Məhkəmə qərarları › İş №2-1(116)-1214/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1214/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1214/2021 03.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı “ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizə-bəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizəbəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 30.07.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23.11.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Mingəçevir şəhəri üzrə faktiki olaraq Fondun 17 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən pensiya təyinatı aparılmır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin qanunun 6.3-cü maddəsinə görə sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü hissəsinə əsasən həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Odur ki, İPM-in 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini Məhkəməyə təqdim etmək təklif olunmuş, əks təqdirdə İPMin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Eyni zamanda İPM-in 8.1.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, nəzərinə çatdırılmışdır ki, iş üzrə cavabdeh dəyişdirildiyi halda iddia ərazi aidiyyəti üzrə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi yer - ünvan 1 ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmənin yardım məktubu iddaçı tərəfindən 15.08.2021-ci il tarixdə sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. İddiaçı məhkəmənin yardımına cavab olaraq 26.08.2021-ci il tarixdə məhkəməyə təkrar iddia ərizəsi təqdim edərək bu dəfə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) ərazi regional idarəsini göstərmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə zəng vuraraq 30.07.2021-ci il tarixli yardım məktubunu aldığını, cavabdehi dəqiqləşdirdiyini, iddianın ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə etiraz etdiyini bildirmiş, məhkəmənin yardımına başqa münasibət bildirməyəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, Mingəçevir şəhəri üzrə faktiki olaraq Fondun 17 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən isə pensiya təyinatı aparılmır. Hazırkı iddia tələbi üzrə nə iddiaçının cavabdeh qismində göstərdiyi DSMF Mİngəçevir şəhər şöbəsi, nə də ki, təkrar iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi DSMF 17 saylı Yevlax ərazi regional idarəsi adlı qurum faktiki olaraq mövcud deyildir. Məhkəmənin iddia tələbinin ifadə tərzi ilə bağlı olmadığı nəzərə alınaraq iddiaçının Fondun 17 saylı regional ərazi filialını cavabdeh qismində göstərmək niyyəti fərz olunsa belə, həmin qurum hazırkı iddia tələbi üzrə cavabdeh qismində qəbul oluna bilməz. Məhkəmənin iddiaçıya ünvanladığı yardım məktubunda da göstərildiyi kimi, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin qanunun 6.3-cü maddəsinə görə sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü hissəsinə əsasən həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Belə olan halda iddiaçı tərəfindən iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunmalı olduğu halda, onun doğru olmayan subyektə qarşı yönəlmiş təkrar iddia ərizəsinin icraata qəbul olunması zərurəti də ortadan qalxır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyi üçün mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı düzgün cavabdehə qarşı qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı “ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizə-bəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar