Məhkəmə qərarları › İş №2-1(116)-1218/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1218/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1218/2022 04.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X3 Təchizat” MMC-nin 2006, 2007 və 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatları (B3 hesabatları) nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun 16 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1978-xx.xx.1984-cü illərdə Qutqaşen rayon 3454/05 nömrəli 2-ci dərəcəli əmanət kassasında nəzarətçi-kassir, xx.xx.2001-xx.xx.2005-ci ilədək Qəbələ Aqrar tikinti filialında fəhlə, xx.xx.2006-xx.xx.2008-ci ildə X3 satış şöbəsində nəzarətçi işlədiyim illərin, həmçinin 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməklə 65 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, daha sonra tələbini dəqiqləşdirərək “X3 Təchizat” MMC-nin 2006, 2007 və 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatları (B3 hesabatları) nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1218/2022 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, "xxxx" MMC-də xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinə kimi 3-cü dərəcəli nəzarətçi işlədiyi və əmək fəaliyyəti ilə məşğul olduğu digər dövrləri nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeyd alınmaması, sosial sığorta stajının 6 il 10 ay olmaqla 25 ilinin tamamlanmaması, "xxxx" MMC tərəfindən 2006-2008-ci illər üzrə DSMF-na təqdim edilən B3 hesabatında iddiaçının sosial sığorta kartının nömrəsinin və təvəllüdünün göstərilməməsi və hesabatın rekvizitləri doldurulmadığı üçün DSMF-yə ayrılıb köçürülmüş vəsaitin hesabatda öz əksini tapmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “X3 Təchizat” MMC-nin 2006, 2007 və 2008-ci illər üzrə Məcburi Dövlət Sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarından görünür ki, iddiaçının hesabına ödənilmiş m.d.s.s haqqı 2006-cı il üzrə - 61 manat, 2007-ci il üzrə - 419 manat, 2008-ci il üzrə - 229.96 manat qeyd edilmişdir. - cavabdehin təqdim etdiyi sənədlərə əlavə edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli DSMF-na ünvanlanmış məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2014cü il tarixli DƏ/188 saylı əmri ilə "xxxx" MMC-nin tabeçiliyində olan “X1” MMC-nin tebeçiliyinə verilmişdir. Sabiq işçi İddiaçı "xxxx" MMC-də xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinə kimi 3-cü dərəcəli nəzarətçi işləmişdir. "xxxx" MMC tərəfindən 2006-2008-ci illər üzrə DSMF-na təqdim edilən B3 hesabatında İddiaçı adı, soyadı və atasının adı qeyd edilmiş, lakin hesabatın tələblərinə uyğun olaraq sosial sığorta kartının nömrəsi (**********736) və yaxud təvəllüdü göstərilməmişdir. Ona görə də B3 forma üzrə rekvizitlər doldurulmadığı üçün, ona DSMF-na ayrıılb köçürülmüş vəsait hesabatda öz əksini tapmamışdır. Xahiş edirik məktuba əlavə edilmiş sənədləri və məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatı nəzərə alıb vətəndaşın pensiya alması üçün hüququnu təmin edəsiniz. - xx.xx.2006-cı il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müddət ərzində iddiaçıya ödənilən əmək haqqından ödənilmiş m.d.s.s haqqı 2006-cı il üzrə - 61 manat, 2007-ci il üzrə - 419 manat, 2008-ci il üzrə - 229.96 manat olmuşdur. "xxxx" MMC tərəfindən sığorta olunanlar haqqında məlumat (Forma B3) təqdim olunarkən hesabatın rekvizitləri doldurulmamış, iddiaçıya 2006-2008-ci illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sığorta haqları sığortaolunanlar haqqında məlumatda göstərilməmiş, buna görə də DSMF-yə ayrılıb köçürülmüş vəsait hesabatda öz əksini tapmamışdır. İşdə olan, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli DSMF-na ünvanlanmış məktubla müəyyən edilmişdir ki, 2006-2008-ci illər üzrə DSMF-na təqdim edilən B3 hesabatında İddiaçı adı, soyadı və atasının adı qeyd edilmiş, lakin hesabatın tələblərinə uyğun olaraq sosial sığorta kartının nömrəsi (**********736) və yaxud təvəllüdü göstərilməmişdir. Odur ki, cavabdehdən orqandan təqdim edilən məlumatların nəzərə alınaraq iddiaçının pensiya hüququnun təmin edilməsi xahiş edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMCdə əmək fəaliyyəti ilə məşğul olması və ona ödənilən əmək haqqından işlədiyi dövr ərzində cəmi, 709.96 manat məcburi dövlət sosial sığorta haqqının tutulması işin mübahisəsiz halıdır. Belə olan halda həmin ödənişlərin əks olunduğu hesabatların tərtib və təqdim olunması, o cümlədən hesabatın rekvizitlərinin düzgün doldurulması iddiaçının vəzifəsi olmadığından müvafiq sənədlərdə yol verilmiş yanlışlıqlar iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Hər bir halda iş materiallarından görünür ki, ilkin icraat zamanı yuxarıda qeyd edilən hallar, yəni, müvafiq hesabatların rekvizitlərinin düzgün olmaması, iddiaçının faktiki olaraq "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olması və ona ödənilən əmək haqqından məcburi dövlət sosial sığorta haqqının DSMF-na tutulması cavabdeh orqana məlum idi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının işlədiyi qurum tərəfindən dəqiqləşdirilmiş məlumat cavabdehə təqdim olunduğundan, bununla da, iddiaçının müraciətinin təmin olunması üçün tələb olunan əsaslar yarandığından cavabdehin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı X3 Təchizat” MMC-nin 2006, 2007 və 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatları (B3 hesabatları) nəzərə alınmaqla hüququnun yarandığı - xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar