Məhkəmə qərarları › İş №2-1(116)-123/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-123/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-123/2022 25.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, üçüncü şəxslərin vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X5, X18, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə X18, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X18, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışı fərdi yaşayış evinə münasibətdə X18, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququnun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının nənəsi X5 11.12.2007-ci ildə Yevlax rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş ikiotaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. C.Allahverdiyeva 07.06.2007-ci ildə vəfat etmişdir. O vəfat etməzdən əvvəl iddiaçı ailə qurmuş və Türkiyə Respublikasına köçmüşdür. Bu səbəblə nənəsinin ölümündən xəbəri olmamış və 05.04.2021-ci ildə Xanabad kənd İcra nümayəndəliyindən vəsiyyətnamənin surətini götürdükdən sonra bundan məlumatlı olmuşdur. İddiaçı nənəsindən qalmış miras əmlakı sənədləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin ona məlum olmuşdur ki, JN-203F nömrəli şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində X5, X18, X11, X12, X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblə iddiaçı həmin şəxslərin adına çıxarışın onlara aid hissədə ləğv olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. İş üzrə üçüncü şəxslər İldırım Məmmədov, Fəridə Məmmədova və Rəhimə Məmmədova 12.08.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, X23 onlara məxsus daşınmaz əmlakın çıxarışının ləğvi barədə məhkəməyə iddia tələbi sürmüşdür. İddiaçı öz ərizəsində üçüncü şəxslərə məxsus evin, həyətyanı sahənin və digər ev əşyalarının üçüncü şəxslər tərəfindən qanunsuz mənimsənildiyini iddia edir. Əlində mötəbərliyi sübut olmayan X2 iddiaçının adına verilmiş vəsiyyətnamənin surətinə istinad edərək, ********** qeydiyyat nömrəli 07 yanvar 2019-cu il tarixli üçüncü şəxslərin adına olan mülkiyyətin ləğvi tələbi irəli sürmüşdür. Üçüncü şəxslər məlumat üçün bildirirlər ki, ailə üzvləri ilə birlikdə daimi yuxarıda göstərilən ünvanda yaşamışlar. Amma nənəsi Cəmilə vəfat edəndən bir müddət sonra Dəmirbay Leyla tərəfindən göndərilmiş müxtəlif adamlar onları narahat etməyə başlamışlar. Sonra C.Allahverdiyevanın guya iddiaçıya verdiyi vəsiyyətnaməyə arxalanaraq onları evdən çıxmağa məcbur etmək istədilər. Nənəsi evdə xəstə yatanda və vəfat edəndə harada olduğu məlum olmayan Leyla, indi haradansa vəsiyyətnamə surəti əldə edərək məhkəməyə çıxarışın ləğvi tələbini irəli sürüb. Onun əlində olan vəsiyyətnamənin mötəbərliyinə üçüncü şəxslərin şübhəsi var. Məhkəmənin 13.04.2022-ci il tarixli 2-1(116)-123/2022 nömrəli qərardadı ilə X18, X11, X12 və X17 iş üzrə məhkəmə icaatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Yevlax ŞİH 07.04.2022-ci il tarixli 508 nömrəli məktubuna əlavə olunmuş 11.12.2007-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş ikiotaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə Yevlax ŞİH başçısının Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsi Hacıyev Ş.H. tərəfindən təsdiq olunmuş və reyestrdə 26 nömrə ilə qeyd edilmişdir. 905550 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X5 07.06.2018-ci il tarixdə vəfat etmişdir. 571495 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X20 arasında nikah 12.04.2010-cu ildə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin 08.07.2021-ci il tarixli **********05 nömrəli məktubuna əlavə olunmuş JN-203F kod 90102068 nömrəli şəhadətnamnin təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon AİK-nın 20.12.1997-ci il tarixli 26 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X5, X18, X11, X12, X13 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin 08.07.2021-ci il tarixli **********05 nömrəli məktubuna əlavə olunmuş RX seriyalı ******* nömrəli 07.01.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Xanabad kəndində yerləşən 0,06 ha torpaq sahəsi X5, X18, X11, X12, X10 ümumi birgə mülkiyyətindədir. Torpaq və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli ilə 07.01.2019-cu il tarixdə qeydə alınmışdır. X27 filialının 14.03.2022-ci il tarixli 21/10 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabının 21-ci səhifəsinin 1094 saylı qeydinə əsasən 1954cü il təvəllüdlü X14 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatda olan ailə üzvülərinin siyahısı aşağıdakı kimi qeyd olunmuşdur. X14 - təsərrüfat başçısı, təvəllüd tarixi 1954-cü il, 1993-cü ildə vəfat edib; X3 – anası, təvəllüd tarixi 1920-ci il; X24 - həyat yoldaşı, təvəllüd tarixi 25.01.1969-cu il; X11 – oğlu, təvəllüd tarixi 08.06.1986-cı il; X12 – qızı, təvəllüd tarixi 23.08.1987-ci il; X17 – oğlu, təvəllüd tarixi 18.06.1991-ci il. Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair təsərrüfat kitabında X15 və övladlarının ərazidə yaşamadıqları qeyd olunmuşdur. Sənəddə həmin təsərrüfatın şəxsi istifadəsində olan torpağın miqdarı 0,06 (altı sot) ha yazılmışdır. 2006-2010-cu ilin təsərrüfat kitabında təsərrüfatın xüsusi mülkiyyətində olan torpağın ümumi sahəsi 0,32 ha, bundan 0,06 hektarı həyatyanı torpaq sahəsi 0,28 hektarı çöl torpağı kimi yazılmışdır, yaşayış evinin ümumi sahəsi 64 kv.m, yaşayış sahəsi 48 kv.m, evin tikildiyi tarix 1974-cü il yazılmışdır. Yevlax ŞİH başçısının Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsinin 30.03.2022-ci il tarixli 05 nömrəli məktubunda qeyd olunur ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən X21 2014-cü il dekabr ayının 15-dən işdən azad olunmuşdur. Hal-hazırda da Yevlax rayonu Ərəbbəsrə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində işləmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh torpaqğın mülkiyyətə verilməsinə dair JN-203F nömrəli şəhadətnamə əsasında üçüncü şəxslərin və iddiaçının mərhum nənəsinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış, üçüncü şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu X3 ilə birlikdə qeydə almışdır. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində X27 filialının 14.03.2022-ci il tarixli 21/10 nömrəli məktubunda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında 1954-cü il təvəllüdlü X14 təsərrüfat başçısı kimi yazılmış, o 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra anası X4 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan həyat yoldaşı və övladlarının adları təsərrüfatbaşına kitablarda qeyd olunmaqda davam etmişdir. Beləliklə cavabdeh mübahisəli çıxarışın verilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmamış, inzibati orqanın daşınmaz əmlakın qeydiyyatı ilə bağlı üzərinə düşən vəzifələri icra etmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi vəsiyyətnamə iddiaçıya hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ona subyektiv mənada hüquq tanısa da, çıxarışı mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə evin məhz X2 adına tam pay hüququ əsasında məxsus olması faktı iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X5, X18, X11, X12, X10 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə X18, X11, X12 və X10 ümumi birgə mülkiyyət hüququna münasibərdə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar