Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1224/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə iddiaçı Göyçay bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 481,6 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və Göyçay bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçay bələdiyyəsinin sədri X7 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 481,6 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və Göyçay bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Göyçay şəhər Bələdiyyəsi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə 257 nömrəli məktubla müraciət edərək, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 481,6 m2 torpaq sahəsinə dair sahibkarlıq məqsədi üçün Yerquruluşu Planının hazırlanmasını xahiş etmişdir. "xxxx" MMC Göyçay şəhər Bələdiyyəsinin məktubunun icrasının təmin edilməsi üçün tabeliyində olan Ağsu Layihə-Tədqiqat İdarəsinə göndərmişdir. Ağsu Layihə-Tədqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş, çöl-geodeziya ölçmə işləri aparılmış və müvafiq koordinatlar götürülmüşdür. Götürülmüş koordinatlar əsasında D/y**********/y/p-039 nömrəli yerquruluşu planı hazırlanaraq, yoxlanılması və razılaşdırılması məqsədi ilə "xxxx" MMCyə göndərilmişdir. Həmin MMC-nin müvafiq Komissiyasında baxılmış, heç bir irad bildirilməmişdir. Göyçay şəhər Bələdiyyəsi tərəfindən müvafiq xidmət haqqı ödənildikdən sonra xx.xx.2021-ci il tarixli D/y**********/y/p-039 nömrəli X2 təhvil verilmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və ƏMDK-nın 16 saylı Ucar Ərazi şöbəsinə müraciət olunması qərara alınmış, qərarın icrasına müvafiq köməklik göstərilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 16 saylı Ucar ərazi idarəsindən xahiş olunmuşdur. Həmin qərara əsasən, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 06 avqust 2021-ci il tarixli 116 saylı rəy verilərək, Azərbaycan Respublikası 2002-ci il 15 mart tarixli 274-İİ Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə uyğun olaraq Göyçay şəhər Bələdiyyəsinin mülkiyyətində olan 481,6 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılmasına həmin şöbənin etiraz etmədiyi bildirilmişdir. Bundan başqa, Göyçay şəhər Bələdiyyəsinin 05 avqust 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi tərəfindən 25 oktyabr 2021-ci il tarixli 157 saylı rəy verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********85 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müəyinə (baxış) aktında qeyd olunan torpaq sahəsi koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza xəritəsinə əsasən yoxlanmış və yerində müayinə aparılmışdır. Yoxlama zamanı Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,04816 hektar sahibkarlıq torpaq sahəsi digər mülkiyyətçiyə məxsus torpaq sahəsi dövlət mülkiyyəti olan **********10-06301 reyestr nömrəli qeyri-yaşayış binası ilə üst-üstə düşür. Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,04816 hektar sahibkarlıq torpaq sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin qərb hissəsindən 6.7 metr məsafədə 10 kv-luq yüksək gərginlikli hava elektrik xətti keçir. Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarına əsasən hava elektrik ötürücü xəttləri boyunca hər iki tərəfə 10kv-lıq elektrik xəttinin mühafizə zolağı 10 metr göstərilmişdir. Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,04816 hektar sahibkarlıq torpaq sahəsi 10 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********05 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1224/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində zəruri, X8 isə adi qaydada cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X8 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs X4 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini bildirmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasına zərurət qalmadığını qeyd etmiş və iddianın geri götürülməsini nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Göyçay bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Göyçay bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 481,6 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və Göyçay bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1224/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1224/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver