Məhkəmə qərarları › İş №2-1(116)-1228/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1228/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1228/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “5,35 ha olan torpaq sahəsinin 14 il müddətinə icarəyə verilməsinə dair 25 mart 2007-ci il tarixli Müqaviləyə əsasən torpaq üzərində olan hüquqlarının (icarə hüququnun) eyni müddətə dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan “Kərpic Sexi”nin yerləşdiyi Danaçı bələdiyyəsinə məxsus ümumi sahəsi 5,35 ha olan torpaq sahəsinin 14 il müddətinə icarəyə verilməsinə dair Zaqatala rayonu, Danaçı Bələdiyyəsi ilə aralarında bağlanmış “X3 Verilməsi Haqqında” 25 mart 2007-ci il tarixli Müqaviləyə əsasən torpaq üzərində olan hüquqlarının (icarə hüququnun) eyni müddətə yəni 25 mart 2035-ci ilədək dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 25 mart 2007-ci il tarixdə Zaqatala rayonu, Danaçı Bələdiyyəsi ilə arasında bağlanmış “X3 Verilməsi Haqqında” Müqaviləyə əsasən mülkiyyətində olan “Kərpic Sexi”nin yerləşdiyi Danaçı bələdiyyəsinin mülkiyyətinə aid 5,35 ha bələdiyyə torpaq sahəsi 14 il müddətinə ona icarəyə verilmişdir. Həmin Müqavilənin 2.3 və 2.4-cü bəndlərində nəzərdə tutulan icarə haqqı hər il müəyyənləşdirilmiş vaxtda iddiaçı tərəfindən ödənilmiş, müqavilənin şərtləri bugünədək pozulmamışdır. Həmin Müqavilənin müddəti 25 mart 2021-ci il tarixdə qurtarmışdır. Lakin, buna baxmayaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında Zaqatala rayonu, Danaçı Bələdiyyəsi tərəfindən heç bir təklif və ya bildiriş göndərilməmişdir. Bununla bağlı olaraq, əvvəlcə mülkiyyətində olan “Kərpic Sexi”nin yerləşdiyi Danaçı bələdiyyəsinə məxsus ümumi sahəsi 5,35 ha olan torpaq sahəsinin 14 il müddətinə icarəyə verilməsinə dair Zaqatala rayonu, Danaçı Bələdiyyəsi ilə arasında bağlanmış “X3 Verilməsi Haqqında” 25 mart 2007-ci il tarixli Müqavilənin eyni müddətə bağlanmış hesab edilməsini, o cümlədən “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsini nəzərə alınaraq, həmin torpaq üzərində olan hüquqlarımın (icarə hüququ) dövlət reyestrində qeydiyyata alınmasına köməklik edilməsi iüçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-Ə-0056-8/2023 nömrəli məktubu ilə “X3 verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqavilənin müddəti bitdiyi üçün həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Əliyev X2 rayonu Danaçı bələdiyyəsinə məxsus 5,35 ha torpaq sahəsinə dair icarə müqaviləsinin eyni müddətə bağlanmış hesab edilməsini və həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “X3 verilməsi haqqında” 14 (on dörd) il müddətinə bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin müddəti bitdiyi üçün həmin müqavilənin eyni müddətə bağlanılmış hesab edilməsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “X3 verilməsi haqqında" xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin müddəti bitdiyi üçün həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması mümükün deyildir. Buna görə də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçya 01.11,2023-cü il tarixli, 3-21-3-47/2-Ə-0056-8/2023 (**********21) nömrəli məktub ünvanlanmışdır. Mübahisəli daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlər isə ərazi idarəsində aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Zaqatala rayonu Danaçı bələdiyyəsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubları, X3 verilməsi haqqında xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Danaçı bələdiyyəsinə məxsus ümumi sahəsi 5,35 ha olan torpaq sahəsi üzərində 25 mart 2035-ci ilədək icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinə istinad edərək bildirir ki, Danaçı bələdiyyəsi ilə 25 mart 2007-ci il tarixdə aralarında 14 il müddətinə “X3 verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında məsələ qaldırmadığından müqavilənin müddəti eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Buna görə də cavabdeh orqan icarə hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməlidir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə bələdiyyə mülkiyyətində olan X3 verilməsi məsələsinə sahəvi qanunvericilik aktı olan “Torpaq icarəsi haqqında” Qanunun müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Sözügedən Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. İddiaçının istinad etdiyi “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndində müəyyən olunmuş norma ümumi xarakterlidir. Həmin maddənin məzmununda qeyd edilir ki, icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüsü 5.35 ha olmaqla Zaqatala rayonu, Danaçı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisidir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən ... bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin tələbinə görə bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci cümlə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Göründüyü kimi qanunvericilik bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yaranması üçün fərqli tənzimləmə qaydası müəyyən etdiyindən “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin müddəalarının hazırkı mübahisəyə tətbiqi yolverilməzdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli X3 verilməsi haqqında müqavilədən görünür ki, sözügedən torpaq sahəsi iddiaçının icarəsinə kərpiç sexinin və köməkçi tikililərin yerləşməsi məqsədilə verilmişdir (1.3-cü bənd). “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Qanun: İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qanunvericilikdə bələdiyyə torpaqlarına münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsinin icarə müqaviləsinin uzadılmasının iki fərqli qaydası müəyyən edilmişdir. Belə ki, istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə icarəyə verilən torpaq sahələrinin icarə müqaviləsinin uzadılmasının açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən həyata keçirilməsi qeyd edilmişdir. Sözügedən torpaq sahəsi iddiaçının icarəsinə məhz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə verildiyindən həmin torpaq sahəsinə münasibətdə icarə müqaviləsinin uzadılması üçün açıq torpaq hərracı və ya müsabiqəsinin keçirilməsi zərurəti yoxdur. Lakin, yuxarıda qeyd edildiyi kimi bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən iddiaçı, icarə müqaviləsinin uzadılması ilə bağlı qəbul edilmiş müvafiq inzibati aktın cavabdeh orqana təqdim edilməsi öhdəliyi daşıyır. Belə ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Belə ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının icarə hüququnun uzadılması ilə bağlı bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan “Kərpic Sexi”nin yerləşdiyi Danaçı bələdiyyəsinə məxsus ümumi sahəsi 5,35 ha olan torpaq sahəsinin 14 il müddətinə icarəyə verilməsinə dair Zaqatala rayonu, Danaçı Bələdiyyəsi ilə aralarında bağlanmış “X3 Verilməsi Haqqında” 25 mart 2007-ci il tarixli Müqaviləyə əsasən torpaq üzərində olan hüquqlarının (icarə hüququnun) eyni müddətə yəni 25 mart 2035-ci ilədək dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar