Məhkəmə qərarları › İş №2-1(116)-1226/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1226/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1226/2025 15.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda səhvən yazılmış X4 adının mülkiyyətçilər siyahısından çıxarılması və həmin şəxs olmadan İddiaçı və X1 adına Texniki pasport və Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024cü il tarixli **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda səhvən yazılmış X4 adının mülkiyyətçilər siyahısından çıxarılması və həmin şəxs olmadan İddiaçı və X1 adına Texniki pasport və Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qax rayonu Qaxingiloy kəndində yaşayır. Ona və ailəsinə məxsus Qax rayonu Qaxingiloy kəndində 0.10 həyətyanı torpaq sahəsi vardır. xx.xx.2024-cü il tarixli **********32 reystr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda X4 adının yanlışlıqla əlavə olaraq onun ailə üzvü kimi yazıldığı müəyyən olunmuşdur. Belə ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş aqrar islahat zamanı həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında onların ailəsinə məxsus sırada Akakinin adı qeyd edilmişdir. Həmin xx.xx.2024-cü il tarixli **********32 reystr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda X7 adlı şəxs səhvən yanlışlıqla yazılmış və elə bir şəxslə onun qohumluq ələqəsi olmamışdır. Hazırda onun və X1 mülkiyyətində olan torpaq sahəsinə yanılışlıqla adı yazılmış həmin şəxs onunla heç bir qohumluq əlaqəsi olmadığı üçün ona sənədləşmə işlərində müəyyən çətinliklər yaranır. Belə ki, xx.xx.2024-cü il tarixli **********32 reystr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda səhvən yazılmış X5 adı həmin sənədlərdən silinməlidir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, JN daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın arxiv məlumatları yoxlanılarkən X4 adı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı həyətyanı torpaq sahəsi alacaq subyeklərin siyasında sözügedən ailəyə məxsus sırada göstərildiyi, daşınmaz əmlakın qeydiyyatı aparılan zaman texniki səhv olaraq hüquq sahibləri sırasına daxil edilmədiyi müəyyən olunduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməli olduğundan ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-39/2-K-0012- 35/2024 №-li imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. Qax Rayon İcra hakimiyyəti Qax İngiloy kənd İƏD-nin 1028 nömrəli arayışı;

3. Qax Rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubu;

4. Qax Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu;

5. JN-236F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə;

6. ********** qeydiyyat nömrəli çıxarış;

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Qax rayon Qaxingiloy kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış;

8. Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş təsərrüfatbaşına kitablardan çıxarış.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2024cü il tarixli **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətçilərdən X4 adının mülkiyyətçilər siyahısından çıxarılması və həmin şəxs olmadan İddiaçı və X1 adına Çıxarışın verilməsinə nail olmaqdır. Məhkəmə hesab edir ki,iddia mümkünlük şərtinə cavab verir.Belə ki,iddia tələbinin mahiyyəti şəxsin mülkiyyətçilər sırasından çıxarılması və ona məxsus torpaq sahəsi üzərində özünün və X1 mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Aydındır ki,iddiaçı aqrar islahatın nəticəsində X4 ümumibirgə mülkiyyətçilər sırasına əlavə edilməsini deyil, cavabdeh inzibati orqanın Qax Rayon Qaxingiloy kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair X4 ümumibirgə mülkiyyət hüququnun qeydiyyatına əsas olan faktiki hərəkətini mübahisələndirir. İddiaçı, X4 adının texniki səhv nəticəsində sözügedən Şəhadətnamədə qeyd edilməsini bildirir. İddiaçı X7lə heç bir qohumluq əlaqəsinin olmamasını qeyd edərək həmin şəxsin adının mülkiyyətçilər sırasına yalnışlıqla qeyd edildiyi təəsüratı yaratmağa çalışsa da, məhkəmə araşdırması nəticəsində X4 aqrar islahat aparılan zaman torpaq sahəsi ayrılmış subyektlərdən biri olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənəd olan JN- 236F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tədqiq edilmişdir.Araşdırma nəticəsində müəyyən edilmişdir ki,X2 Andreyevna,X8 və X4 adları qeyd edilmiş və Qax Rayon Qaxingiloy kəndində yerləşən 0,10 ha torpaq sahəsi onların ümumibirgə mülkiyyətə verilmişdir. Həmin Şəhadətnamənin verilməsinə əsas olan Qax RAİK-in xx.xx.2003-cü il tarixli,01 saylı Qərarı ilə təsdiq edilmiş Qax rayon Qaxingiloy kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarışda X6,X8 və X4 adları qeyd edilmişdir. Qax Rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000,2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablardan da görünür ki, həmin şəxslərin birgə təsərrüfat aparması təsdiq olunur.Bu əsasla da aqrar islahat zamanı Qax Rayon Qaxingiloy kəndində yerləşən 0,10 ha torpaq sahəsi onların ümumibirgə mülkiyyətinə verilmişdir. Qax Rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, X7 X8 ilə qeyri-rəsmi nikah münasibətində olmuşdur. Göründüyü kimi X4 adının sözügedən Şəhadətnaməyə daxil edilməsi hər hansı texniki səhv nəticəsində deyil, rayon aqrar islahat komissiyasının qərarı ilə ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Odur ki, o, hazırkı iddiaçılarla bərabər sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir və onun adının həmin Şəhadətnamədə qeyd edilməsi texniki səhv olaraq qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərdən biri olan şəxsin adı nəzərə alınmadan həmin torpaq sahəsinə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. Bu baxımdan da cavabdeh tərəfindən verilmiş imtina əsaslı olduğundan aşağıdakı normalara əsasən iddia rədd olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; .... 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...

2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda səhvən yazılmış X4 adının mülkiyyətçilər siyahısından çıxarılması və həmin şəxs olmadan İddiaçı və X1 adına Texniki pasport və Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar