Məhkəmə qərarları › İş №2-1(116)-1229/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1229/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1229/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı adına 31.03.2004-cü il tarixli JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin sənəddə göstərilmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998ci il tarixli 41 nömrəli qərarına əsasən, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin, DWG məlumatlarının təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə yazılı sorğu verərək ********** nömrəli cavab almışdır. Həmin cavabda göstərilmişdir ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş elektron baza məlumatlarında sözügedən Şəhadətnamə barədə məlumat aşkarlanmadı. Bundan sonra cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmiş və 29.06.2021-ci il tarixli **********72 nömrəli məktubla bildirmişdir ki, həmin JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi Ərazi İdarəsinin kadastr elektron baza məlumatlarında və DWG xəritəsində bələdiyyə torpağı kimi işarələnmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi onun mülkiyyətində olduğuna görə onun mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Cavabdeh iddianı qəbul etməmiş və 27.08.2021-ci il tarixli **********62 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarına əsasən, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarından görünür ki, həmin qərarla S.Vurğun adına Uİ və EM-si yerli aqrar islahat komissiyasının 07.08.1998-ci il tarixli 12 nömrəli, Xətai adına kolxoz yerli aqrar islahat komissiyasının 29.07.1998-ci il tarixli 6 nömrəli protokollarının təsdiq edilməsi və s. qərara alınmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdehə yazılmış ********** nömrəli məktubdan görünür ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş elektron baza məlumatlarında JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" barədə məlumat aşkarlanmamışdır. - İşdə olan, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialının 16.08.2021-ci il tarixli 79 nömrəli məktubundan görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Şəadət kəndi üzrə nümayəndəliyinin İ Ərəbcəbirli kəndinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitabları yoxlanılarkən İddiaçı adına heç bir təsərrüfat qeydi aşkar edilməmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olması tələb olunur. Lakin müəyyən edildi ki, iddiaçının adına olan JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,18 ha torpaq sahəsinin torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmənin 06.08.2021 tarixli sərəncamı ilə həmin 0,18 ha torpaq sahəsinin 1996-cı ildə, yaxud ondan əvvəl iddiaçının istifadəsinə verilməsini təsdiq edən qərar və ya digər sənədin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, o, məhkəməyə göndərdiyi 17.08.2021-ci il tarixli ərizəsində torpaq sahəsinin 1996-cı ildə və ondan əvvəl onun istifadəsində olmadığını və belə bir sənədin mövcud olmadığını bildirmişdir. Hətta Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialının 16.08.2021-ci il tarixli 79 nömrəli arayışı ilə müəyyən edildi ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Şəadət kəndi üzrə nümayəndəliyinin İ Ərəbcəbirli kəndinin 1991-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında İddiaçı adına heç bir təsərrüfat qeydi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli **********99 nömrəli məktubu ilə müəyyən edildi ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı yoxdur. Göründüyü kimi, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,18 ha həyətyanı torpaq sahəsinin torpaq islahatından əvvəl iddiaçının istifadəsinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Deməli, həmin torpaq sahəsi islahatdan əvvəl iddiaçının qanuni istifadəsində olmamışdır. Faktiki istifadəsində olmuş olsa belə, bu istifadə qanuni sayılmır. Belə olan halda, həmin torpaq sahəsi "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq iddiaçının mülkiyyətinə verilə bilməzdi. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi veriməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özü-özlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi üçün qanuni əsaslar olmamışdır. Beləliklə, sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,18 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A nömrəli kod 40814028 olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar