Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1221/2025 13.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1985-ci ildə X4 ilə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşdur. Nikahlarını xx.xx.1991-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşağı doğulmuşdur. Mərhum əri Çernobıl AES qəzasının ləğvində hərbi xidmət vəzifəsini yerinə yetirdiyinə və şüalanma nəticəsində müəyyən xəstəliyinə görə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, 16 noyabr 2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Onun valideynləri X3 xx.xx.1984-cü ildə, X9 isə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində vəfat etmişlər. Mərhum əri X1 AES qəzası əlili kimi 2005-ci il tarixdən şəhər İcra hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Mərhum əri X2 ölümündən sonra o, ərizə ilə aidiyyati üzrə Cavabdehnə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mərhum ərinin mənzil növbəliyinin onun adına keçirilməsini xahiş etmişdir. Lakin, müraciəti təmin edilməmişdir. Qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir və həmin Qanunda mənzil növbəsində duran şəxsin ölümündən sonra ailə üzvlərinin 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi nəzərdə tutulmamışdır. O, mərhum ərinin ailə üzvü kimi İcra hakimiyyətinin məktubunda qeyd edilmiş “Qaydalar" barədə heç bir orqan tərəfindən məlumatlandırılmamışdır. Halbuki, əldə etdiyi məlumatlara görə Cavabdehndə 2017-ci ildən elektron informasiya sistemi tətbiq edilir və mənzil uçotuna alınmış şəxslərin elektron qeydiyyatı aparılır. Mərhum ərinin adı bugünədək həmin elektron siyahıda mövcuddur. Həmin elektron qeydiyyatda mənzil növbəsində duran şəxsin ölümü dərhal görünməlidir və İcra hakimiyyəti tərəfindən bu barədə ailə üzvü kimi ona məlumat verilməli idi. Mərhum ərinin ölümündən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 saylı Qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun ailə üzvləri üçün saxlanlması Qaydası”na əsasən onun ölümündən sonra 3 ay müddətində müraciət etməyi barədə məlumatı olmamışdır. Hesab edir ki, mərhum əri mənzil uçotuna alınan zaman onun ailə tərkibi barədə Şəhər İcra hakimiyyətinə arayış təqdim olunduğundan və mərhumun ailə üzvlərinin siyahısı Şəhər İcra hakimiyyəti tərəfindən tərtib edilmiş elektron qeydiyyat siyahısında bu gün də mövcud olduğuna görə o, mərhumun qanun üzrə birinci növbə vərəsəsi və ailə üzvü kimi onun ölümündən sonra mənzil növbəliyinin onun adına keçirilməmək kimi qanunlarda və konstitusiyada nəzərdə tutulmuş imtiyazlardan məhrum edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 saylı Qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun ailə üzvləri üçün saxlanlması Qaydası” qanunvericilikdə nəzərdə tutulmuş qanunun zamana görə qüvvəsinə görə bizim ailələrinə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Ona görə də o, ərizə ilə cavabdeh inzibati orqan Cavabdehnə müraciət edərək yuxarıda göstərdiyim qanunların tələblərinə uyğun olaraq Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə mənzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan 5-3/2-A-725-25-528/2024 saylı 30 avqust 2024-cü il tarixli məktubu ilə 5-3/2-A-419/2024 saylı 16 iyul 2024-cü il tarixli məktubunu təkrarlayaraq imtina etmişdir. Buna görə də, o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırmışdır: - İddiaçı Cavabdehnə 08 iyul 2024-cü il tarixdə daxil olmuş ərizəsində 2-ci dərəcəli Çernobıl AES qəzası əlili kimi mənzil növbəliyinə götürülmüş, 16 noyabr 2018-ci ildə vəfat etmiş əri X2 mənzil növbəliyinin adına keçirilməsini xahiş etmişdir. İddiaçı ünvanına xx.xx.2024-cü il tarixdə cavab məktubu göndərilərək izah edilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanması Qaydası”nın 2.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliyi nəzərə alınmaqla ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana bu qaydalarla nəzərdə tutulmuş formada ərizə ilə müraciət etməlidir. Vətəndaş İddiaçı isə vəfat etmiş həyat yoldaşının növbəliyinin adına keçirilməsi üçün həyat yoldaşının vəfatından altı il keçdikdən sonra müraciət etmişdir və ona Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara müvafiq izahat verilmişdir. İddiaçı ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində də göstərilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Nazirlər Kabineti isə bu qaydaları xx.xx.2019-cu il tarixli 322 nömrəli qərarı ilə müəyyən etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında idia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, 399171, 703197 nömrəli nikahın bağlanması haqqında şəhadətnamələr, AZ-İ 966287, nömrəli ölüm haqqında şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş-200801461 qeydiyyat nömrəli çıxarış, daşınmaz əmlakın bağışlanma müqaviləsi, ********** nömrəli çıxarış, əmlaka dair sənədlər, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı. Əsaslandırma hissəsi : İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” Əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 2.2. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; 2.2.2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir); 2.2.3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti. 2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir. 2.3. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. 2.4. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq (bu Qaydanın 2.2-1-ci bəndinin tələbi nəzərə alınmaqla) yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır. 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. 2.6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.
3. Əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla); 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçının mərhum əri X4 2-ci dərəcəli Çernobıl əlili olmuş və o, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Cavabdehndə mənzil növbəsinə götürülmüşdür. X10 2018-ci ildə həmin şəxs vəfat etmişdir. İddiaçı, 6 il sonra cavabdehə müraciət edərək mənzil növbəsinin özünün adına qeyd edilməsini xahiş etmişdir. İddiaçı bunu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsi ilə əsaslandırmışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Məhkəmə tərəfindən 2005-2024-cü illər üzrə İddiaçı və X10in əmlak hüquqlarının dövlət qeydiyyatına alındığı yaşayış sahələrinə dair hüquq müəyyənedici sənədlər “DƏDKR” PHŞ-nin 17 saylı Yevlax Əİ-dən sorğu edilərək tədqiq edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən daşınmaz əmlak obyektini qızı – X11 bağışlamışdır. Göründüyü kimi iddiaçı, özünə məxsus yaşayış sahəsini özgəninkiləşdirmiş, mərhum həyat yoldaşının vəfatından 6 il keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İstinad olunan Qanunun 31.2-ci maddəsi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxsin vəfatından sonra onun ailə üzvləri üçün uçotun saxlanılmasını tələb edir. Bu hüququn tətbiqi üçün qəbul edilmiş müvafiq Qaydanın 2.1-ci bəndinə əsasən, ailə üzvü (təmsilçi) əlilliyi olan şəxsin vəfatından etibarən 3 ay müddətində ərizə ilə müraciət etməlidir. İddiaçı, 3 aylıq müddəti keçirməsinin cavabdeh orqan tərəfindən məlumatlandırılmaması ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, yaşayış sahəsi ilə təmin olunma məhz iddiaçının hüquqi maraqları daxilində olduğundan bu marağın davam etməsini və aradan qalxmamasını o, cavabdehə aktiv müraciət etməklə təsdiq etməli və uçotun saxlanılması üçün təşəbbüs göstərməli idi. “Qayda”nın 2.1-ci bəndinin tələbinə görə bu təşəbbüs məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri tərəfindən irəli sürülməlidir. Buna görə də, iddiaçının yaşayış sahəsinə olan ehtiyacının və marağının davam edib-etməməsinin cavabdeh orqan tərəfindən araşdırılmasını gözləməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır." Məhkəmə qeyd edir ki, yaşayış sahəsi ilə təmin olunma və bu sahədə aparılan işlər dövlətin fiskal siyasəti və maliyyə imkanları ilə birbaşa əlaqəli olduğundan, müəyyən edilmiş müddət tələblərinə riayət edilməlidir. Dövlətin bu sahədə öhdəliklərinin proqnozlaşdırıla bilən olması məhz vətəndaşların müəyyən edilmiş müddətlər çərçivəsində öz hüquqlarını tələb etmələrindən asılıdır. Uzun müddət ərzində tələb edilməmiş bir hüququn irəli sürülməsi dövlətin planlaşdırılmış resurslarının bölgüsünü poza bilər. İddiaçı, qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddəti pozduğundan, bu gecikmənin obyektiv səbəblərlə əsaslandırılması zəruridir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. Digər tərəfdən iddiaçı, yaşayış sahəsini könüllü şəkildə özgəninkiləşdirdikdən sonra, dövlətin ona yeni yaşayış sahəsi ayırması sosial təminat məqsədilə həyata keçirilən tədbirlərin məqsədinə birbaşa ziddir. Çünki bu halda iddiaçının hərəkətləri süni şəkildə yaşayış sahəsinə ehtiyacın yaradılması görüntüsü yaradır. Odur ki, “Qayda”da müəyyən edilmiş 3 aylıq müddət hüquqi sabitlik, dövlətin bu sahədə apardığı siyasətin proqnozlaşdırıla bilən olmasını və maliyyə resurslarını tənzimləmək məqsədini daşıdığından, iddiaçının passiv davranışı nəticəsində 3 aylıq müddətin əhəmiyyətli dərəcədə keçirilməsi ilə bağlı cavabdeh orqanın dəlili hüquqi baxımdan əsaslı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev