Məhkəmə qərarları › İş №2-1(116)-1218/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1218/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1218/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə satılmış bələdiyyənin mülkiyyətində olmaqla alqı-satqı predmeti olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.03 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə satılmış bələdiyyənin mülkiyyətində olmaqla alqı-satqı predmeti olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.03 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə bələdiyyənin perespektiv inkişaf fondundan 0,03 ha həyətyanı torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq Şəki rayon İH-nin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçıya Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 458 saylı qərarla Havarlı kəndində yaşayış evlərinə qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsi həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında iddiaçı və onun iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1586/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsinin “X1 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasəsn İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0.03 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatı torpaqlar, uqodiyası tikinti altında olaan torpaqlar, mülkiyyətçisi Mingəçevr şəhəri, Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2267/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Mingəçevr şəhəri, Mingəçevir bələdiyyəsinin “X1 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı (təmiz örüş) torpaq sahəsidir. Sözügedən torpaq sahəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxivində mövcud olan, 1977-ci ildə tərtib edilmiş Yevlax rayonu Havarlı kəndi Tərəvəzçilik-südçülük sovxozunun Dövlət Aktına əsasən təsərrüfatın ərazisində yerləşir. Eyni zamanda həmin ərazi Azərbaycan Ali Soveti Rəyasət Heyətinin 06 iyun 1962-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş xəritəyə əsasən Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşir. Ərazidə torpaq islahatı aparılan zaman Yevlax Rayon Aqrar İslahatı Komissiyasının qərarı ilə təsdiq edilmiş Yevlax rayonu Havarlı kəndi keçmiş Tərəvəzçilik-südçülük sovxozunun yerquruluşu layihəsinə (Baş sxeminə) əsasən sözügedən torpaq sahəsi təsərrüfatın ərazisindən çıxarılmış, Havarlı bələdiyyəsinin mülkiyyətinə verilməmiş və Mingəçevir şəhərinin hüdudu daxilində saxlanılmışdır. Bundan sonra “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respiblikası Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli 378-İVQD nömrəli Azərbaycan Respiblikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəlarına uyğun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və bununla da mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur. - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 458 saylı iclas protokolundan çıxarışdan və xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0.03 ha torpaq sahəsi həyətyanı məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 48 manat pul vəsaiti ödənmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006ci il tarixli 458 saylı iclas protokolundan çıxarışda bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0.03 ha torpaq sahəsinin həyətyanı məqsədilə İddiaçı satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin sxemi hazırlanmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı DT və XK-nin Yevlax rayon şöbəsi xx.xx.2006-cı il tarixli, 17-9/337№-li rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmasını qeyd etmişdir. Hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış və faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi X1 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı (təmiz örüş) torpaq sahəsidir. Məhkəmə xüsusilə qeyd edir ki, ümumiyyətlə Yevlax rayon Havarlı bələdiyyəsinin sözügedən torpaq sahəsinin iddiaçıya satmaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 458 saylı qərarı qəbul edilənədək artıq Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Torpaq islahatı aparılan zaman Yevlax Rayon Aqrar İslahatı Komissiyasının qərarı ilə təsdiq edilmiş Yevlax rayonu Havarlı kəndi keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun yerquruluşu layihəsinə (Baş sxeminə) əsasən sözügedən torpaq sahəsi təsərrüfatın ərazisindən çıxarılmış, Havarlı bələdiyyəsinin mülkiyyətinə verilməmiş və Mingəçevir şəhərinin hüdudu daxilində saxlanılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsində qeyd olunan torpaq sahələrinin yalnız istifadəyə və icarəyə verilməsi təsbit olunmuş, xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsi:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ... xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin xx.xx.2006-ci il tarixli, 458 saylı qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Yəni, iddiaçıya satılmış torpaq sahəsi örüş torpaq sahələrinə aid olmaqla bərabər, həm də Yevlax rayon Havarlı bələdiyyəsinin ərazisinə aid olmadığından bələdiyyənin xx.xx.2006-ci il tarixli, 458 saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Havarlı bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2006-cı il tarixli, 458 saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanuna uyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş icraat pozuntularına hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Hazırkı işdə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, ilkin icraat zamanı torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlı müvafiq rəy təqdim edilmişdir. Lakin, bələdiyyə tərəfindən öz ərazi hüdudlarına aid olmayan və qanunvericiliklə birbaşa qadağan edildiyi halda uqodiyası örüş olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılmışdır. İddiaçının etimad hüququnun qorunmasına münasibətdə məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsində qeyd edilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə hesab edir ki, digər bələdiyyənin ərazisinə aid olan bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Belə ki, örüş torpaq sahələrinə münasibətdə mülkiyyətə verilmənin qadağan edilməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə satılmış bələdiyyənin mülkiyyətində olmaqla alqı-satqı predmeti olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.03 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar