Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-123/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, 09 mart 1996-cı ildə Şəki rayonunda anadan olmuşdur. X1r. Atası ilə anasının nikahı olmadığından anasının soyadını daşıyır. X22 rayonu Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə digər 5 nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuşdur. Ancaq ona pay torpağı verilməmişdir. X16 Komissiyası ləğv olunmuş, onların səlahiyyətlərini həyata keçirən orqan yoxdur. X21 İslahat Komissiyası ləğv edilərkən onun hüquqi varisi müəyyənləşdirilməmişdir. Dəfələrlə Şəki rayon İcra hakimiyyətinə, Şəki rayon Turan qəsəbə Bələdiyyəsinə pay torpağı ilə əlaqədar müraciət etmişdir. Ancaq onun payını verməmişlər və bildirmişlər ki, bələdiyyə balansında əkin sahəsi yoxdur. O, bələdiyyə torpağından deyil, dövlət torpağından pay torpağının verilməsini istəyir. Əgər bu mümkün deyilsə, onun payına düşməli olan 2.48 ha torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına yatırılmasını xahiş edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Al: Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci ilş tarixli 2-1(102)-1203/2021 saylı qərarı ilə iddia tələbi qeyri-mümkün sayılaraq göstərilmişdir: “bununla yanaşı nəzərə alaraq ki, rayon və yerli aqrar islahat komissiyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərirdi, belə olduğu təqdirdə iddiaçı sözügedən pul kompensasiyasının alınması üçün Şəki rayon İcra Hakimiyyətinə müraciət etmək hüququna malikdir, Maliyyə Nazirliyi isə hazırki iddia tələbi üzrə cavabdeh ola bilməz”. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “Şəki rayonunda anadan olduğunu” bildirsə də, Şəki rayonunun hansı kəndində, hansı qəsəbəsində anadan olduğunu qeyd etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “həmin vaxt onun adım ailə üzvlərinin siyahısında olmuşdur, ancaq ona pay torpağı verilməmişdir”. İddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçının valideynlərinin rəsmi nikahı olmamışdır, yəni onun adının o zaman ailə üzvlərinin siyahısına daxil edilməsini təsdiq edən hüquqi sənəd yoxdur. Onun adının ailə üzvlərinin siyahısında olduğu halda ona pay torpağının verilməməsini qeyd edir. Lakin iddiaçı iddia ərizəsində ona pay torpağının verilməməsinin səbəbini aydınlaşdırmır. Torpaq islahatının yerlərdə yaradılmış yerli aqrar isianat komissiyaları həyata keçirmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aqrar islahat komissiyalarının ləğv edildiyini, lakin onun hüquqi varisinin müəyyənləşdirilmədiyini qeyd edir. xx.xx.1996-cı il tarixdə Şəki rayonunun Turan qəsəbəsində anadan olmuş İddiaçı torpaq islahatı zamanı pay torpağı verilməməsinə görə Cavabdeh heç bir hüquqi məsuliyyət daşımır. Torpaq islahatı zamanı iddiaçıya qanunvericilikdə nəzərdə tutulan pay torpağının verilməməsinin səbəbləri aydın olmadığından və iddiaçının ailə üzvlərinə pay torpağının verilməsi prosesindən 20 ildən artıq müddət keçdiyindən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 257676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. X3, anası X5r. - JN-0024 kod 40401027 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən müəyyən edilir ki, Şəki AİK-nın xx.xx.1998-ci il tarixli 59 saylı Qərarı ilə kənd təsərrüfatı təyinatlı 14.89 hektar torpaq sahəsi X2 və onun ailə üzvlərinin (X10, X8, X11, X12, X9) mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********52 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilən “General M.Əsədov” qəsəbəsində (Turan qəsəbəsi) xx.xx.1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahı”sında X2 və onun ailə üzvlərinin (X10, X8, X11, X12, X9) adları qeyd edilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İş materiallarından görünür ki, hazırkı inzibati mübahisənin yaranmasına səbəb Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə Pərvanə Ramazanovaya verilmiş 14,89 hektar torpaq sahəsindən iddiaçıya onun iddia etdiyi payın verilməməsidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi torpaq payı almaq hüququ olan şəxslərin siyahısında, həmçinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda iddiaçının adı qeyd edilməmişdir. İddiaçı, xx.xx.1996-cı il tarixdə anadan olduğundan, onun qanuni nümayəndələri (valideynləri) torpaq islahatı zamanı verilməli olan lakin, verilməmiş pay torpağının əldə edilməsi üçün “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsində qeyd olunan qayda vəsatət qaldırmaq və Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək imkanı olmuşdur. Buna baxmayaraq, ötən müddət ərzində həmin qərar mübahisələndirilməmiş və hazırda iddiaçı, ona verilməmiş pay torpağının əvəzinə cavabdeh orqandan müvafiq kompensasiyanın ödənilməsini tələb edir. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda pay torpağı verilməmiş şəxslərə həmin torpaq payının əvəzində pul kompensasiyasının verilməsi nəzərdə tutulmamışdır. Buna görə də cavabdeh orqanın hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuzluğu öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-123/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-123/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver