Məhkəmə qərarları › İş №2-1(116)-123/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-123/2020

13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-123/2020 13.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixdə Qax rayonunun Əlibəyli kəndində anadan olmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixə kimi Gürcüstan SSR-nin 63 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır. 1973-cü ildən 1999-cu ilədək Qax rayonunun Əlibəyli kəndinin Çaparidze adına kolxozunda işləmişdir. O, yaşının 63 yaş 06 ay tamam olduğu üçün xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə ƏƏSMN yanında Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda 1973-cü ildən 1999-cu il tarixədək kolxozdakı iş stajının əmək kitabçasına qeyd edilmədiyi və təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında Dövlət Sosial X4 rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Şöbə tərəfindən ona göndərilmiş məktubda onun kolxozdakı fəaliyyətinin 21 il 06 ay olduğu, lakin əmək kitabçasının olmadığı üçün məhkəmə qərarı ilə təsdiq olunandan sonra sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünlüyü bildirilmişdir. Təhsil aldığı 01 il 10 ay müddət sosial sığorta stajına daxil edildikdə onun 02 il hərbi xidmət dövrü və 21 il 06 ay kolxozdakı stajı ilə birlikdə ümumilikdə müəyyən olunan sosial sığorta stajı 25 il 04 ay olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ verir. İddiaçı xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Qax rayonunun Əlibəyli kəndində yaşayan İddiaçı 26 dekabr 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün Nazrlik yanında Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə şöbənin pensiya sektorunda baxılıqdan sonra ona mövcud qanunvericiliyin tələblərinə görə əmək pensiyasının təyin olunması üçün əmək fəaliyyəti haqqında sənədin əmək kitabçası hesab edildiyi, eləcə də əmək stajının şəxsin əmək kitabçası əsasında müəyyən olunduğu və əmək kitabçası təqdim edə bilmədiyinə görə Qax rayonunun Əlibəyli kəndinin Çaparidze adına kolxozunda işlədiyi illərin onun sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliksının Qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarından sonra mümkünlüyü barədə ona müvafiq məlumat verilmişdir. İddiaçı sosial sığorta stajı, 23 il 06 ay Qax rayon Dövlət Arxivindən verilmiş arayış əsasında hesablanan Qax rayonunun Çaparidze adına kolxozunda işlədiyi dövr və 02 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 25 il 06 ay müəyyən edildiyindən eyni zamanda qeyd edildiyi kimi sosial sığorta stajı mövcud qanunvericilyin tələbinə uyğun olaraq məhkəmə qərari ilə təsdiq olunduqdan sonra qanunvericiliklə nəzərdə tutulan 63 yaş 06 ay yaş həddinin tamam olduğu 29 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********7 nömrəli etirazı, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2018-ci il tarixli 2014 nömrəli arayış, Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı, xx.xx.2019-cu il tarixli 39/2 nömrəli məktubu, 388 nömrəli attestatın təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. İşdə olan DSMF-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisiləndirilməyən əmək stajı 23 il 06 aydır. Məhkəmə qərarı ilə 1973- 1998-ci illərdə işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərsə qanunvericiliklə nəzərdə tutulan 63 yaş 06 ay yaş həddinin tamam olduğu 29 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü iltarixədək təhsil alması, 1973-cü il tarixdən 1998-ci il tarixədək işləməsi 388 nömrəli attestatın təsdiqlənmiş surəti və Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2018-ci ildə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinin üzərinə İddiaçı “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar