Məhkəmə qərarları › İş №2-1(116)-1219/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1219/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1219/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı münasibətdə Əlilliyin müəyyən edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddiaçının xəstəlik diaqnozunun dəqiqləşdirilməsi yolu ilə onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün təkrar Tibbi-Sosial Ekspert komissiyasının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx xxxx 1963-cü il tarixdə Ağdaş rayonunun Qarasuqumlaq kəndində anadan olmuşdur .1993-cü ilin oktyabr ayının 02-də o vaxtki Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq döyüş bölgəsinə, Müdafiə Nazirliyinin 190 nömrəli Hərbi hissəsinə göndərilmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan təxminən 3 ay sonra, 1993-cü ilin ilin 31 dekabr tarixində Ağdam rayonunun Güllücə kəndi ərazisində gedən döyüşlərdə yanında tank mərmisi partlamağı nəticəsində yaralanaraq xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Bərdə rayon Mərkəzi xəstəxanasında «Barotravma. Asteno-nevrotik reaksiya» diaqnozu ilə və xx.xx.1994-cü ildən 12 02.1994-cü ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında «Qapalı kəllə-beyin ravmasından sonra astenik sindrom (Baroravma)» diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin” a” bəndinə əsasən onun 31 dekabr 1993-cü ıl tarixində döyüşən ordu sıralarında aldığı zədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın 14 mart 2012-ci il tarixli 170 nömrəli Qərarı (protokol №165) ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir.Ona xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilə kimi 2-ci dərəcə əlillik təyin edilmişdir.2021-ci ilin mart ayında növbəti müayinədən keçdikdən sonra əlillik təyin edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü ilədək Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunarkən növbəti dəfə ona “Postravmatik xroniki başağrısı, Keçirilmiş Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, kranialgiya ilə prezbiopiya” və "Koqnitiv funksiyalarının itməsi, şəxsiyyət dəyişikliyi" diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1- 118/2023 nömrəli "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq mən 17.01 2024-cü ildən 30.01 2024-cü il tarixədək Respublika Psixatrıya Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli müvafiq Qərarı ilə barəsində əlilliyin müəyyən edilməsindən imtina edilmişdir.Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş tibbi sənədlərindəki “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi göstərilmişdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi ( İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu.və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Ağdaş rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 172 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Barotravma. Asteno- nevrotik reaksiya. Qapalı kəllə-beyin travmasından sonra astenik sindrom (Barotravma)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yaddaşsızlıq, insanlarla yola gedə bilməməsindən, mədəsindəki narahatlıqdan, eşitmə məhdudluğundan şikayətlənmişdir. Vətəndaş gündəlik çoxsaylı medikamentoz preparat qəbul etdiyini bildirsə də, adlarını xatırlamadığını, həmçinin iki övladının, üç nəvəsinin olduğunu bildirərək yaşlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı vətəndaş ~4- 5 metr məsafədən əyləşərək orta tonla danışmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmiş, vətəndaşda ciddi aqrovasiya əlamətləri izlənilmişdir. Psixi statusunda şikayətləri baş ağrıları, ürəkbulanma, yaddaş zəifləməsi, əsəbilikdən ibarət olmuşdur. İntellektual-mnestik funksiyaları təhsilinə və yaşına uyğun olmuş, bir qədər qıcıqlı, psixoproduksiya aşkar olunmamışdır. Vətəndaş baş-beynin instrumental müayinə nəticələrini təqdim etməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024- xx.xx.2024-cü il tarixli 705/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3383 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 db, sol qulaq 55 db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli əlilliyin təyin edilməsindən imtinası;

2. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 172 nömrəli Qərarı;

3. AO ******* nömrəli hərbi bilet;

4. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 23 oktyabr 2024-cü il tarixli məktubu;

5. AR Səhiyyə Nazirliyi “Respublika Psxiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 2997 nömrəli Rəyi;

6. Cavabdehin etiraz məktubu və ona əlavə olunan sənədlər.

7. AR SHXÇDX-nin Mingəçevir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışı;

8. AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3423 nömrəli məktubuna əlavə edilmiş 1730 saylı ekspert rəyi;

9. Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş,əlilliyin müddəti tamamlandıqdan sonra mütəmadi yenidən qiymətləndirilmələr nəticəsində xx.xx.2021-ci il tarixinədək iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ikinci dərəcə əlilliyi müəyyən olunmuşdur. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2024-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndimir, qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir. İddiaçı barəsində P00178801GLK nömrəli forma 88 göndərişinə cavabdeh inzibati orqan tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixində qiymətləndirilmə aparılaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “( İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astentik) pozuntu” olmuşdur. Eyni zamanda AR Səhiyyə Nazirliyi “Respublika Psxiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının tibbi rəyindən görünür ki, iddiaçıya “Üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0). İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə “( İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astentik) pozuntu diaqnozuna münasibətdə F07.0 koduna istinad edilmişdir. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Sözügedən F07.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə üzvi mənşəli şəxsiyyət pozuntusu olaraq 7.6.2-ci bənddə nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. xx.xx.2024-cü il tarixli müayinə zamanı da İddiaçı həmin diaqnozun qeyd olunduğu qənaətinə gəlmək olar. Qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu” diaqozu “Üzvi mənşəli emosional labil (astenik) pozuntu’’nun əlamətlərini də ehtiva etdiyindən əlavə olaraq diaqnoz kimi göstərilməyə bilər. Təqdim olunmuş sənədlərə əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu” İ Qarabağ Müharibəsi zamanı alınmış travma nəticəsində yaranmışdır. Əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarta tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyalann enməsi ilə (F07.0) aşkar olunur. İddiaçı 1993-cü ildə travma aldıqdan sonra müxtəlif dövrlərdə psixi vəziyyətinə uyğun olaraq müxtəlif diaqnozlar qoyulmuşdur.həmin diaqnozlar üzvi zədələnmənin (kəllə-beyin travmasının fəsadları) kimi qiymətləndirilir. Hazırkı məhkəməpsixiatrik ekspertizası zamanı İddiaçı əvvəllər təyin edilmiş bütün diaqnozların düzgün olub-olmadığını təyin etmək mümkün deyil. İddiaçı hazırda təyin edilmiş diaqnoz ona son illər təyin edilmiş diaqnozlara uyğundur. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında" diaqnozu qoyulmuqdur. Diaqnozu mövcuddur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki,hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir.Belə ki,cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- F07-üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu qəbul edir. Bu diaqnoz məhkəmədə iddia qaldırılanadək təqdim edilmiş P00178801GLK nömrəli forma 88 göndərişində əsas diaqnoz olaraq təsbit edilmişdir. Göndərişdə iddiaçının sağlamlıq vəziyyəti “Zahirən səliqəlidir. Bələdliyi bütün növlər üzrə saxlanıb. Əsəbi və gəegin görünür. Ünsiyyətə həvəssiz qoşulur. Söhbət zamanı tez yorulur, hal əhvalı dəyişir. Narshatlaşdığı hiss olunur. Söz və məlumat ehtiyatı azdır. Maraq dairəsi daralıb. Baş ağrıları , darıxma, yuxu pozğunluqları , fikirlərin olduğunu bildirir. Qarabağ döyüşlərindən danışdıqda həyəcanlanır. Gərgin görünür. Danıışmaq istəmədiyini , tez əsəbiləşdiyini və aqressiv olduğunu bildirir. Təfəkkür rigid, müfəssəldir. İntellektual mnestik enmə var. Emosional labildir. Tənqid tam deyil İQ-72 %” kimi qeyd edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təsbit edilmişdir.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 7.6.2-ci bəndində iki əlamət göstərilmişdir.

1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti İddiaçının mövcud sağlamlıq vəziyyəti,təqdim edilmiş rəyə, Mingəçevir Şəhər PNDnin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna və həmin diaqnoza əsasən iddiaçının sağlamlıq vəziyyəti Meyarların 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş OFP-nin 35-60 dərəcəsi və iki il müddətində əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 35-60 % aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 35-60 % aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, xx.xx.2024-cü il tarixindən (forma 88 göndərişi əsasında) iddiaçıya 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 28 mart 2024-cü il tarixindən 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60% aralığında) müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar