Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1216/2021 30.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər: Bakı İslam Universiteti, Qafqaz Müsəlmanlar İdarəsi) qarşı “ali təhsil haqqında sənədinin, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər: Bakı İslam Universiteti, Qafqaz Müsəlmanlar İdarəsi) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ali təhsil haqqında sənədinin, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya, dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 30.08.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq hazırki işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması bildirilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı tərəfindən müvafiq məktub poçt vasitəsilə 06.09.2021-ci il tarixdə qəbul edilmiş, lakin ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İş materiallarından görünür ki, iddiaçının cavabdehə qarşı yönələn tələbi məcburetmə haqqında iddia növünə aiddir. Qanunverici mübahisələndirmə haqqında iddia növü üzrə inzibati aktın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (məcburetmə haqqında) iddia növünə aid olduğundan, digər (məcburetmə haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdehin hüquqi ünvanı (Bakı şəhəri, Xətai prospekti, 49) Bakı şəhərində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər: Bakı İslam Universiteti, Qafqaz Müsəlmanlar İdarəsi) qarşı iddia tələbi ilə bağlı inzibati iş üzrə Şəki İnzibati Məhkəməsi səlahiyyətli olmadığından, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər: Bakı İslam Universiteti, Qafqaz Müsəlmanlar İdarəsi) qarşı “ali təhsil haqqında sənədinin, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1216/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1216/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver