Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1228/2022 28.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1961-ci il tarixində ölməyini müəyyən edən 05 avqust 1961-ci il tarixli, 17 №-li akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1961-ci il tarixində ölməyini müəyyən edən 05 avqust 1961-ci il tarixli, 17 №-li Akt Qeydinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı sağ olmasını və barəsində tərtib edilmiş ölüm haqqında akt qeydinin düzgün olmamasını bildirərək müvafiq akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ilkin akt qeydinin məhkəmə qərarı ilə ləğv olunmasının mümkün olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE 08499963 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer – Yevlax rayonu Malbinəsi kəndi qeyd edilmişdir. - Yevlax rayon İHB-nın Malbinəsi kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 59 №-li arayışında qeyd edilmişdir ki, iddiaçı malbinsə kənd sakinidir, hal-hazırda yaşayır və sağdır. - Cavabdeh xx.xx.2022-ci il tarixli 113 №-li arayışından görünür ki, İddiaçı xx.xx.1961-ci ildə ölməsi, bu barədə ölüm haqqında xx.xx.1961-ci il tarixli 17 №-li akt qeydi tərtib olunması, ölümün səbəbi – suda boğulma, öldüyü yer Yevlax rayonu Malbinəsi kəndi, ölümün qeydə alındığı yer – Yevlax rayonu Malbinsəi İN göstərilmişdir. - Yevlax RPŞ-nin iddiaçı barəsində tərtib edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, iddiaçının xx.xx.1959-cu ildə doğulması, Malbinsəi kəndində yaşaması, xx.xx.2010-cu il tarixdə şəxsiyyət vəsiqəsinin verilməsi barədə məlumatlar qeyd edilmişdir. - cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının ilkin müraciətindən və xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.1959-cu il tarixli 136 nömrəli doğum haqında akt qeydindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, atası X2, anası X1 qeyd edilmişdir. - xx.xx.1961-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə ölməsi, ölümün səbəbi – suda boğulma olması barədə qeydiyyat aparılmışdır. - xx.xx.1988-ci il tarixli 26 №-li nikah haqqında akt qeydindən görünür ki, iddiaçı ilə X4 arasında nikah bağlanmışdır. - xx.xx.1989-cu il tarixli 31 nömrəli və xx.xx.1990-cı il tarixli 17 nömrəli doğum haqqında akt qeydlərindən görünür ki, iddiaçının 1989-cu ilin fevral ayında X6 və 1990-cı ilin yanvar ayında X3 adlı övladları doğulmuşdur. - Əhalinin Dövlət Reyestri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, iddiaçının xx.xx.1961-ci il tarixdə ölməsi, xx.xx.2010-cu il tarixdə ona şəxsiyyət vəsiqəsi verilməsi, X5 ilə evli olması (həyat yoldaşı ölmüşdür), xx.xx.1989, xx.xx.1990-cı il tarixdə övladlarının doğulması barədə məlumatlar qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1959-cu ildə doğulmasına, xx.xx.1988-ci il tarixdə X4 ilə nikah bağlamasına, xx.xx.1989, xx.xx.1990-cı il tarixdə övladlarının doğulmasına və xx.xx.2010-cu il tarixdə ona şəxsiyyət vəsiqəsi verilməsinə baxmayaraq, xx.xx.1961-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmiş və onun xx.xx.1961-ci ildə ölməsi, ölümün səbəbi – suda boğulma olması barədə qeydiyyat aparılmışdır. İddiaçının bacı və qardaşlarına aid digər doğum akt qeydlərindən eyni ildə - 1961-ci ildə doğulan və vəfat edən digər uşağın olması müəyyən edilmir. İddiaçı barəsində Əhalinin Dövlət Reyestrindən əldə edilmiş məlumatlar işdə olan digər sübutlarla birgə tədqiq edilmiş və müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1961-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi tərtib edilməsinə baxmayaraq, ona xx.xx.2010cu il tarixdə ona şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının sağ olması yuxarıda məzmununa istinad edilmiş digər sənədlərlə sübut olunduğundan məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı xx.xx.1961-ci il tarixdə ölməyini müəyyən edən 05 avqust 1961-ci il tarixli, 17 №-li akt qeydi ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.