Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1214/2024 11.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas Protokolunun 48 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış şəhərin 92-ci kvartalında (faktiki olaraq 100-cü kvartal) 600 kv.m torpaq sahəsinə onun adına plan-ölçü sənədi işlənməsi və reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və əlavə olunan sənədlərə baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas Protokolunun 48 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış şəhərin 92-ci kvartalında (faktiki olaraq 100-cü kvartal) 600 kv.m torpaq sahəsinə onun adına plan-ölçü sənədi işlənməsi və reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas Protokolunun 4 nömrəli qərarı ilə Şəki şəhər M.Ə.Rəsulzadə pr, bina 147 mənzil 19-da yaşayan X1 notarial ərizəsi nəzərə alınaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 274 nömrəli Sərəncamı ilə X2 fərdi ev tikinti üçün şəhərin 92-ci kvartalında (faktiki olaraq 100-cü kvartal) ayrılmış 600 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi və ev tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydada təsdiqlənməli olduğundan, həmçinin Şəki Bələdiyyəsinin 30 avqust 2006-cı ıl tarixli qərarı daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında aşağıdakı qərardadda təsbit olunan hüquqi mövqeyi iddiaçıya şifahi qaydada izah olunmuş, onun dinlənilmək hüququ təmin edilmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas Protokolunun 48 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış şəhərin 92-ci kvartalında (faktiki olaraq 100-cü kvartal) 600 kv.m torpaq sahəsinə onun adına plan-ölçü sənədi işlənməsi və reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki,həmin torpaq sahəsi Şəki ŞİH başçısının xx.xx.1992ci il tarixli sərəncamı ilə X2 ayrılmış,bələdiyyənin vasitəçiliyi ilə torpaq sahəsi sonradan iddiaçıya verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, iddia olunan 0,06 ha torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur.Belə ki, iddia olunan torpaq sahəsi üzərində xx.xx.2015-ci il qeydiyyat tarixli, **********99 reyestr nömrəli çıxarış əsasında X1 mülkiyyət hüququ qeydə alınmışdır. Odur ki, iddia olunan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə Hüquqları dövlət reyestrində qeydiyyata alınmış sğözügedən Çıxarış mübahisələndilməlidir. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas Protokolunun 48 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış şəhərin 92-ci kvartalında (faktiki olaraq 100-cü kvartal) 600 kv.m torpaq sahəsinə onun adına plan-ölçü sənədi işlənməsi və reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1214/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1214/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver