin baza məlumatlarına əsasən əsas fəaliyyət növü “təmir tikinti-İnşaat, kod 45211” göstərilmişdir. Baza məlumatlarına əsasən cəmiyyətin hüquqi ünvanı ünvan 1 rəhbəri X5 olaraq qeyd olunmuşdur. Hüquqi şəxsin rəhbərinin baza məlumatlarına əsasən əlaqə telefon nömrəsi ***-***-**-** olaraq qeyd edilmişdir. Cəmiyyətin hal-hazırda fəaliyyəti aktiv deyildir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. AZE seriyalı ******** nömrəli Ş/V-nin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Aktın təsdiqlənmiş surəti, Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 90 nömrəli məktubu,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 249 nömrəli Arxiv Arayışından görünür ki, Azkoostroy XUMS tresti ləğv olunduğu üçün X3 Göyçay avtokalonuna işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 248 nömrəli Arxiv Arayışından görünür ki, X3 1987-1994-cü illərdə “Azkooptikinti” trestinin Göyçay 3 nömrəli tikinti idarəsində işləmişdir. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüququ ondan ibarətdir ki, mərhum ərinin işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun ailə baçşısını itirməyə görə pensiya almaq hüququ reallaşacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1953-cü ildə doğulmuş, xx.xx.2008-ci ildə ölmüşdür. Onun öləndə 55 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 13 il 4 ay stajının olması kifayət edir. (55 -15=40, 10*4/12=13 il 4 ay il) İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun xx.xx.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının mərhum ərinin 8 il 6 ay 15 gün stajını mübahisələndirmir. 1987.10.08- 2006.01.01=18-2-23 (3 saylı Təmir-tikinti idarəsi) mübahisələndirilən stajla bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 248 nömrəli arxiv arayışından görünür ki, iddiaçının mərhum əri 3 saylı Təmir-tikinti idarəsində 1987-1994-cü illərdə əmək haqqı almışdır. Həmin arxiv arayışında qeyd olunan ayları topladıqda ən azından 85 ay əmək haqqı alması təsdiqini tapır. Bu da 7 il 1 ay təşkil edir ki, həmin müddəti də mübahisələndirilməyən müddətlə topladıqda tələb olunan 13 il 4 ay stajdan artıq staj tamamlanır. (8 il 6 ay 15 gün + 7 il 1 ay = 15 il 7 ay 15 gün) İddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan stajın tamamlanması səbəbindən və onun iddia tələbinin hüququ yarandığı vaxtdan ailə başçısı itirməyə görə pensiya təyin edilməsindən ibarət olduğu üçün əmək kitabçasında qeyd olunan digər iş yerlərinin və stajın araşdırılması üçün heç bir səbəb qalmır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1213/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1213/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver