Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-122/2022 04.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini 1993-cü ilin iyul ayından həqiqi hərbi xidmətə başlaması, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etməsi, bundan sonra N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi, 19.01.1994-cü il tarixdə Füzuli rayonunun Abdurəhmanlı kəndində gedən döyüşlərdə yaralanması, Saatlı rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə alması, müalicə aldıqdan sonra 10.02.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibinə qayıtması və 1997ci ilin iyul ayında tərxis olunması ilə əsaslandırmışdır. Qeyd etmişdir ki, cavabdehin onun barəsində N saylı hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il, iyul 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti və tərxis olunması barədə məlumatların aşkar olunmaması ilə bağlı məlumatı həqiqətə uyğun deyildir. Belə ki, onun qanuni əsaslarla tərxis olunması hərbi biletindəki qeydlə də sübut olunur. Həmçinin onun barəsində cinayət işi və təqsirləndirici material olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının qanuni əsaslarla ordudan tərxis edilməməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - H3 ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən, SHÇÜDXnin Göyçay rayon şöbəsinin 03.05.2021-ci il tarixli arayışından və iddiaçının qeydiyyat kartasının surətindən görünür ki, müvafiq sənədlərdə iddiaçının 02.07.1993-cü ildə hərbi xidmətə səfərbər edilməsi, 25.07.1997-ci il tarixdə ehtiyata buraxılması, 29.11.1993- 12.05.1994-cü illərdə döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı qeydlər icra edilmişdir. - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.05.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının anoloji müraciətinin təmin edilməsindən imtina etmiş, əsas olaraq iddiaçının 09.02.1994-cü ildən (müalicədən) sonra xidməti barədə məlumatın olmamasını və 1997-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının təsdiqlənməməsini göstərmişdir. - Saatlı RMX-nın 09.02.1994-cü il tarixli iddiaçıya aid tibbi kartadan çıxarışdan görünür ki, iddiaçı müalicə aldıqdan sonra vəziyyəti yaxşılaşdığı üçün Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. - Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 02.02.2021-ci il tarixli 9/2-682 nömrəli arxiv arayışından və eyni zamanda N saylı hərbi hissə komandirinin N №-li (§8), 05.01.1994-cü il tarixli, 19 №-li (§10), 19.01.1994 və 22.01.1994-cü il tarixli, N saylı hərbi hissə komandirinin N №-li (§11), 19.07.1993-cü il tarixli, N9 №-li (§22), 25.10.1993-cü il tarixli, N saylı hərbi hissə komandirinin N №-li N.11.1993-cü il tarixli, 1 №-li 01.01.1994-cü il tarixli, və 6N №-li (§4), 15.03.1994-cü il tarixli əmrdən çıxarışlarından aşağıdakılar müəyyən edilir: iddiaçı 02.07.1993-cü il tarixdə Göyçay RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin 19.07.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-1, sıra-4) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 25.10.1993-cü il tarixli N9 №-li əmrində (əsas: §-22, sıra-256) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan göyüş əməliyyatları bölgəsinə göndərilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissədən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N.11.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-1, sıra-122) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin 01.01.1994-cü il tarixli 1 №-li əmrilə (əsas: §-1, səh-N, sıra-134) sıravi İddiaçı 2-ci MAT-ın 2-ci MAB-nın 2-ci MAT-da sürücü vəzifəsinə təyin olunmuşdur. 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin 15.03.1994-cü il tarixli 6N №-li əmrilə (əsas: §~4, səh- 125, sıra-159) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “A”, sıra-844, məlumatda çağırış yeri “Zəngilan RHK-ğı” göstərilmişdir) Zəngilan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin 05.01.1994-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə qeydiyyat aparılmamışdır. 877 №-li hərbi hissədən gəlmiş, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 05.01.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-4, səh-22, sıra-257) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq xidmət keçmək üçün BMO-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin 19.01.1994-cü il tarixli 19 №-li əmrində (əsas: §-5, səh-103, sıra-18, əmrdə atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə BMO-nun hərbi qulluqçusu İddiaçı 18.01.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 22.01.1994-cü il tarixli 22 №-li əmrində (əsas: §-10. səh-122, sıra-28, əmrdə atasının adı yazılmamışdır) yaralandığlarına görə hospitala göndərilərək qazan təminatından çıxarılan 4-cü MAT-ın şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il, iyul 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və tərxis olunması barədə məlumat aşkar olunmamışdır. - Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 14.07.2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Tərtər Hərbi Prokurorluğunun 29.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, 1975-ci il təvəllüdlü, 777, 702, N və N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. - Qarabağ Hərbi Prokurorluğunun 01.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 06.08.2021-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Füzuli Hərbi Prokurorluğunun N.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Füzuli təqsirləndirici material və ya cinayət işi yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etiraz məktubunda nümayəndənin iştirak olmadan inzibati işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsanamənin 1-ci bəndinin 9-cu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Azərbaycan RespublikasıPrezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə vəX1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Qanunvericiliyin hərbi biletlərlə bağlı tələbi həm də ondan ibarətdir ki, hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün mötəbər sübut kimi qəbul olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları isə onu deməyə əsas verir ki, ümumiyyətlə iddiaçının 15.03.1994-cü il tarixdən sonrakı xidməti barədə hər hansı məlumat yoxdur. Qeyd olunan tarix isə iddiaçının N saylı hərbi hissəni özbaşına tərk etdiyi tarixdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında hərbi hissəni özbaşına tərk etməməsini və 09.02.1994-cü ildə müalicədən qayıtdıqdan sonra tərxis olunanadək N nömrəli hərbi hissədə xidmətini davam etdirdiyini bildirsə də, iş materialları ilə bu öz təsdiqini tapmır. İddiaçı hərbi xidmətə başlamasından 09.02.1994-cü il tarixədək baş vermiş hadisələri ardıcıl olaraq bildirsə də, 09.02.1994-cü ildən 25.07.1997-ci ilədək xidməti barədə konkret heç bir fakt (xidmət etdiyi bölük, tağım, o cümlədən bölük komandiri, tağım komandiri, vəzifəsi, həmçinin məzuniyyətdə, ezamiyyətdə olması, onunla birgə xidmət etmiş şəxslər və s. Barədə) bildirə bilmir. İddiaçının xidmət etdiyi 1994-1997ci illərin olduqca uzun müddət olması, lakin iddiaçını həmin müddətdə hərbi xidməti ilə bağlı hər hansı faktın olmaması məhkəmədə iddiaçının həqiqətən də 1997-ci ilədək N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi ilə bağlı əsaslı şübhələr yaradır. Eyni zamanda iddiaçının tələb hüququnu hərbi biletində olan möhürlə dəfələrlə əsaslandırması, xidmət etdiyi illərlə bağlı hər hansı sübutu və faktı bildirə bilməməsi, 09.02.1994-cü ildə müalicədən qayıdaraq xidmətini davam etdirməsi barədə işdə heç bir sübutun olmaması məhkəmədə iddiaçının qeyd olunan dövrlər ərzində faktiki olaraq hərbi xidmət keçməməsi və hərbi biletində icra edilmiş, 25.07.1997-ci ilə aid qeydlərin həqiqətə uyğun olmaması qənaətini yaradır. Yəni, iddiaçının hərbi xidməti barədə son qeyd 15.03.1994-cü ilə aid olan, onun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı qeyddir. Bu isə o deməkdir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması öz təsdiqini tapmır. 25.12.1991-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. 03 noyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 14-cü maddəyə əsasən çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 17-ci maddəyə əsasən ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı N yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı N iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin tərxis etmə barədə qəbul etdiyi qərardan sonra, hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir ki, yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmışdır. Yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək iddiaçı tərəfindən hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-122/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-122/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver