Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1223/2024 23.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “Qəbələ rayon Tikanlı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1984-cü il tarixli 12 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Elçin” adının “Elgün” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Tikanlı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1984-cü il tarixli 12 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Elçin” adının “Elgün” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1984-cü ildə Qəbələ rayonun Uludaş kəndində doğulmuşdur. Ona xx.xx.1984-cü il tarixdə Qəbələ rayonu Tikanlı kənd icra nümayəndəliyi tərəfindən X-JQ-267554 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə soyad, ad və ata adımı qrafasıda “İddiaçı” valideyinlərə dair məlumat ata qrafasında “X1”, ana qrafasında isə “X2” qeyd edilmişdir. Torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə nazirliyi Qəbələ rayon Qeydiyyat şöbəsində olan doğum haqqında akt qeydində (kitabına, yəni sənədin kökündə) müəyyən uyğunsuzluqlar mövcuddur. Ona məxsus digər bütün sənədlərdə adı “Elgün” olaraq qeyd edilmişdir. Buna görə cavabdehə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müraciət etmişdir. Müraciətinə 02 mart 2023-cü il tarixdə Qəbələ rayon qeydiyyat şöbəsində baxılmış və təmin edilməkdən 3-16-5/8-15S-45/2023 saylı məktubla imtina edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZ-T 040169 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə (xx.xx.2008-ci il tarixli nikah haqqında akt qeydi), AZ- T 123228 (xx.xx.2009-cu il tarixli 20 nömrəli doğum haqqında akt qeydi), AZ-T123229 (xx.xx.2015-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydi) və AZ-T 123227 (xx.xx.2011ci il tarixli 169 nömrəli doğum haqqında akt qeydi) nömrəli doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası Xosrov kənd İslam Mədrəsəsinin 0166 nömrəli diplomu, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 383 nömrəli şəxsi hesab vərəqəsi, Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkası. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. Onun barəsində Qəbələ rayon Tikanlı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1984-cü il tarixli 12 saylı doğum haqqında akt qeydi tərtib edilmiş, adı “Elçin” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.2008-ci il tarixli 03 nömrəli nikah haqqında, xx.xx.2009-cu il tarixli 20 nömrəli, xx.xx.2015-ci il tarixli 09 nömrəli və xx.xx.2011-ci il tarixli 169 nömrəli doğum haqqında akt qeydlərində, o cümlədən iş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 383 nömrəli şəxsi hesab vərəqəsində, Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasında, SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş qeydiyyat kartasında “Elgün” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə Qəbələ rayon Tikanlı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1984-cü il tarixli 12 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Elçin” adının “Elgün” adına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.